Sumqayıt şəhərində yerləşən 16 saylı yataqxanada acınacaqlı vəziyyət qeydə alınır. Yataqxanada vəziyyət o həddə çatıb ki, yaşayış artıq mümkünsüz hal gəlib.
Həmin binanın sakinləri bildirir ki, binada yaşamaq olduqca təhlükəlidir: “Binada qorxa-qorxa yaşayırıq. Binanın sütünları çöküb. Bina hər an çökə bilər. İstifadədə olan ayaqyolu yararsız hala düşüb. Elektirik naqlləri insanların həyatı üçün təhlükəlidir. Binanın zirzəmisi su içindədir. Qadın və uşaqlar sərbəst hərəkət edə bilmirlər. Binada yaşayış mümkünsüz vəziyyətdədir. Yataqxananın qəzalı vəziyyətdə olduğu rəsmən təsdiqlənsə də, illərdir heç bir tədbir görülmür. Binanın təmiri ilə bağlı aidiyyəti qurumlara müraciət etsək də, hər hansı bir cavab verilməyib. Hər gün təhlükə ilə üz-üzə yaşayırıq”.
Qeyd edək ki, Prezident İlham Əliyev bir neçə il əvvəl qəzalı vəziyyətdə olan yataqxanaların sökülməsi ilə bağlı göstəriş vermişdi. Ancaq buna baxmayaraq, Bakı və Sumqayıtda yetərincə qəzalı vəziyyətdə olan yataqxanalar var.
Sumqayıt şəhərində yerləşən 16 saylı yataqxananın vəziyyəti ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirildi ki, aidiyyəti qurumlar tərəfindən yataqxanaya baxış keçirilib. Su və işıqla bağlı mövcud çatışmazlıqların aradan qaldırılması üçün hazırda binada iş gedir: “Mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlara məlumat veriləcək”.
Günel CƏLİLOVA