Rusiyada Azərbaycanın Uraldakı diasporunun keçmiş rəhbəri Şahin Şıxlinskinin cəza müddəti 24 ilə qədər artırılıb, onun oğluna isə hüquq-mühafizə orqanları əməkdaşına hücu işi üzrə 8 il həbs cəzası verilib. Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.
Yekaterinburqun Kirov rayon məhkəməsinin hakimi Aleksandra Yevladova Şahin Şıxlinskini ciddi rejimli cəzaçəkmə müəssisəsində 24 il, onun oğlu Mutvali Şıxlinskini isə ümumi rejimli cəzaçəkmə müəssisəsində 8 il müddətinə azadlıqdan məhrum edib.
Məhkəmə hər iki şəxsi ötən yay diaspor rəhbərinin saxlanılması zamanı hüquq-mühafizə əməkdaşına qarşı zor tətbiq etməkdə (Cinayət Məcəlləsinin 318-ci maddəsinin 2-ci hissəsi) təqsirli bilib.
Dövlət ittihamçısı Şahin Şıxlinski üçün ciddi rejimli koloniyada 24 il, onun oğlu və icma sədrinin müavini Mütvəli Şıxlinski üçün isə ümumi rejimli koloniyada 9 il cəza tələb etmişdi.
Xatırladaq ki, ötən ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları həlak olublar. Digər Səfərovlar və bir neçə həmyerlimiz məhkəmənin qərarı ilə həbs olunublar. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət ittihamları irəli sürülüb. Daha sonra Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski saxlanılıb.