Məcburi köçkünlərə verilən oktyabr ayı üzrə müavinətdən yenə 5 – 12 manat tutulub. Məcburi köçkünlərin dediyinə görə, Kapital Bank artıq bu il üçüncü dəfədir ki, məcburi köçkünlərə verilən müavinətdən qeyri-qanuni haqq tutur. Birinci tutulma mart, ikinci tutulma isə may ayında olub.
Bir ildə üçüncü dəfə müavinətin tutulması məcburi köçkünlərin narazılığına səbəb olub. Şikayətçilərin sözlərinə görə, birinci tutulmada əsas gətirilib ki, müavinət guya bank xidmətləri üçün çıxılıb. Halbuki, xidmət haqqı ildə bir dəfə tutulur.
Təxminən 600 minə qədər məcburi köçkünün plastik kartla “çörək pulu” aldığını nəzərə alsaq, bu, təqribən 3 milyon manata yaxın vəsait edir. Nəzərə alsaq ki, sözügedən tutulma bir ildə üç dəfə baş verib, bu, il ərzində təxminən 9 milyon manata yaxın vəsait edir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi: “Hər bir məcburi köçkün üçün ayrılmış vəsait onun üzvü olduğu ailə başçısının adına açılan bank hesab kartına köçürülür”
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirildi ki, müvafiq qayda əsasında hər bir məcburi köçkün üçün ayrılmış vəsait onun üzvü olduğu ailə başçısının adına açılan bank hesab kartına köçürülür.
Mayis Əliyev: “Məcburi köçkünlər əvvəl məskunlaşdıqları ərazilərə geri döndükdə onlara verilən müavinətdən 3 il müddətinə yararlana bilərlər”
Sosial sahə üzrə ekspert Mayis Əliyev bildirdi ki, məcburi köçkünlər əvvəl məskunlaşdıqları ərazilərə geri döndükdə onlara verilən müavinətdən 3 il müddətinə yararlana bilərlər: “Hazırda məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətinin və kommunal xidmətlər üzrə güzəştlərin əvəzinə vahid aylıq müavinət verilir. Məlumat üçün bildirim ki, bu gün məcburi köçkünlərin 81 min 476 nəfəri 33, 415 min 81 nəfəri isə ayda 60 manat olmaqla vahid aylıq müavinət alır. Məcburi köçkünlərin müavinətindən müəyyən məbləğdə pulun tutulması düzgün deyil. Xidmət haqqı ildə bir dəfə tutulur. Müqavilələrdən asılı olaraq bankların hansısa formada xidmət haqqı tutmaq səlahiyyəti var. Amma bu tipli sosial müavinətlərdən bankların xidmət haqqı cəlb etməsi düzgün deyil”.
Günel CƏLİLOVA