Şabran rayonu, Rəhimli kəndində yerləşən “Bağçalı” hotelinin fəaliyyəti dayandırılıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətindən verilən məlumata görə, hoteldə keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
Belə ki:
- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;
- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib və daxili yanğın kranları nasazdır;
- obyektin mətbəxində tavan hissələri yanar material olan lambirlə üzlənilib;
- yanğınsöndürmə avtomobillərinin yanğın su hovuzuna sərbəst yan alaraq su götürməsi üçün hovuz bərk örtüklü müvafiq meydança ilə təmin edilməyib, hovuza yaxınlaşmaq üçün hərəkət istiqamətini göstərən müvafiq lövhə quraşdırılmayıb:
- obyektin qazanxana və nasosxana otaqlarına yanar materiallar yığılıb;
- taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;
- yanğın zamanı insanların təxliyəsi üçün köçürmə planı tərtib olunmayıb;
- obyektin tüstü bacası təmizlənməyib;
- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.
Qeyd olunanları nəzərə alaraq Şabran rayonu, Rəhimli kəndində yerləşən “Bağçalı” hotelinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
ZÜMRÜD