Masallıda gözəl və sağlam gələcəyimiz naminə bir təşəbbüs həyata göz açıb. Belə ki, rayonda bütün məktəblər əhatə olunmaqla Bioloji Təbabət Klinikası “Sağlam məktəbli - Xoşbəxt gələcək” maarifləndirmə marafonuna start verib. Özü də marafonun ilk ünvanı şəhər 3 saylı tam orta məktəb oldu. “Sağlam uşaqlar xoşbəxt gələcəyin təminatıdır.” şüarı ilə baş tutan görüşdə iştirak edən valideynlərə və müəllimlərə Masallı Bioloji Təbabət Klinikasının həyata keçirdiyi maarifləndirmə tədbirləri haqqında geniş məlumat verildi, onlara klinikanın hazırladığı bukletlər təqdim edildi.
Klinikanın əməkdaşları – həkim-fizioterapevt Günel Nəsibovanın, həkim-pediatr Əsli Kalbalıyevanın, klinik psixoloq Nigar Pənalıyevanın “Onurğa əyriliyi və onun yaranma səbəbləri”, “Kəskin respirator virus infeksiyaları ilə mübarizə” və “Məktəbli şəxsiyyətinin psixologiyası” mövzularında söhbətləri valideynlər, müəllimlər tərəfindən maraqla dinləndi. Həm də İnteraktiv formatda keçən görüşdə iştirakçıların maraq dairəsində olan suallar da həkimlər tərəfindən cavablandı.
“Sağlam məktəbli - Xoşbəxt gələcək” maarifləndirmə marafonunun əsas məqsədi haqqında söz düşəndə həkim-fizioterapevt Günel Nəsibova dedi: - Burada birinci məsələ valideynlərə müxtəlif mövzularda məlumatlar verib onların sayıqlığını artırmaqdır. Daha sonra valideyn və müəllimləri məktəblilərə münasibətdə müasir yanaşmalara yönəltmək, eləcə də məktəblilər arasında sağlam həyat tərzini təbliğ etmək, bu yolla təhsilə və xoşbəxt gələcəyə töhfə verməkdir.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü