Qarşıdan gələn Zəfər günü münasibətilə Yardımlı rayon Heydər Əliyev Mərkəzində keçirilən növbəti tədbir İkinci Qarabağ müharibəsində haqq savaşımızda qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Yardımlının igid oğlu Əli Rzalının əziz xatirəsinə həsr olunmuşdu. “Örnək ömür” adlı tədbirdə Mərkəzin rəhbərliyi və əməkdaşları, şəhidin atası Nuru Rzalı iştirak edirdi.
Adəti üzrə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən oğulların əziz xatirəsini ehtiramla yad etməkdən ötrü bir dəqiqəlik vaxt ayrıldı.
Mərkəzin direktoru vəzifəsini icra edən Aqil Ağayev çıxışda bildirdi ki, Zəfərimizin memarlarına çevrilən şəhid və qazilərimizin Vətən müharibəsində göstərdikləri şücaətindən bütün xalq qürur duyur. Vətənin qalib şəhidi Əli Rzalının adı da qəhrəmanlıq simfoniyasına dönərək Yardımlı camaatının dilindən düşmür. Dövlətimizdə şəhid ailələri və qaziləri bir an belə unutmur.
Şəhid atası Nuru Rzalı tədbirin təşkilinə görə Mərkəzin rəhbərliyinə minnətdar olduğunu bildirib dedi: - Ata ürəyidir, övladım haqqında mənə danışmaq çətin gəlir. Əli Vətən naminə öz canından keçdiyi üçün təkcə mənim yox, bütün Azərbaycan xalqının oğludur. Oğlum uşaqlıqdan Vətəninə, torpağına məhəbbət ruhunda böyümüşdü. Odur ki, əzəli yurd yerimiz olan, 30 il düşmənin tapdağında qalan Qarabağın azadlığı uğrunda qəhrəmanlıqla döyüşüb şəhid oldu. Bir şəhid atası olaraq torpaq uğrunda qan tökən bütün şəhidlərin adı mənə əziz və doğmadır.
Tədbirin sonunda Əli Rzalının Mərkəzin könüllüsü tərəfindən hazırlanmış portreti şəhidin atasına təqdim olundu.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü