Son zamanlar fırıldaqçılıq halları artıb. Naməlum şəxslər elan saytlarına dəyərindən daha ucuz qiymətə avtomobil, daşınmaz əmlak və s. yerləşdirir və çox sayda insandan “beh” alaraq, onların vəsaitini mənimsəyirlər. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev belə halların olduğunu media nümayəndələrinə açıqlamasında təsdiqləyib. Bildirib ki, bunun qarşısının alınmasının birinci şərti vətəndaşın ehtiyatlı və diqqətli olmasıdır.
Qeyd edək ki, son zamanlar əmlak alqı-satqısı zamanı daha çox dələduzluq hallarının yaşandığının şahidi oluruq. Ev və ya maşın alqı-satqısı zamanı dələduzluq faktları xüsusən çoxdur. Ümumi müşahidələr bunu göstərir ki, ev, maşın alqı-satqısının etibarnamə əsasında həyata keçirilməsi özü ilə parallel dələduzluq hallarına səbəb olur. Etibarnamə ilə mülk satan şəxs ixtiyarı olmadığı halda başqa bir əməliyyat etdiyi üçün mülkü əlindən alınır. Avtomobil alqı-satqısı zamanı işin rəsmiləşdirilməsi bir qədər vaxt aparan və maliyyə vəsaiti tələb eləyən məsələdir. Bu məqamların qarşısını almaq üçün həmin sahədə əməliyyatları sadələşdirmək lazımdır. Nəzərə almaq lazımdır ki, ölkədə 90 faiz avtomobillər etibarnamə əsasında satılıb. Avtomobili etibarnamə ilə satan adamın hansısa bankla problemi çıxanda isə məhkəmə onun əmlakına həbs qoyur. Nəticədə etibarnamə ilə avtomobil alan şəxs də mülkiyyətindən məhrum olur.
“Vətəndaşlar elan saytlarından ev alarkən və ya kirayələyərkən evə baxmamış ödəniş etməyə tələsməsinlər”
Əmlak eksperti Elnur Fərzəliyev bildirdi ki, ev elanı yerləşdirilən saytlarda özünü ev sahibi kimi təqdim edən şəxslər mənzilləri nisbətən ucuz qiymətə təklif edirlər: “Qiymətin ucuz olduğunu görən müştəri fırıldaqçının toruna düşür. Müştəri aldadıldığının fərqinə varmadan elanda yerləşdirilən nömrə ilə əlaqə saxlayır. Fırıldaqçılar çox vaxt xarici nömrədən istifadə edir və bəhanələr gətirərək müştəridən beh istəyir. Ucuz mənzili əldən vermək istəməyən müştəri tez karta pul köçürür. Və nəticədə kirayə mənzil axtaran şəxs bilmədən fırıldaqçıların qurbanı olur. Məlumdur ki, alqı-satqı saytlarında hər kəs elan yerlədirə bilər. Fırıldaqçıları belə olduqda ayırd etmək çox çətindir. Yaxşı olar ki, elanda olan evə şəxsən gedib baxılsın. Elanda yerləşdirilən evin həqiqətən olduğuna əmin olsun. Vətəndaşlar elan saytlarından ev alarkən və ya kirayələyərkən evə baxmamış ödəniş etməyə tələsməsinlər. Kirayə mənzil götürərkən mütləq müqavilə imzalamaq lazımdır ki, sonra əlavə problemlər yaranmasın”.
Günel CƏLİLOVA