Azərbaycan üçün WUF13-ə ev sahibliyi milli transformasiya gündəliyimizin göstəricisidir. Biz ölkə üzrə genişmiqyaslı şəhər yenilənməsi həyata keçirir, şəhərləri modernləşdirir, yaşıl infrastrukturu genişləndirir, mənzil təminatını yaxşılaşdırır, iqlim dayanıqlılığını gücləndirir və daha ağıllı, inklüziv icmalar qururuq.
Trend xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində baş tutan rəsmi bağlanış mətbuat konfransında deyib.
A.Quliyev vurğulayıb ki, azad edilmiş ərazilərdə isə dünyada ən ambisiyalı yenidənqurma layihələrindən biri həyata keçirilir:
“Şəhər və kəndlər dayanıqlılıq, ağıllı planlaşdırma və insan ləyaqəti prinsipləri əsasında yenidən qurulur. Azərbaycan öz maliyyə resursları və milli potensialı hesabına Böyük Qayıdış proqramı çərçivəsində 12 şəhər və 300-dən çox kəndi sıfırdan inşa edir və keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışını təmin edir. Hazırda 110-a yaxın şəhər, qəsəbə və kənd üzrə baş planlar artıq təsdiqlənib, digər yaşayış məntəqələri üzrə planlar isə hazırlanmaqdadır”.