Son bir ay ərzində Azərbaycanda koronavirusa yoluxma sayının artması fonunda dezinfeksiya işlərinin səngidiyi müşahidə olunur.
Qeyd edək ki, koronavirusla bağlı hər həftə paytaxt küçələrinin, idarə və tədris müəssisələrinin dezinfeksiya olunmasının şahidi olurduq. Ancaq son bir aydır ki, bu barədə məlumatlar yayılmır. O da məlumdur ki, son həftələr virusa yoluxanların sayı 2000-dən çoxdur. Yoluxma sayının artdığı ərəfədə dezinfeksiya işləri nə səbəbdən dayandırılıb?
Bakı Şəhər İcra Hakimiyyəti: “…yağışlı hava şəraiti ilə bağlıdır”
Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirildi ki, küçələrin dezinfeksiyasının dayandırılması yağışlı hava şəraiti ilə bağlıdır: “Qurum hər həftənin şənbə və bazar günlərində bağçalarda dezinfeksiya həyata keçirir”.
Pərvanə Mustafayeva: “Yaşayış yerlərində, ictimai-iaşə obyektlərində və digər yerlərdə bu dezenfeksiya işləri davam etdirilməlidir”
Həkim ekspert Pərvanə Mustafayeva bildirdi ki, dezinfeksiya işlərini sübh zamanı, səhər saatlarında – avtomobillərin və piyadaların hərəkətinin intensiv olmadığı vaxtlarda aparmaq lazımdır: “Biz öz qorunma tədbirlərimizi davam etdirməliyik. Düzdür, bir çox yumşaldılmalara gedilib, yenə də özümüzü qorumalıyıq. Virusun bir ştammı bitməmiş digəri yayılmağa başlayır. Bu proseslərə görə də deyirlər ki, Azərbaycana növbəti dalğa gələcək. Həqiqətən də gələ bilər. Çünki hava sərhədləri açıqdır və bir çox ölkədə də bu ştammlar yayılıb. Biz sadəcə gəlməməsi üçün çalışmalıyıq. Fikir versəniz görərsiniz ki, artıq ölkədə yollar əvvəlki qədər dezenfeksiya olunmur. Yaşayış yerlərində, ictimai-iaşə obyektlərində və digər yerlərdə bu dezenfeksiya işləri davam etdirilməlidir. Nəzərə almaq lazımdır ki, görülən bu tədbirlər pandemiya dövründə virusun qarşısının alınması üçün konkret nəticələrin əldə olunmasına şərait yaradır”.
Günel CƏLİLOVA