2020-ci ilin iyunun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan- Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər başlanır. Döyüşlər zamanı Ordumuzun əsgər və zabitlərinin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən erməni dığaları geri çəkilməyə məcbur olurlar.
Təəssüf ki, o gün öz doğma Vətənini qoruyan Azərbaycan Ordusu da itki verib. Masallı rayonunun Ərkivan qəsəbə sakini, 1976-ci il təvəllüdlü mayor Anar Gülverdi oğlu Novruzov da tarix yazan qəhrəmanların sırasındadır. Vətən, torpaq sevgisi ilə şəhidlik zirvəsinə ucalan Anar masallılılar tərəfindən heç vaxt unudulmur, adı həmişə iftixarla, qürurla çəkilir.
Bu günlərdə isə Masallı Gənclər evi SXM-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı sayəsində şəhid mayor Anar Novruzovun xatirəsinə həsr olunmuş gənclər arasında güllə atıcılığı üzrə Masallı rayon turniri baş tutub.
Turnirin əvvəlində Vətən uğrunda canını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra yarışın başlandığı bildirilib. Gənc oğlan və qızlar öz bacarıqlarını nümayiş etdirərək yüksək rəqabət şəraitində mübarizə aparıblar.
Turnirin yekununda qalib gəlib I, II və III yerləri tutan gənclər Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyini üzvü