İsmayıllı rayonunda ikisi yol polisi əməkdaşı olmaqla, beş nəfərin xəsarət alması ilə nəticələnən ağır avtomobil qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 13:30 radələrində Muğanlı-İsmayıllı yolunun 21-ci kilometrliyində, İsmayıllının Basqal kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"KİA Sorento” markalı minik avtomobili qarşı tərəfdən gələn, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayına məxsus 10-YP-795 dövlət nömrə nişanlı BMW markalı minik maşını ilə toqquşub.
Hadisə zamanı BMW avtomobilində olan yol polisi əməkdaşları-Göyçay rayon sakinləri - 1967-ci il təvəllüdlü Mahmud Musayev və 1987-ci il təvəllüdlü Vüsal Bialıyev, eləcə də "KİA Sorento” markalı minik maşınında olan Masallı rayon sakinləri - 1991-ci il təvəllüdlü Eldar Əbülfəzli, 1991-ci il təvəllüdlü Məhəmməd Hüseynli və Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Hüseyn Hüseynli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar İsmayıllı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdirilib. Xəsarət alanlardan ikisi daha sonra müalicə üçün Bakıya göndərilib.