Son zamanlar uşaq və böyüklər arasında qrip və digər mövsümi xəstəliklərin yayılması faktı artıb. Belə bir zamanda apteklərdə termometr və bəzi uşaq dərmanlarının qıtlığı yaşanır. Xüsusilə də uşaqlar üçün hərarət salan dərmanlar əczaxanalarda tapılmır.
Əczaçılar da termometr və uşaqlar üçün lazım olan dərmanların depoda olmadığını təsdiqləyir. Onların sözlərinə görə, artıq 1 aya yaxın bir müddətdir ki, termometrlər ümumiyyətlə apteklərə gəlmir: “Əvvəllər aptekə günlük 1-2 termometr göndərilirdi. Qıtlıq, həmçinin, termometrlərin qiymətindən də yan keçməyib. Viruslara qarşı yüksək təsiredici qüvvəyə malik 10-a yaxın antiqrip və antibiotiklər apteklərə gəlmir. Bu dərmanların bir neçəsinin əvəzedicisi olsa da amma qiymətləri 3-4 dəfə baha qiymətə satılır. Bu da vətəndaşların haqlı narazılığına səbəb olur”.
Səhiyyə Nazirliyi: “Apteklər özəl müəssisələrdir və onların dərman təminatı özəl müəssisələr tərəfindən həyata keçirilir”
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən isə bildirdilər ki, apteklər özəl müəssisələrdir və onların dərman təminatı özəl müəssisələr tərəfindən həyata keçirilir.
Adil Qeybulla: “Bu problemin səbəbi Azərbaycana dərman və ya tibbi avadanlıq gətirilməsinin bir neçə şirkətin monopoliyasında olmasıdır”
Professor, tibbi ekspert Adil Qeybulla bildirdi ki, bu problemin səbəbi Azərbaycana dərman və ya tibbi avadanlıq gətirilməsinin bir neçə şirkətin monopoliyasında olmasıdır: “Onlar bu məsələyə cavabdehdir. Açıqlama verməlidilər ki, niyə davamlı təchizat yoxdur. Pandemiya ilə əlaqədar civəli termometrlərə tələbat çoxdur. Bu, obyektiv səbəbdir. Ancaq civəli termometr qızdırmanı dəqiq göstərdiyi üçün həmin şirkətlər məsələni diqqətdə saxlayıb, praktiki addımlar atmalıdır. Uşaqlar üçün istifadə olunan dərmanların satışdan yığışdırılması isə qiymətin qaldırılması ilə bağlı ola bilər”.
Günel CƏLİLOVA