Şabran məktəbliləri yeni bilik uğuruna imza atıblar. Şabran şəhəri Samir Zülfiqarov adına 3 nömrəli tam orta məktəbinin şagirdlərindən ibarət "Şabran Ultrasəs komandası" Martın 3-də Bakı Ali Neft Məktəbində keçirilən "Sabahın alimləri" XV Respublika Layihə Müsabiqəsinin final mərhələsində gümüş medal qazanıblar. Məktəbin fizika fənn müəllimi Cəfərova Yaqut Əmrulla qızının rəhbərliyi və mentorluğu ilə hazırlanan layihə Respublika Müsabiqəsində yüksək qiymətləndirilib. Yaqut Cəfərova Bakı Xəbər-ə açıqlamasında bildirib ki, rəhbərlik etdiyi komandanın bu böyük uğuru onları daha böyük nailiyyətlər qazanmağa həvəsləndirir. "Mən, Cəfərova Yaqut, Şabran şəhəri Samir Zülfiqarov adına 3 nömrəli tam orta məktəbin Fizika müəllimiyəm. Uzun illərdir ki, şagirdlərimə təkcə fizika qanunlarını deyil, həm də elmi düşünməyi, kəşf etməyi öyrətməyə çalışıram. Bir müəllim olaraq şagirdlərimin uğurundan danışmaq mənim üçün böyük şərəfdir.
Bu müsabiqədə rəhbərlik etdiyim komanda "Şabran Ultrasəs komandası" adlanır. Komandamız məktəbimizin iki çox istedadlı, axtarışda olan və çalışqan 9-cu sinif şagirdindən ibarətdir: Nağıyev Yusif və Seyidverdiyeva Arzu. Hər iki şagirdim analitik düşüncə qabiliyyətinə, yüksək məsuliyyət hissinə və ən əsası cəmiyyətə faydalı olmaq arzusuna malikdir. Onların fərqli xarakterləri komandada bir-birini mükəmməl şəkildə tamamlayır.
Şagirdlərim həmişə texnologiyaya və cəmiyyətdəki problemlərə həssas yanaşıblar. Onlar görmə məhdudiyyətli insanların həyatını necə asanlaşdıra biləcəklərini düşünürdülər və nəticədə "Ultrasonik Sensorlu Əsa" ideyası ortaya çıxdı. Mənim vəzifəm onlara inam vermək, bu fikri elmi çərçivəyə salmaq və fizika qanunlarının tətbiqində istiqamət göstərmək idi. Prosesin böyük hissəsini – araşdırmanı, texniki detalları və cihazın işləmə mexanizmini Yusif və Arzu öz zəhmətləri ilə ərsəyə gətirdilər. Mən onlardakı bu əzmi görəndə layihənin uğurlu olacağına əmin idim."
Mətləb Salahov