çərşənbə günü, 27 may 2026
     

Elmə, insan sağlamlığına və cəmiyyətə xidmətin parlaq nümunəsi

Image


XX əsr xalqımızın tarixində yalnız mühüm siyasi və ictimai dəyişikliklərlə deyil, həm də çox böyük elmi-intellektual yüksəlişlə yadda qalmışdır. Məhz bu dövrdə ölkəmizdə müxtəlif elm sahələri sürətlə inkişaf etmiş, cəmiyyətin ictimai şüuruna ciddi təsir göstərən nüfuzlu alimlər nəsli formalaşmışdır.

Belə bir yüksəliş Azərbaycan tibb elminin inkişafında da əhəmiyyətli nəticələr yaratmış, Azərbaycan tibb məktəbi tədricən formalaşaraq nəinki ölkə daxilində, beynəlxalq elmi dairələrdə də tanınan mütəxəssislər yetişdirmişdir. Onkologiya istiqamətində aparılan tədqiqatları və əldə olunan elmi nəticələri bu baxımdan xüsusi qeyd etmək istərdik. Qısa müddətdə bu sahədə formalaşan elmi potensial nəticəsində Azərbaycan onkoloqları həm praktiki tibbdə, həm də fundamental tədqiqatlarda mühüm uğurlara imza atmışlar.

Ötən əsrin 70-80-ci illərində Azərbaycan onkologiya məktəbinin formalaşmasında və sonrakı inkişafında mühüm rol oynamış alimlər nəslinin parlaq nümayəndələrindən biri də Azərbaycan Respublikasının Prezidentinin Xüsusi Tibb Xidmətinin rəisi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Cəmil Əziz oğlu Əliyevdir.

Dünyanın nüfuzlu onkoloji elmi cəmiyyətləri ilə sıx əməkdaşlıq edən Cəmil Əliyev uzun illərdir ki, həm elmi tədqiqatların inkişafına, həm də onkologiya sahəsində müasir tibbi yanaşmaların tətbiqinə mühüm töhfələr verir. Onun fəaliyyəti Azərbaycan elminin beynəlxalq miqyasda tanınmasına xidmət edən ən parlaq örnəklərdəndir.

Həyat hekayəsi

Elə insanlar var ki, yaşadıqları ömür cild-cild kitablara sığan maraqlı həyat hekayəsidir. İnsanlar yaşayır, illər bir-birini əvəz edir, zaman sakitcə irəliləyir. Akademik Cəmil Əliyev kimi şəxsiyyətlərin həyat yolu isə təkcə fərdi taleyin deyil, xidmət göstərdikləri sahənin tarixinin bir parçasına çevrilir. Belə insanların illəri yalnız yaş göstəricisi sayılmır, həm də zəhmət, nailiyyət və yaradıcılıqla zəngin bir salnamə kimi dəyərləndirilir. Bu ilin 30 martında 80 illik yubileyi tamamlanan alim həmkarım Cəmil Əliyev məhz belə şəxsiyyətlərdəndir.

Böyük alimləri də tarixdə nəcib izlər qoymuş bütün böyük şəxsiyyətlər kimi əhatə olunduqları mühit yetirir. O da əsl ziyalı mühitinin yetirməsidir. Cəmil müəllimin bitib-tükənməyən enerjisi, yüksək iş qabiliyyəti, yaradıcı fəallığı, insanlara qarşı münasibəti, eyni zamanda çevik görünüşü artıq ömrün illərini ifadə edən 80 rəqəmini bəzən sanki arxa plana keçirir. Amma ötən onilliklər ərzində qazandığı uğurlar, elmi fəaliyyətində topladığı nailiyyətlər bu yaşın arxasında dayanmış böyük həyat yolunun və zəhmətin də rəmzidir.

İnsan ömrünün müdriklik çağında gənclik dostları ilə münasibətlərin qorunub saxlanması xüsusi bir sevinc gətirir. Onlarla hər görüş, hər söhbət keçmiş xatirələri vərəqləyir, bu gün görülən işlərə qiymət verməyə, sabaha ümidlə baxmağa imkan yaradır. Belə məqamlarda adama elə gəlir ki, illər o qədər də uzağa getməyib; sanki yenə ilk tanış olduğun gənclik çağındasan. Cəmil Əliyev də mənim həyatımda belə dostlardandır. Məhz buna görə Cəmil müəllimlə hər görüş, hər ünsiyyət xoş bir bayram kimi gəlir.

Uzun illərdən bəri tanıdığım alim

Cəmil Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunun 1968-ci il məzunlarındandır. Ali təhsilini başa vurub həkim kimi fəaliyyətə başladıqdan sonra bir müddət o, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun onkologiya kafedrasında baş laborant kimi çalışdı. Həmin kafedraya Azərbaycanın tanınmış onkoloqlarından professor Arif Abbasov rəhbərlik edirdi. Arif müəllim mənim də onkologiya sahəsində ilk müəllimlərimdən idi. Cəmil Əliyev öz elmi fəaliyyətinin ilk addımlarını məhz onun rəhbərliyi altında atırdı.

Bizim dostluğumuz da elə həmin illərdə, Cəmil müəllimin həmin kafedrada çalışdığı dövrdə başladı. O vaxt mən Bakı şəhər Kliniki Onkologiya Xəstəxanasının cərrahiyyə şöbəsinə rəhbərlik edirdim. Elmi fəaliyyətim və peşəkar planlarımla bağlı tez-tez professor Arif Abbasovun yanına məsləhət almağa gəlirdim. Bizim Cəmil müəllimlə tanışlığımız ustadımız Arif Abbasovun ətrafında formalaşan münbit elmi mühitdə baş tutdu. Professor qəfil vəfatı ilə hamımızı sarsıtsa da, yaratdığı elmi mühit, davamçıları arasında qurduğu qırılmaz münasibətlər zaman keçsə də, davam etdi.

Onda Cəmil Əliyev “Alt dodağın dərisinin və ağız boşluğunun selikli qişasının xərçənginin diaqnostika və müalicəsi” mövzusunda namizədlik dissertasiyası üzərində çalışırdı. Görüşlərimiz zamanı tez-tez elmi mövzularımız barədə fikir mübadiləsi aparardıq. Bu müzakirələr hər ikimiz üçün faydalı olurdu.

Həmin söhbətlərdə Cəmil müəllimin tədqiqat işinə necə məsuliyyətlə yanaşdığını, mövzunun ən xırda detallarını belə diqqətdən qaçırmamağa çalışdığını aydın görmək olurdu. Onun bu yanaşması zəhmətsevərliyindən, elmə dərin bağlılığından və yüksək enerjisindən qaynaqlanırdı. Buna görə də onun böyük elmə ilk addımları uğurla nəticələndi.

1973-cü ildə Cəmil Əliyev cəmi 25 yaşında namizədlik dissertasiyasını vaxtından əvvəl uğurla müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsini aldı. Bundan sonra isə elmi fəaliyyətini daha da inkişaf etdirmək məqsədilə Moskvaya – SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin doktoranturasına qəbul olunmaq qərarı verdi.

Moskva xatirələri

Cəmil müəllim təhsilini Moskvada davam etdirməyə başlayanda artıq mən də SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin aspiranturasına qəbul olunmuşdum. Beləliklə, Cəmil Əliyevlə Bakıdan başlayan ünsiyyətimiz Moskvada da davam etdi. 1974–1978-ci illərdə eyni elmi mərkəzdə bərabər çalışmağımız hər ikimiz üçün həm faydalı, həm də xoş bir mərhələ oldu. Bu illər həyatımızın ən yaddaqalan, mənalı dövrlərindən biri kimi yadda qaldı.

Cəmil Əliyev doktorluq dissertasiyası üçün “Dərinin melanoması və xərçəngi zamanı plastik cərrahiyyə əməliyyatları” mövzusunu seçmişdi. Onun elmi rəhbərləri bu sahədə SSRİ miqyasında tanınmış alimlər – akademiklər N.N.Bloxin və N.N.Trapeznikov idi. Belə nüfuzlu alimlərin rəhbərliyi altında aparılan tədqiqatlar Cəmil müəllimin alim kimi formalaşmasına əhəmiyyətli təsir göstərirdi.

Biz Ümumittifaq Onkoloji Elmi Mərkəzin yataqxanasında ailələrimizlə birgə yaşayırdıq. Hər birimizin ailəsində 2 körpə övlad böyüyürdü. Yaşadığımız yataqxana ilə iş yerimiz arasında uzun bir yol vardı. Yataqxana şəhərin kənarında yerləşirdi və ora nəqliyyat vasitəsi demək olar ki, işləmirdi. Bu səbəbdən hər gün həmin məsafəni piyada qət etməli olurduq.

Moskvanın sərt hava şəraiti bu yolu xüsusilə payız və qış aylarında daha çətin edirdi. Üstəlik, ailə və məişət qayğıları da həyatımızı müəyyən qədər ağırlaşdırırdı. O vaxtlar maddi imkanlarımız geniş deyildi. ÜOEM-də sıravi həkim-elmi işçi kimi aldığımız maaş ancaq gündəlik dolanışığa yetirdi. Buna baxmayaraq, gənclik enerjisi, gələcəyə böyük ümidlərimiz bizi qanadlandırırdı, bütün çətinlikləri unudurduq. Qəlbən inanırdıq ki, arzularımızdakı həyat ömrün davamındadır.

Bu çətin, amma eyni zamanda maraqlı günlərdə Cəmil müəllimin nikbinliyi və zarafatcıl təbiəti yol əhvalımızı yüksəldirdi. Onun yerində olan incə yumoru, şən ruhu bir çox çətinlikləri sanki görünməz edirdi.

Xarakterinə uyğun olaraq Cəmil müəllim heç vaxt asan yol axtarmağa, hansısa vasitələrlə işi yüngülləşdirməyə çalışmır, nəticələrin maksimumuna can atır, qarşısına çıxan çətinliklər onu qorxutmur, əksinə, daha qətiyyətli edirdi. Ən çətin vəziyyətlərdə belə nikbinliyini, iradəsini qoruyub saxlamağı bacarırdı. Heç vaxt ümidsizliyə qapılmırdı, əksinə, ətrafındakı insanları da daha çox çalışmağa ruhlandırırdı. Hələ o illərdə hiss olunurdu ki, Cəmil Əliyev böyük idealları və məqsədləri olan bir insandır. Gündəlik çətinliklər, məişət qayğıları onun geniş düşüncə dünyasının fonunda çox kiçik görünürdü.

Ailə ocağından gələn dəyərlər

Gənc yaşlarında bu qədər möhkəm xarakter formalaşdırması, dözümlülüyü və iradəsi ilə yanaşı, sadəliyi, səmimiyyəti və təvazökarlığı insanı heyran edirdi. Bu keyfiyyətlərin təsadüfi olmadığı dərhal sezilirdi. Onların kökü daha dərində – ailə tərbiyəsində və mənəvi mühitdə idi. Cəmil müəllimi böyüdən, ona həyat yolu göstərən ailənin daşıdığı əxlaqi dəyərlər şəxsiyyətində aydın şəkildə hiss olunurdu. Onun ailəsini və doğmalarını yaxından tanıyan biri kimi əminliklə deyə bilərəm ki, Cəmil Əliyevin bir ziyalıya və alimə xas ən gözəl xüsusiyyətlərinin qaynağı məhz həmin sağlam mənəvi mühitdən gəlir.

Cəmil müəllim Azərbaycanın görkəmli ictimai-siyasi xadimlərindən biri, ölkəmizdə səhiyyə sisteminin və tibb elminin inkişafında böyük xidmətləri olan, yüksək mənəvi keyfiyyətləri ilə seçilən əməkdar həkim Əziz Əliyevin və əsl Azərbaycan xanımına xas ən gözəl xüsusiyyətlərə malik Leyli xanımın ailəsində böyüyüb boya-başa çatmışdı. Belə bir ailə ocağında yetişən övladların hər biri sonradan öz sahələrində yüksək nüfuz qazanaraq ölkəmizin qürur mənbəyinə çevrildilər.

Cəmil müəllimin qardaşı tanınmış terapevt-alim, professor Tamerlan Əliyevdir. Bacılarından biri dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva, digəri isə Azərbaycanın ilk peşəkar rabitə mütəxəssislərindən əməkdar rabitəçi Dilbər xanım Əliyevadır. Həmçinin görkəmli oftalmoloq-alim Ləzifə xanım Əliyeva və əməkdar incəsənət xadimi, tanınmış musiqişünas Gülarə xanım Əliyeva da bu ziyalı ailəsinin cəmiyyətimizə bəxş etdiyi dəyərli şəxsiyyətlərdəndir. Onların hər biri ailədən aldıqları tərbiyə, mənəvi işıq və fitri istedadları sayəsində öz sahələrində yüksək peşəkarlıq zirvəsinə yüksəlmiş, Azərbaycanın ziyalı mühitində dərin izlər qoymuşlar. Belə bir mühitdə yetişən Cəmil Əliyevin də mənəvi saflığı, əməksevərliyi və elmə bağlılığı məhz həmin ailə ocağının verdiyi dəyərlərdən qaynaqlanır.

Onun Moskvada doktorluq dissertasiyası üzərində çalışdığı illər bu gün də yaxşı yaddaşımdadır. Seçdiyi mövzu o dövrün onkologiya elmi üçün kifayət qədər mürəkkəb və aktual problemlərdən hesab olunurdu. Bu mövzu yalnız nəzəri araşdırmalarla kifayətlənmirdi; geniş praktik materialların toplanmasını, müxtəlif regionlarda aparılan müşahidə və tədqiqatları tələb edirdi.

Cəmil müəllim gərgin iş qrafikinə, elmi fəaliyyətin çoxluğuna və üstəlik ailə qayğılarına baxmayaraq tez-tez keçmiş SSRİ-nin müxtəlif şəhərlərinə səfərlər edir, tədqiqatları üçün zəngin materiallar toplayırdı. Xüsusilə Tacikistan həmin dövrdə dəri xərçənginə daha çox rast gəlinən bölgələrdən biri sayıldığından, o, elmi ezamiyyətlərinin bir hissəsini məhz bu ölkəyə həsr etmiş və dissertasiya materiallarının əhəmiyyətli qismini oradan toplamışdı.

Düzünü desəm, həmin materialların toplanmasını başqa yollarla da təşkil etmək mümkün idi. Məsələn, həmin bölgədə yaşayan və ya ora ilə əlaqəsi olan insanlar bu işi onun əvəzinə görə bilərdilər. Lakin Cəmil Əliyev elmi işinə o qədər məsuliyyətlə yanaşırdı ki, araşdırmanın hər detalına şəxsən nəzarət etməyə üstünlük verirdi. Çətinliklərə və fiziki yorğunluğa baxmayaraq, materialların toplanmasından tutmuş müşahidələrin aparılmasına qədər bütün mərhələləri özü həyata keçirirdi.

Onu ən çox ruhlandıran isə əldə etdiyi elmi nəticələr idi. Həftələrlə uzaq bölgələrdə qalmaq, müxtəlif yerlərdə xəstələrlə işləmək və faktiki material toplamaq kimi çətinliklərə baxmayaraq, bu işin verdiyi mənəvi məmnunluq bütün yorğunluğunu unutdururdu. Cəmil müəllim tez-tez deyirdi ki, araşdırmalar zamanı tapdığı yeni nəticələr və elmi kəşflər bütün əziyyətləri götürür. Hələ gənclik illərindən o, həyat və fəaliyyətinin mənasını zəhmətdə, cəmiyyət üçün faydalı olmaqda görürdü.

Nadir tədqiqatçılardan biri

Cəmil Əliyev elmi axtarışlarını praktiki fəaliyyətlə uğurla uzlaşdırmağı bacaran nadir alimlərdəndir. O, aktiv tədqiqat fəaliyyəti ilə yanaşı, cərrahi praktikadan da ayrılmır, mütəmadi olaraq əməliyyatlar apararaq peşəkar bacarıqlarını daha da təkmilləşdirirdi. Bu sahədə qazandığı təcrübə onun elmi baxışlarının da zənginləşməsinə mühüm təsir göstərirdi.

Podolsk Mərkəzi Xəstəxanası Ümumittifaq Onkoloji Elmi Mərkəzinin əsas kliniki bazalarından sayılırdı. Həmin xəstəxanada cərrahiyyənin müxtəlif istiqamətləri üzrə əməliyyatlar aparılır, onkologiya sahəsində praktik müdaxilələrin böyük hissəsi də məhz burada həyata keçirilirdi. Xəstələrlə bağlı hər səhər keçirilən müzakirələr isə bizim üçün əsl məktəb idi. Həmin “beş dəqiqəlik” adlanan toplantılar hər birimizin peşəkar inkişafına böyük töhfə verirdi. Qısa sürməsinə baxmayaraq, bu müzakirələrdən hər dəfə yeni bilik və təcrübə qazanaraq ayrılırdıq. Buna görə də çalışırdıq ki, heç birini qaçırmayaq.

Cəmil Əliyevin peşəkar cərrah kimi formalaşmasında Podolsk Mərkəzi Xəstəxanasında keçən həmin illərin rolu danılmazdır. Bu gün də o günləri xatırlayanda həmin xəstəxananı, orada çalışan həmkarlarımızı, bilik və təcrübələrini səxavətlə paylaşan həkimləri böyük hörmətlə, minnətdarlıqla yad edirik.

O dövrdə Moskvanın müxtəlif ali məktəblərdə təhsil alan və elmi fəaliyyət göstərən azərbaycanlı gənclərin sayı getdikcə artırdı. Bu artımın əsas səbəblərindən biri Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hər il minlərlə azərbaycanlı gəncin keçmiş ittifaqın aparıcı ali məktəblərinə göndərilməsi idi. Tibb sahəsində də çoxsaylı həmvətənimiz vardı. Biz - Moskvada yaşayıb çalışan azərbaycanlı gənclər tez-tez görüşür, bir-birimizin uğurlarına sevinir, problemlərimizdə dəstək olmağa çalışırdıq. Hər kəs digərinin sevincini öz sevinci kimi qəbul edir, çətinliklərdə isə bir-birinin yanında olmağa can atırdı. Azərbaycanlı olmaq bizim üçün həm qürur, həm də məsuliyyət idi. Davranışımızla, bilik səviyyəmizlə və insanlara münasibətimizlə xalqımız haqqında yüksək fikir formalaşdırmağa çalışırdıq.

Fəxr etdiyimiz soydaşımız

Hələ o illərdə Cəmil Əliyevin nə qədər vətənpərvər və milli-mənəvi dəyərlərə bağlı bir insan olduğu açıq hiss olunurdu. Sadəliyi, təvazökarlığı, səmimi münasibəti ilə o, ətrafındakı hər kəsin rəğbətini qazanmışdı.

Cəmil Əliyevin doktorluq dissertasiyasının müzakirələri indiyə kimi yadımdadır. Həmin müzakirələrdə biz – azərbaycanlı dostları daim onun yanında olur, uğurlarını ürəkdən bölüşürdük. SSRİ-nin tanınmış akademiklərinin və Ümumittifaq Onkoloji Elmi Mərkəzinin nüfuzlu alimlərinin onun elmi nəticələrini yüksək qiymətləndirməsi bizdə böyük qürur hissi doğururdu. Bir tərəfdən onkologiya elminin inkişafına yeni töhfələrin verildiyini görürdük, digər tərəfdən isə bu yeniliklərin müəllifinin öz soydaşımız olması ilə fəxr edirdik.

Cəmil Əliyevin illərlə apardığı gərgin elmi fəaliyyət nəhayət öz bəhrəsini verdi. 1978-ci ildə o, Ümumittifaq Onkoloji Elmi Mərkəzində “Dəri xərçəngi və melanomasında plastik cərrahiyyə əməliyyatları” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə layiq görüldü. Bu, elmi karyerada son dərəcə mühüm bir mərhələ idi.

Həmin vaxt Cəmil Əliyevin Moskvada qalaraq fəaliyyətini burada davam etdirəcəyi gözlənilirdi, bunun üçün hər cür imkan vardı. Dissertasiyasının müzakirəsindən sonra ÜOEM-in o zamankı direktoru akademik N.N.Bloxin və akademik N.N.Trapeznikov ona Moskvada qalaraq mərkəzin Endokrinologiya şöbəsinə rəhbərliyi təklif etmişdilər. Ucqar bir respublikadan gəlmiş gənc alim üçün bu, son dərəcə cazibədar təklif idi. Belə bir vəzifə yalnız elmi səviyyəsi və şəxsi keyfiyyətləri ilə seçilən insanlara etibar edilirdi. Cəmil Əliyev bu etimadı yüksək elmi səviyyəsi, bilik və bacarığı, şəxsi keyfiyyətləri ilə qazanmışdı. Dünya şöhrətli ustadları onun Moskvada qalaraq bu böyük elmi mühitdə fəaliyyət göstərməsini çox arzulayır, onun gələcəyinə inanırdılar.

Cəmil Əliyevin qərarı isə fərqli oldu. O, Bakıya qayıdıb fəaliyyətini doğma Azərbaycanda davam etdirməyi üstün tutdu. Zaman göstərdi ki, ölkəmizdə onkologiyanın inkişafı perspektivindən baxanda o, əslində düzgün qərar verib.

Səhiyyə təşkilatçısı

Bakıya qayıtdıqdan sonra 1978-ci ildə o, Rentgenologiya, Radiologiya və Onkologiya Elmi-Tədqiqat İnstitutunun ümumi onkologiya şöbəsinə rəhbər seçildi. Cəmil müəllim sonradan bir neçə dəfə struktur və ad dəyişikliklərindən keçmiş bu kollektivdə çalışdığı ilk illərdən bacarıqlı həkim və səriştəli elm təşkilatçısı kimi böyük nüfuz qazandı. 1980-ci ildə o, institut direktorunun elmi işlər üzrə müavini vəzifəsinə irəli çəkildi. Bu məsuliyyətli vəzifədə ona göstərilən etimadı qısa müddətdə doğrultdu. Elmi-tədqiqat fəaliyyətində yeni dinamika yarandı, müxtəlif istiqamətlər üzrə maraqlı tədqiqatlar aparıldı və mühüm nəticələr əldə olundu.

1990-cı ildə Cəmil Əliyevin peşəkar karyerasında növbəti mühüm mərhələ başlandı. O, indiki Milli Onkologiya Mərkəzinin baş direktoru vəzifəsinə təyin olundu. Həmin vaxtdan bu tibb müəssisəsinə uğurla rəhbərlik edir və artıq onilliklərdir ki, bu məsuliyyətli missiyanı böyük əzmkarlıqla davam etdirir. 1988-ci ildə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adına layiq görülən alim, 2001-ci ildən həm Azərbaycan Milli Elmlər Akademiyasının, həm də Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvüdür.

Akademik Cəmil Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 2006–2012-ci illərdə Milli Onkologiya Mərkəzi əsaslı şəkildə yenidən qurularaq müasir tələblərə uyğun modernləşdirildi. Bu böyük səhiyyə kompleksinin dünya standartlarına uyğun səviyyəyə çatdırılmasında onun xidmətləri müstəsnadır. Bu gün Milli Onkologiya Mərkəzi təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın ən iri ixtisaslaşmış onkoloji elmi-tibbi müəssisələrindəndir. Burada bədxassəli şişlərin etiopatogenezi, diaqnostikası, müalicəsi və profilaktikası istiqamətində geniş tədqiqatlar aparılır, 1500 çarpayılıq klinik baza fəaliyyət göstərir.

Hazırda mərkəzdə minə yaxın mütəxəssis çalışır. Onkoloji xəstələrin böyük bir hissəsi məhz burada müalicə olunur. İl ərzində yüz minlərlə pasiyent müayinə edilir, on minlərlə xəstə isə stasionar müalicə kursu keçir. Akademik Cəmil Əliyevin rəhbərliyi ilə ölkəmizdə ilk dəfə Uşaq Onkologiya İnstitutunun yaradılması, müasir cərrahiyyə bölmələrinin təşkili, ambulator xidmət infrastrukturunun qurulması və tibbi avadanlıqların ən son texnologiyalarla təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.

Mərkəzin nəzdində fəaliyyət göstərən Onkoreqistr sistemi 2015-ci ildə Beynəlxalq Onkoloji Xəstəliklər Assosiasiyasının üzvlüyünə qəbul olunmuşdur. Elə həmin il mərkəzlə ABŞ-nin M.D.Anderson Xərçəng Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Sonrakı illərdə isə İngiltərənin Liverpul Universiteti hospitalı, Avstriya Tibb Universiteti və Türkiyənin Hacettepe Universiteti kimi nüfuzlu tibb ocaqları ilə də əməkdaşlıq müqavilələri bağlanmışdır. 2014-cü ildə Milli Onkologiya Mərkəzinə Beynəlxalq Məsləhət və Tədris Mərkəzi statusunun verilməsi də bu müəssisənin beynəlxalq nüfuzunun göstəricisidir.

Akademik Cəmil Əliyevin geniş elmi əlaqələri və beynəlxalq nüfuzu sayəsində mərkəzdə mütəmadi olaraq beynəlxalq konfranslar və elmi forumlar təşkil edilir. Dünyanın müxtəlif ölkələrindən gələn alimlər və rəsmi şəxslər bu tibb ocağı ilə yaxından tanış olur, onun fəaliyyətini yüksək qiymətləndirirlər.

Böyük elmi məktəb yaratmış alim

Akademik Cəmil Əliyev zəngin və məhsuldar elmi yaradıcılığı ilə tibb elminə böyük töhfələr vermis, öz elmi məktəbini yaratmış alimlərdəndir. Onun qələmindən çıxan elmi irs olduqca genişdir: alim 600-dən çox elmi məqalənin, 10 ixtiranın, 18 monoqrafiya və tələbələr üçün dərs vəsaitinin müəllifidir. Monoqrafiyalarından biri – “Treatment of Breast Tumours” – 1990-cı ildə ingilis dilində nəşr olunaraq beynəlxalq elmi ictimaiyyətin diqqətini cəlb etmişdir. Alimin həmmüəlliflərlə birgə hazırladığı “Dərinin bədxassəli şişlərində plastik operasiyalar” adlı monoqrafiya isə yüksək elmi qiymət almış və 1980-ci ildə SSRİ Tibb Elmləri Akademiyası tərəfindən akademik Nikolay Petroviç Petrov adına mükafata layiq görülmüşdür.

Cəmil müəllimin elmi rəhbərliyi altında 8 tibb elmləri doktoru və 48 tibb üzrə fəlsəfə doktoru yetişmişdr. Yetirmələri bu gün Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdə də onkologiyanın müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərirlər. Alim həm Azərbaycanda, həm də Rusiya Federasiyasında müdafiə edilən çoxsaylı elmi işlərin rəsmi opponenti kimi çıxış etmişdir. Bu gün də gənc tədqiqatçıların elmi fəaliyyətinə rəhbərlik edir və yeni nəsil alimlərin formalaşmasına töhfə verir.

Onun şəxsi nüfuzu və beynəlxalq elmi əlaqələri sayəsində azərbaycanlı gənclər dünyanın müxtəlif tədqiqat mərkəzlərində təcrübə keçmək, biliklərini artırmaq imkanı əldə edirlər. Bu əlaqələrin qurulmasında və inkişafında akademikin xüsusi rolu var. Alimin rəhbərliyi ilə Azərbaycanda daha çox rast gəlinən bədxassəli şişlər – xüsusilə süd vəzisi, dəri və qırtlaq xərçəngi ilə bağlı geniş tədqiqatlar aparılmışdır. Süd vəzisi şişlərinin cərrahi müalicəsi sahəsində onun təklif etdiyi yeni yanaşmalar və modifikasiyalar praktik tibbdə uğurla tətbiq olunur. Bu istiqamətdə aparılan elmi işlər müasir texnologiyaların imkanları ilə daha da inkişaf etdirilir.

Cəmil Əliyev əməliyyatqabağı müalicə metodlarının təkmilləşdirilməsi istiqamətində də mühüm yeniliklər irəli sürmüşdür. Bu metodların tətbiqi bir sıra hallarda ağır travmatik əməliyyatlara ehtiyacı azaltmış, orqansaxlayıcı cərrahi müdaxilə imkanlarını genişləndirmişdir. Süd vəzisi xərçəngi xəstələri üçün hazırlanmış xüsusi reabilitasiya proqramları və orijinal tibbi cihazların tətbiqi bir çox pasiyentlərin normal həyata qayıtmasına şərait yaratmışdır.

Onun süd vəzisi xərçənginin inkişaf mərhələlərinin beynəlxalq təsnifatına etdiyi düzəlişlər dünya elmi ictimaiyyəti tərəfindən qəbul edilmiş və müalicə taktikasının təkmilləşdirilməsinə mühüm təsir göstərmişdir.

Cəmil Əliyevin rəhbərlik etdiyi elmi qrupun mühüm tədqiqat istiqamətlərindən biri də onkoloji xəstələrdə hepatit B və C viruslarının yayılması ilə bağlı olmuşdur. Bu araşdırmaların nəticələri bir sıra fundamental monoqrafiyalarda ümumiləşdirilmişdir. Həmin tədqiqatlar nəticəsində ilk dəfə sübut olunmuşdur ki, gizli keçən hepatit B infeksiyası süd vəzisi xərçəngi olan xəstələrin müalicə nəticələrinə ciddi təsir göstərə bilər.

Bütün bu elmi nəticələr və yeniliklər akademik Cəmil Əliyevin zəngin fəaliyyətinin əsas məqamlarını təşkil edir. Onun həyatı elmə, insan sağlamlığına və cəmiyyətə xidmətin parlaq nümunəsidir.

Çoxşaxəli fəaliyyət

Görkəmli alim Nyu-York Elmlər Akademiyasının, Rusiya Elmlər Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının, Rusiya Təbiət Elmləri Akademiyasının, Gürcüstan Milli Elmlər Akademiyasının, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Beynəlxalq Ekoenergetika Akademiyasının üzvü, Amerika Birləşmiş Ştatları M.D. Anderson Xərçəng Mərkəzinin fəxri professoru, Hammersmit Kral Universiteti Hospitalının fəxri doktoru, həmçinin bir çox beynəlxalq elmi qurumun və ictimai təşkilatın rəhbər üzvlərindəndir.

Rusiya, Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Avstriya, Türkiyə, Özbəkistan və s. kimi ölkələrdə keçirilən beynəlxalq konqreslərdə, simpoziumlarda, elmi toplantılarda öz məruzələri ilə Azərbaycan tibb elminin nailiyyətlərini dünya elmi ictimaiyyətinə təqdim etmişdir.

1994-cü ildən etibarən alim həm də Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdində fəaliyyət göstərən onkologiya kafedrasına rəhbərlik edir, pedaqoji fəaliyyətini elmi yaradıcılığı ilə uzlaşdıraraq gənc həkim və tədqiqatçıların yetişməsində mühüm rol oynayır.

Müasir dövrdə ölkədə həyata keçirilən səhiyyə islahatları da Cəmil müəllimin diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində səhiyyə sistemində baş verən yeniliklərə alim həm həkim, həm də təşkilatçı kimi öz töhfələrini verir. Eyni zamanda, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən səhiyyə layihələrinin icrasına da yaxından dəstək göstərir. Bakıda tikilərək istifadəyə verilmiş Yeni Klinika layihəsinin uğurla reallaşdırılmasında Cəmil Əliyevin mühüm rolu olmuşdur. Bu tibb müəssisəsi hazırda regionun ən böyük və ən müasir çoxprofilli klinikalarındandır.

Cəmil Əliyev eyni zamanda “Onkologiya” jurnalının baş redaktoru, “Biomedisina” jurnalının redaksiya heyətinin üzvü kimi elmi nəşrlərin inkişafında da fəal iştirak edir. O, Respublika Səhiyyə Nazirliyinin onkologiya üzrə Attestasiya Komissiyasına, eləcə də Elmi-Tibbi Onkoloqlar Cəmiyyətinə rəhbərlik etmiş, onkologiya sahəsində dissertasiya müdafiələrini həyata keçirən şuraların fəaliyyətinə başçılıq etmişdir. Bundan başqa, alim Dünya həkimləri nüvə müharibəsinə qarşı təşkilatının Azərbaycan komitəsinin də rəhbəri olmuşdur.

80 illik ömrün mükafatları

Akademikin Azərbaycan və dünya tibb elminə xidmətləri öz layiqli qiymətini almış, o, müxtəlif illərdə Azərbaycan Respublikasının “Şərəf”, “Şöhrət”, 1-ci dərəcəli “Vətənə xidmət” ordeni və digər yüksək mükafatlarla təltif edilmişdir. 2000-ci ildən “Əməkdar elm xadimi”dir.

2015-ci ildə Avropa Təbiət Elmləri Akademiyası tərəfindən alim dünyanın ən məşhur cərrahlarına təqdim olunan Nikolay Piroqov ordeni, “Avropanın fəxri alimi” adı və Gottfried Wilhelm Leibniz medalına layiq görülmüşdür. Həmçinin qaraciyərin subklinik patologiyasının onkoloji problemlərinə dair tədqiqatlarına görə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən akademik “Mir Əsədulla Mirqasımov adına mükafat”la təltif olunmuşdur.

Bundan əlavə, alim akademik “Nikolay Petroviç Petrov adına mükafat”a, “Mustafa Topçubaşov mühazirələri” mükafatına, eləcə də Beynəlxalq Ekoenergetika Akademiyasının “Böyük qızıl medalı”na layiq görülmüşdür. Onkologiya sahəsində dünya miqyasında qəbul olunmuş elmi-praktik nailiyyətlərinə görə isə alimə Birləşmiş Millətlər Təşkilatı tərəfindən “Elm və sülh elçisi” fəxri mükafatı təqdim edilmişdir.

Cəmil Əliyev yalnız görkəmli alim, bacarıqlı səhiyyə təşkilatçısı deyil, həm də nümunəvi ailə başçısıdır. Övladları da şərəfli sənət yolunu davam etdirirlər. Oğlu tanınmış cərrah-onkoloq, tibb elmləri doktoru, professor Əziz Əliyev İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektorudur. Qızı İradə Əliyeva isə tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının dosentidir.

Xalqımızın mənəvi sərvətlərindən sayılan akademik Cəmil Əliyev kimi ziyalılar hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Onun həyat yolu sağlam düşüncəyə sədaqətin, Vətənə bağlılığın, xeyirxahlığın və yüksək məsuliyyət hissinin parlaq nümunəsidir. Cəmil müəllim gördüyü hər bir işi sadəcə vəzifə kimi deyil, mənəvi ucalığa aparan bir missiya kimi qəbul edir. O, davranışı və fəaliyyəti ilə daim bu yüksəkliyə layiq olmağa çalışır. Belə ziyalıların mövcudluğu cəmiyyətin inkişafına güc verir, xalqı yeni uğurlara ruhlandırır, milli məqsədlərə doğru inamla irəliləməsinə təkan yaradır.

Belə bir insanı yaxından tanımağımın, uzunmüddətli həmkarlıq və dostluq münasibətlərimizin verdiyi fəxarət hissi ilə Cəmil müəllimi 80 illik yubileyi münasibətilə təbrik edir, doğmaları ilə birgə uzun, sağlam ömür, həyat və fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.

Əhliman Əmiraslanov,
akademik, SSRİ Dövlət mükafatı laureatı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Prezident İlham Əliyev Azərbaycanda əhalinin şəhərlərdən kəndlərə dönüşünün zəruriliyini çox maraqlı bir ideya kimi irəli sürdü...

Prezident kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

“Abituriyentləri dolaşdıran bir sual göstərin” - Abbaszadənin cavabı verildi...

SON XƏBƏRLƏR

26.05.2026 / 23:41
Rusiya Zelenskinin ofisi və Radanın hədəfdə olmadığını açıqladı...

26.05.2026 / 22:26
Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başladı - FOTO

26.05.2026 / 22:15
Prezident İlham Əliyevin sosial media hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib (FOTO)

26.05.2026 / 22:07
Problemi Prezident açdı -"Sahibkarlar aqrar sektora sərmayə yatırmır"...

26.05.2026 / 21:38
Rusiya qazı kəsir, alternativ qaz mənbəyi “Domokl” kimi Ermənistanın başının üstünü kəsdi...

26.05.2026 / 21:24
Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olundu

26.05.2026 / 21:14
Türkiyədə “Ana müxalifətsizlik dövrü” başladımı...

26.05.2026 / 20:56
Vüqar Rəhimzadə: Kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsi strateji hədəflərdəndir

26.05.2026 / 20:53
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO

26.05.2026 / 20:31
Prezident İlham Əliyev Azərbaycanda əhalinin şəhərlərdən kəndlərə dönüşünün zəruriliyini çox maraqlı bir ideya kimi irəli sürdü...

26.05.2026 / 19:56
Vuçiç Prezident İlham Əliyevi təbrik etdi

26.05.2026 / 19:55
Mahmud Abbas Prezident İlham Əliyevə məktub ünvanlayıb

26.05.2026 / 19:38
ABŞ-la İran arasında vasitəçilik Pakistandan Qətərə keçdi...

26.05.2026 / 19:10
Prezident İlham Əliyevlə Pezeşkian arasında telefon danışığı olub

26.05.2026 / 18:41
Adambaşına ət istehlakının artması nə deməkdir? - Prezidentin hüzurunda nazirin mesajını birlikdə oxuyaq...

26.05.2026 / 18:38
İspaniyanın Kralı Prezident İlham Əliyevi təbrik edib

26.05.2026 / 18:35
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər - FOTO

26.05.2026 / 18:17
Makrondan Prezident İlham Əliyevə Müstəqillik Günü təbriki...

26.05.2026 / 18:03
Tramp Prezident İlham Əliyevi təbrik etdi

26.05.2026 / 17:50
İsxak Hersoq Prezident İlham Əliyevi təbrik edib

26.05.2026 / 17:40
Kreml uduzdu, Ermənistan Rusiyanın əlindən çıxır...

26.05.2026 / 17:25
Buraxılış imtahanının nəticələri açıqlandı - 4 nəfər 300 bal toplayıb...

26.05.2026 / 17:17
Rusiyada miqrantların üzləşdiyi yeni bəlanın soydaşlarımıza da təsiri olacaq...

26.05.2026 / 17:06
Rubio Ermənistanda - Zəngəzur dəlizi ilə bağlı saziş imzalandı...

26.05.2026 / 17:03
Avropa İttifaqı diplomatlarını Kiyevdən təxliyə etməyəcək

26.05.2026 / 16:52
TƏBİB tərəfindən hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyası həyata keçirilir

26.05.2026 / 16:50
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

26.05.2026 / 16:48
İdarə olunan "CHP xaosunun" içində Ərdoğana daha böyük təhlükə formalaşır...

26.05.2026 / 16:44
Bir sıra məhkəmələrə sədr təyin edildi

26.05.2026 / 16:44
Elm və mədəniyyət sahələrində fəaliyyət göstərən üç nəfərə Dövlət Mükafatı verildi

26.05.2026 / 16:41
Ştaynmayer Prezident İlham Əliyevi təbrik etdi

26.05.2026 / 16:40
Azərbaycanda seçici sayı açıqlandı, ən yaşlı seçicilər də məlum oldu

26.05.2026 / 16:39
Ölkənin "buğda və ət istehsalı konsepsiyasının" çərçivəsi müəyyənləşdi...

26.05.2026 / 16:36
MSK sədri: Azərbaycan seçicilərə geniş hüquqlar yaradan ölkədir

26.05.2026 / 16:32
İran ABŞ-ı hədələdi - hücumları cavabsız qalmayacaq...

26.05.2026 / 16:29
“Xarici güc mərkəzləri seçki prosesinə açıq şəkildə müdaxilə edir” – Deputat

26.05.2026 / 16:25
Erməni müxalifətinin seçkidə bir hədəfi də açıldı - rusu və türkü düşmən etmək...

26.05.2026 / 16:20
Azərbaycanın dünyada orta güc statusu rəsmi təsdiqini tapdı...

26.05.2026 / 16:12
Əli İsa cabbarov AKİ sədri seçildi

26.05.2026 / 16:10
Kinematoqrafçılar İttifaqının qurultayında gərginlik -“...İttifaq dağıla bilər”

26.05.2026 / 15:58
Əli İsa Cabbarov: “Həmidə Ömərovanı da namizəd kimi irəli sürə bilərdim”

26.05.2026 / 15:31
TƏBİB-in tabeli tibb müəssisələrinə yeni direktorlar təyin olundu

26.05.2026 / 15:14
Krımda Nuriyyə Hüseynova Türk dünyasının sənət kraliçası adlandırıldı

26.05.2026 / 15:11
İran İsrailin “İbrahim Şazişləri”nə qoşulur...(?)

26.05.2026 / 15:06
“Sea Breeze”də sosial infrastruktur genişlənəcək" - Emin Ağalarov

26.05.2026 / 14:59
Azərbaycanda “şəhərdən kəndə” dönüş zərurəti rəsmən bəyan olundu...

26.05.2026 / 14:53
ABŞ Ukrayna-Rusiya danışıqlarında vasitəçilikdən çəkildi...

26.05.2026 / 14:47
Nazir Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.05.2026 / 14:16
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb

26.05.2026 / 14:02
ABŞ Rusiyanı qabaqladı - Ermənistanda AES-in reaktorları dəyişdirilir...

26.05.2026 / 13:55
Milli Məclis Prezident və Birinci vitse-prezidentə təbrik məktubu ünvanlayıb

26.05.2026 / 13:48
Tramp Putinin hədələrinə cavab verdi - Rubio İrəvana xüsusi tapşırıqla gəldi...

26.05.2026 / 13:15
Qadınların pensiyasının artırılması təklif edildi...

26.05.2026 / 12:40
Rusiyanın Ukraynaya genişmiqyaslı hücumla bağlı əvvəlcədən ABŞ-ı məlumatlandırdığı ortaya çıxdı - Bombalanma olacaq...

26.05.2026 / 12:22
ABŞ-İran danışıqları təhlükədə - ABŞ Bəndər Abbası bombaladı...

26.05.2026 / 12:06
Dörd narkokuryer 40 kq narkotik və 500 metodon həbl' yaxalandı

26.05.2026 / 12:02
Sercio Mattarella Prezident İlham Əliyevi təbrik etdi

26.05.2026 / 11:50
Britaniyanın yeni səfiri Bakıya gəldi

26.05.2026 / 11:39
Xətaidə kollektorun üzərində tikilmiş ev çökdü

26.05.2026 / 11:14
Malayziya Kralı Prezident İlham Əliyevə məktub göndərib

26.05.2026 / 11:08
Prezident İlham Əliyev Gürcüstan Prezidentinə təbrik məktubu ünvanlayıb

26.05.2026 / 10:54
Kənd sektorunda yeni dinamika başlana bilər -Prezidentin sözlərindən məsuliyyətli nəticələr çıxarılsa...

26.05.2026 / 10:35
Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır

26.05.2026 / 10:33
Buraxılış imtahanlarında mühüm dəyişiklik - DİM açıqlama yaydı...

26.05.2026 / 10:27
Ermənistan AİB-in Astana sammitində iştirak qərarı verdi

26.05.2026 / 10:16
Almaniya Bundestaq üzvlərinin Tayvana səfəri Pekini özündən çıxardı

26.05.2026 / 09:58
Yerli ətlə 100 faizlik təminat -Azərbaycanda yeni iqtisadi hədəf...

26.05.2026 / 09:18
Bakıdan çıxan ilk qatar Tbilisiyə çatdı...

26.05.2026 / 08:58
Ağsuda ağır qəza - avtomobil çaya aşdı, ölənlər var...

26.05.2026 / 08:30
Ağdama növbəti köç yola salındı

25.05.2026 / 22:50
AKP-CHP münaqişəsi Türkiyədə ümumvətəndaş toqquşmasına gətirə bilər (?)...

25.05.2026 / 22:15
"Bay, bay, nərədən çıxdın Kamal vay".... - VİDEO

25.05.2026 / 22:04
MİT-in müəmmalı öl(dürül)müş kəşfiyyatçısının "Bay Kamal " barədə çox sensasiyalı məktubu çıxdı...

25.05.2026 / 21:45
Avroparlament Azərbaycana qarşı o qədər qərəzçilik etdi ki... öz deputatları etiraza qalxdı...

25.05.2026 / 21:43
Türkiyənin "Karsan" avtopilot avtobusu İsveçdə ilk gün qəza törətdi...

25.05.2026 / 21:20
Böyük güclərin geosiyasi oyunu: İran böhranı fonunda ABŞ–Çin–Rusiya münasibətləri

25.05.2026 / 21:02
Əli İsa Cabbarov: “İmzalar feykdi, dəqiqləşdirmə apardıq qol çəkmədiklərini dedilər”

25.05.2026 / 20:34
İran uranı ərazisindən çıxarmağa razılaşdı - yalnız Çinə verilməsi şərti ilə…

25.05.2026 / 20:14
Vardanyan onlar həbsdə olduğu halda ölkəsinin parad keçirməsini “əxlaqsızlıq” adlandırdı

25.05.2026 / 20:03
"Hindistan və Azərbaycan arasında mədəni körpülər" adlı sərgi təşkil olundu - FOTO

25.05.2026 / 19:56
Rumıniyanın Prezidentindən İlham Əliyevə Müstəqillik Günü təbrik...

WUF13 Azərbaycanın milli, mədəni, əxlaqi, tarixi kimliyinin nümayiş meydanıdır...

XƏBƏR ARXİVİ