Azərbaycanda minimum əməkhaqqı artırılır. Minimum əməkhaqqı 250 manatdan 300 manata çatdırılır. Qeyd edək ki, bu məsələ “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Xatırladaq ki, Azərbaycanda minimum əməkhaqqı axırıncı dəfə 2019-cu ilin 1 sentyabrında 200 manatdan 250 manata qaldırılıb. Bu zaman artımların ölkədə muzdla çalışan işçilərin 40 faizdən çoxunun - təxminən 600 min nəfərin əməkhaqqına müsbət təsir etdiyi açıqlandı. Bu şəxslərin 75 faizə qədəri dövlət sektorunda çalışıb.
“Minimum əməkhaqqı artımı həm dövlət, həm də özəl sektorda çalışan yüz minlərlə şəxsin əməkhaqqında artıma səbəb olacaq”
Minimum əmək haqqlarının artması barədə fikir bildirən iqtisadçı ekspert Pərviz Heydərov dedi ki, minimum əməkhaqqının artırılması mühüm əhəmiyyət kəsb edən addımdır: “Dövlət başçısının məlum sərəncamından sonra hamını maraqlandırırdı ki, ölkədə əməkhaqqı, pensiya və müavinətlər nə qədər artırılacaq. Dövlət büdcəsinin layihəsi də hazır idi onda. Sərəncamdan sonra dövlət büdcəsinin layihəsində də bəzi dəyişikliklər ediləsi oldu. Xatırladaq ki, minimum əməkhaqqı 2019-cu ildə 2 dəfə artırılıb - 130 manatdan 250 manata qədər. Az qala iki dəfəlik bir artım idi. Onda da yüz minlərlə insan bu artımdan bəhrələndi. İlk dəfə Azərbaycanda minimum əməkhaqqının məbləği yaşayış minimumunun məbləğindən yüksək oldu. Minimum əməkhaqqı artımı həm dövlət, həm də özəl sektorda çalışan yüz minlərlə şəxsin əməkhaqqında artıma səbəb olacaq. Minimum əməkhaqqının artması ölkə üzrə orta aylıq maaş məbləğinin artmasına gətirib çıxaracaq. Bu isə növbəti mərhələdə pensiyaların indeksasiyası zamanı pensiya məbləğlərinin də artmasını şərtləndirəcək. Digər tərəfdən, müəyyən qrup insanlar var ki, pensiyaları əməkhaqqı məbləği əsasında müəyyənləşir. Həmin şəxslərin pensiyalarında da əlavə artımlar baş verəcək”.
Günel CƏLİLOVA