Havalar soyuyan kimi Bakı və digər bölgələrdə bir sıra ənənəvi problemlər yenidən qabarmağa başlayıb. Çoxmərtəbəli bina sakinlərinin bir çoxu hələ də istilik sarıdan əziyyət çəkir. Bəzi mənzillərdə ümumiyyətlə istilik sistemi yoxdur.
Belə bir hal Sumqayıt şəhər 12-ci mikrorayonda yerləşən 12 mərbəli binada qeydə alınır. Qeyd edək ki, 96 mənzilli binada qazi və şəhid ailələri yaşayır. Həmin binanın sakinləri qeyd edir ki, bina 3 aydır isti su üzünə həsrət qalıb.
Bina sakinlərinin bildirdiyinə görə, verilən isti suyun qiyməti qanunsuz olaraq qaldırılıb və sakinlər bu məbləği ödəyə bilmir: “Məlumat üçün bildirək ki, binanın açılışı 2012-ci il dekabrın 24-də olub. Bina açılanda isti suyun qiyməti 40 qəpik idi. İki ildir ki, qanunsuz olaraq, qiymətini 1.92 qəpiyə qaldırıblar. Keçən il binanın 21 min manat borcu yarandı. Təbii ki, bu qədər artımı ödəyə bilmirdik. Bu səbəbdən də bizim isti suyumuzu kəsdilər. Televiziyalara müraiət etdik. İcra başçısı gəldi və borclarımızı bağladı. Başçı getdikdən sonra isə qiyməti yenidən qaldırdılar və bu dəfə suyun bir kubunu 2.90 qəpiyə satmağa başladılar. Bu ilin əvvəlində, Tarif Şurasının qərarı ilə suyun qiyməti qalxandan sonra yenidən qiyməti artırıb 3.35 qəpik ediblər.
Binada yaşayan sakinlərin maddi durumu elə də yüksək deyil, bu qədər yüksək məbləği ödəyə bilmirik. Buna görə də yenidən 8 min manat məbləğində borc yığılıb. Borca görə 3 aydır isti suyu kəsiblər”.
“Qiyməti biz təyin etməmişik, belə qane etmirsə, başqa qızdırıcı cihazlardan istifadə etsinlər”
Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin “Sumqayıtistiliktəchizat” İdarəsinin Abonent və Müştəri Xidmətindən bildirildi ki, qiyməti onlar yox, Tarif Şurası müəyyən edir: “ 2020-ci ildə bu bina sakinlərinin borcu yarandı və ödəmirdilər. İcra başçısı həmin məbləği öz üzərinə götürdü və hamısını ödədi. Hətta hər bir mənzili sayğaclada təmin etdi ki, bundan sonra problem yaşanmasın, hər kəs sayğacın yazdığı borcu ödəsin. Lakin yenə də “köhnə hamam, köhnə tas”. Qiyməti bəhanə edib, borcu ödəmirlər. İmkanlısı, imkansızı var. Biz bunu başa düşürük. Amma qiyməti biz təyin etməmişik. Belə qane etmirsə, başqa qızdırıcı cihazlardan istifadə etsinlər. Başqa şey istəmirik ki, deyirik ödənişinizi edin. Heç olmasa az-az ödəniş etsinlər. Amma bunu da etmirlər”.
Günel CƏLİLOVA