Paytaxtda və ətraf ərazilərdə, həmçinin respublikanın digər bölgələrində illər öncə tikilmiş əksər çoxmərtəbəli yaşayış binalarında problemlər yaşanmaqdadır.
Artıq neçə illərdir kanalizasiya, su, qaz və elektrik xətləri ilə əlaqədar yaranmış məsələlər ictimaiyyətdə müzakirə mövzusuna çevrilməklə yanaşı, həm də ciddi narahatlıq doğurub. Son vaxtlar isə həm də bəzi “göydələn“lərdə əyilmələrin və çatların müşahidə olunması yaranmış narazılıqları artırmaqla bərabər, həmin binalarda yaşayanların taleyini də sual altına qoyub.
Belə bir vəziyyət Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış Qobu Park-1 yaşayış kompleksində qeydə alınıb. Adıçəkilən yaşayış kompleksində yaşayan vətəndaşlar binanın qəzalı vəziyyətdə olması ilə bağlı narazılıq edir. Onlar kompleksdə yerləşən səkkiz nömrəli binanın hətta uçmaq təhlükəsi olduğunu iddia ediblər. Sakinlər iddia edir ki, bina təxminən 20-30 santimetr önə doğru əyilib: “Zirzəmidə yeni qapıların açılması bünövrəyə mənfi təsir göstərib. Binada yaşamaq təhlükəlidir”.
“Zirzəmidə yeni qapıların açılmasının bünövrəyə mənfi təsir göstərməsi ilə bağlı səsləndirilən fikirlər əsassızdır”
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirildi ki, məsələ barədə araşdırma aparılır: “Dövlət komitəsi, Fövqəladə Hallar Nazirliyi və yaşayış kompleksinin podratçısı “Kristal Abşeron” şirkətinin nümayəndələri birlikdə binaya baxış keçirib. Binanın texniki cəhətdən yararlılığının yoxlanılması ilə bağlı müvafiq işlər və araşdırma aparılır. Zirzəmidə yeni qapıların açılmasının bünövrəyə mənfi təsir göstərməsi ilə bağlı səsləndirilən fikirlər əsassızdır. Aidiyyəti qurumlar tərəfindən aparılan araşdırmanın nəticəsinə uyğun əlavə məlumat veriləcək”.
Günel CƏLİLOVA