Yazıçı-publisist Kənan Hacının yeni kitabı işıq üzü görüb. “Hakimə açılan atəş” romanında Birinci Qarabağ müharibəsində Füzuli rayonu ərazisində, Kültəpədə düşmən tankından atılan mərmiyə tuş gəlib şəhid olmuş Zərdab Rayon Məhkəməsinin sədri Məhərrəm Məmmədovun həyat yolundan bəhs olunur.
Bu barədə “Bakı-Xəbər”ə K.Hacı özü məlumat verib. Müəllif əsərində ədalətli hakim, el-obanın dərd-sərilə, qayğılarıyla yaşayan vətəndaş, mərd və döyüşkən şəxsiyyət obrazı yaradıb.
Kənan Hacı səkkiz aya yazdığı “Hakimə açılan atəş” romanında Azərbaycanın müstəqillik qazandığı dönəmdə baş verən hadisələrə də geniş yer verib.
K.Hacının “Hakimə açılan atəş” romanının Sumqayıt 1-ci Kitab Sərgisində təqdimat mərasimi keçirilib və sərginin ən çox satılan kitabları listəsində olub.
K.Hacının verdiyi məlumata görə, 200-dən çox kitab satılıb. “Sumqayıt Kimyaçılar Mədəniyyət Sarayında iynə atsaydın, yerə düşməzdi. Tədbirin təşkilatçısı ANİB - Azərbaycan Naşirlər İctimai Birliyidir. Mənim kitabım isə BIZ Klubun stendində nümayiş olunurdu” - deyə yazıçı bildirdi.
İradə SARIYEVA