Fərqanə Nağıyeva: “Bitki dərmanlarının normadan artıq istifadəsi sağlamlıq üçün təhlükəlidir”
Son zamanlar İrandan ölkəmizə idxal olunan məhsulların keyfiyyəti ilə bağlı xoşagəlməz məlumatlar yayılmaqdadır. Bir neçə ay öncə İrandan idxal olunan turşu lavaş, ərik qurusu, şirin çörəklərin (keks) istehlaka yararsız olduğu müəyyən edilmişdi. Bu səfər isə İrandan Azərbaycana dərmanlanmış şüyüdlərin gətirildiyi iddia edilir.
Bununla bağlı sosial şəbəkələrdə video görüntülər yayılıb. Videoda vətəndaşlardan biri əli ilə şüyüd dəstələrinə toxunaraq onları göstərir və iddia edir ki, bu şüyüdlər İrandan gətirilir və üzərində yapışqanlı dərman var. Vətəndaşın sözlərinə görə, həmin maddə insanların sağlamlığı üçün təhlükəlidir və məqsəd ölkəyə gətirilərək əhalini zəhərləməkdir.
Video izləyicilər arasında böyük maraq və narahatlıq yaradıb. Bu iddialar nə qədər əsaslıdır və şüyüdlərin üzərindəki maddə həqiqətən zəhərli ola bilərmi? Maraqlıdır, xaricdən idxal olunan qida məhsullarının, xüsusən də göyərtilərin keyfiyyətinə necə nəzarət edilir?
“İrandan gətirilən göyərti məhsullarının üzərinə zəhərli maddənin vurulub-vurulmaması iddiası laborator analiz nəticəsində bəlli olacaq”
Qida eksperti Fərqanə Nağıyeva "Bakı-Xəbər"ə şərhində bildirdi ki, İranda geni modifikasiya olunmuş qidalar istehsal edilir: “İrandan idxal olunan məhsullarda GMO-lar ciddi tədqiq olunmalıdır. Dəfələrlə İrandan gələn mallara qadağa qoyulub. Geni dəyişdirilmiş məhsulların ölkəmizə daxil olmasının qarşısını yalnız mükəmməl ekspertiza ilə almaq mümkündür. Keyfiyyətsiz qida insan ömrünü qısaldar, insanları xəstəliklərə düçar edər. Bitki dərmanlarının normadan artıq istifadəsi, genetik modifikasiya olunmuş toxumlarla əkilən məhsulların çoxalması və hormonlu yemlə bəslənən heyvanların artması vəziyyəti daha da ağırlaşdırır. Bu, sağlamlığa olduqca mənfi təsir edir. İrandan gətirilən göyərti məhsullarının üzərinə zəhərli maddənin vurulub-vurulmaması iddiası laborator analiz nəticəsində bəlli olacaq”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, İran məhsulları ilə bağlı əsas problem məhsul haqqında məlumatın fars dilində yazılmasıdır, tərcüməsi yoxdur: “Bu məsələ nəzarətə götürülməlidir, olduqca ciddi problemdir”.
Günel CƏLİLOVA