30 il düşmən işğalına məruz qalan Qarabağ torpaqlarının azadlığı uğrunda rəşadətli Azərbaycan Ordusu şanlı döyüş yolu keçdi. Cəsur Vətən oğulları canını qurban verməklə 44 günün içində xalqımıza zəfər sevinci yaşatdılar. Lənkəran rayonunun Liman şəhər sakini Kamran Ceyhun oğlu Səmədov də həmin qəhrəmanların cərgəsində idi. Müharibə başlanan gündən Lənkəranın igid oğlu döyüşlər zamanı yüksək qəhrəmanlıq göstərərək düşmənə sarsıdıcı zərbələr vurub. Döyüşlərin birində şəhidlik zirvəsinə yüksəlir. Lənkəranın digər şahidləri kimi Kamranın da xatirəsi bir an belə unudulmur, daim əziz tutulur.
Doğulub boya-başa çatdığı doğma Liman şəhərində onun adına bulaq tikilib. Bulağın açılışı oldu. Mərasimdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətin başçısı Taleh Qaraşov bildirdi:- Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı qələbənin tarixi əhəmiyyəti olduqca böyükdür. Tariximizin bu zəfər səhifəsi məhz qəhrəman oğulların şücaəti və şəhidlərin qanı bahasına yazıldı. Şəhidlərin əziz xatirəsin heç vaxt Azərbaycan xalqı tərəfdən unudulmaz. Bir daha xalqını, torpağını canından çox istəyən vətənpərvər övladlar yetirən bütün valideynlərə təşəkkür edirəm.
Şəhidin atası Ceyhun oğlunun mübarizə meydanında göstərdiyi qəhrəmanlıqdan qürurla danışdı. Dedi ki, Kamran elə Vətən üçün doğulmuşdu. Müharibəyə könüllü getdi. 32 gün yağılara qarşı igidliklə döyüşdü. Qubadlıda şəhid oldu. Mən fəxr edirəm ki, oğlum öz Vətəni üçün canından keçib. Bütün Azərbaycan Kamranı özünə oğul bilir. Övladımın əziz xatirəsinin ədədiləşdirilməsi ilə bağlı görülən işlərə, ailəyə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdaram.
Digər natiqlər də çıxışlarında 44 günlük Vətən müharibəsində qəhrəmancasına vuruşaraq həlak olan şəhidlərə sonsuz hörmət və ehtiramlarını ifadə etdilər. Tədbirin sonunda isə məktəblilərin ifasında şəhidlərə həsr olunmuş şerlər dalğa-dalğa ətrafa yayıldı... .
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü