Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, bələdiyyələrə 2022-ci ildən 2 vergi növü üzrə pul toplamaq qadağan ediləcək. Növbəti ildən yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi və bələdiyyə ərazisində fəlaiyyət göstərən fərdi sahibkarlar tərəfindən ödənilən əmlak vergisi bələdiyyə büdcəsinə deyil, dövlət büdcəsinə ödəniləcək.
Bələdiyyələrdən alınan 2 verginin əvəzində onlara başqa bir vergi növü üzrə vəsait toplamaq həvalə olunacaq. Bu, bina, su və hava nəqliyyatı vasitələri olan fiziki şəxslərdən alınan əmlak vergisidir. Vergi Məcəlləsinə əsasən, Azərbaycan ərazisində xüsusi mülkiyyətində tikililər və ya onların hissələri, yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq su və hava nəqliyyatı (o cümlədən mühərriki olmayan) vasitələri olan fiziki şəxslər əmlak vergisinin ödəyiciləridir.
Məlumat üçün bildirək ki, bələdiyyələr 4 vergi növü üzrə gəlir əldə edir. Bunlar fiziki şəxslərdən torpaq vergisi, fiziki şəxslərdən əmlak vergisi, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi və bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisidir.
Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, tikinti materialları üzrə mədən vergisi və bələdiyyə ərazisində fəlaiyyət göstərən fərdi sahibkarlar tərəfindən ödənilən əmlak vergisi bələdiyyə büdcəsinə deyil, dövlət büdcəsinə ödəniləcək.
Ekspertlər hesab edir ki, belə bir qərar çoxdan tətbiq edilməli idi, çünki uzun illərdir, bələdiyyələrin fəaliyyətində hər hansı bir irəliləyiş hiss olunmurdu.
Məlumatlara görə, bələdiyyələr tikinti materialları üzrə mədən vergisi və bələdiyyə ərazisində fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən ödənilən əmlak vergisini dövlət büdcəsinə deyil, şəxsi büdcələrinə köçürürdülər. Ekspertlər onu da qeyd edir ki, bələdiyyələr adıçəkilən vergi növünü bugünə qədər toplasalar da, onu bələdiyyənin büdcəsinə köçürməyiblər. Bu səbəbdən də qeyd olunan vergi növlərinin dövlət büdcəsinə ödənilməsi mütəxəssislər tərəfindən yüksək dəyərləndirilir.
“Bəzi bələdiyyələr qeyd olunan vergi növləri üzrə ödənişləri toplasalar da, həmin vergini şəxsi məqsədləri üçün istifadə edib”
İqtisadçı Kamran Məmmədli bildirdi ki, Azərbaycan dağ-mədən ehtiyatları ilə zəngin bir ölkədir. Həmin sahələrdən vergilərin tam şəkildə yığılması dövlət büdcəsinə böyük fayda gətirəcək: “Vergi yığımının konkret vergi xidməti tərəfindən həyata keçirilməsi daha münasibdir. Bu vergi növü üzrə yığımlarla bağlı bələdiyyələr işlərini yaxşı qurmayıblar. Bəzi bələdiyyələr qeyd olunan vergi növləri üzrə ödənişləri toplasalar da, həmin vergini şəxsi məqsədləri üçün istifadə edib, bələdiyyənin büdcəsinə köçürməyiblər. Bələdiyyələr büdcələrini kortəbii şəkildə istifadə edə bilməzlər. Bələdiyyələr ildə iki dəfə seçicilərinə görülən işlərlə bağlı hesabat təqdim etməlidir. Bu, bələdiyyələrin statusu haqqında qanunda açıq-aydın göstərilsə də, buna əməl edən yoxdur. Ümümiyyətlə, bələdiyyələr Azərbaycanda “ölü doğulmuş” orqan kimi fəaliyyət göstərir. Bu fakt təəssüf doğursa da, bələdiyyələr xarici ölkələrdəki kimi fəaliyyət göstərmirlər. Hətta bəzi bölgələrdə bələdiyyənin varlığı belə bilinmir”.
Günel CƏLİLOVA