5 ildən çoxdur ki, ictimai nəqliyyatda vahid kartdan nağdsız ödəniş sistemi tətbiq edilib. Bakıda nəqliyyat sektorunda vahid ödəniş kartlarının tətbiqi sərnişinlərin işini asanlaşdırıb.
Məlumdur ki, şəhərin əksər ərazilərində yükləmə aparatı yerləşdirilib. Və həmin aparatlar vasitəsilə “Bakı kart”ın balansını artırmaq mümkündür. Ancaq son günlər bu məsələ ilə bağlı problem yaşanır. Belə ki, şəhərin bir çox ərazisində sözügedən yükləmə aparatlarından “Bakı kart”ın balansını artırmaq mümkün olmur. Paytaxtda bir çox ərazidə quraşdırılan ödəmə aparatları ya manat qəbul eləmir, ya da qəpik. Eyni zamanda, sərnişinlərin sıx toplaşdığı dayanacaqların bir çoxundan “Bakı kart” ödəmə aparatları yığışdırılıb ki, bu da insanların haqlı narazılığı ilə qarşılanır.
“Hər avtobus dayanacaq məntəqəsində ödəmə terminallarının qoyulması nəzərdə tutulmayıb və ödənişi həyata keçirmək üçün digər vasitələr istifadəyə verilib”
Məsələ ilə bağlı fikir bildirən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, hər avtobus dayanacaq məntəqəsində ödəmə terminallarının qoyulması nəzərdə tutulmayıb və ödənişi həyata keçirmək üçün digər vasitələr istifadəyə verilib: “Bakı kart”a ilk keçid vaxtı və ondan sonrakı vaxtlarda ödəmə terminalları əsas cəlbetmə məntəqəsi olan avtobus dayanacaq məntəqələrində quraşdırılırdı. Yəni hər avtobus dayanacaq məntəqəsində ödəmə terminallarının qoyulması nəzərdə tutulmayıb. Sərnişinlərimizin rahatlığını nəzərə alaraq dayanacaq məntəqələrindən kənarda “Bakı kart”ın balansını artırmaq üçün vasitələr istifadəyə verilib. Əvvəlcədən də məlumat verdiyimiz kimi, artıq internet portalı (online.bakikart.az) üzərindən, 200-dən artıq OBA marketdə kassalarda quraşdırılan pos-terminallar və MilliÖn-ə məxsus 1000-ə yaxın ödəmə terminalından istifadə etməklə “Bakı kart”ın balansını artırmaq mümkündür”.
Günel CƏLİLOVA