44 günlük Vətən müharibəsində böyük şücaətlər göstərən polkovnik Babək Səmidli xalqımızın qürur duyduğu, gəncliyimizin özünü bənzətdiyi qəhrəmanlardan biridir. Vətən müharibəsindən sağ çıxsa da, şəhid olmuş əsgərlərin cəsədini axtararkən 2020-ci ilin noyabrında Suqovuşanda düşmənin basdırdığı minaya düşərək şəhid olub.
Şəhid polkovnik Babək Səmidlinin adı, qəhrəmanlığı cəmiyyətin hər bir nümayəndəsinə məlumdur. Çox təəssüflər olsun ki, xalqımızın qəhrəman oğlu şəhid polkovnik B.Səmidlinin adından istifadə edən dələduz dəstə peyda olub. Belə ki, dələduzlar şəhid polkovnik Babək Səmidlinin adına sosial şəbəkələrdə səhifə açıb pul yığırlar, hətta bank hesabı da açıblar.
Birinci dəfə deyil ki, bizim cəmiyyətdə şəhid adından istifadə edilir.
Şəhid polkovnik Babək Səmidliyə qarşı sosial şəbəkələrdə təxribatı kim idarə edir?..
Mətləb Səmidli: “Allah bu əməli törədənlərin cəzasını versin”
Şəhid polkovnikin atası Mətləb Səmidli “Bakı-Xəbər”ə bildirdi ki, bu barədə ilk dəfədir eşidir: “Birinci dəfədir ki, sizdən eşidirəm. Oğlumun adından kimlər səhifə açıblar bilmirəm. Babəkin adından kiminsə istifadə edib bu cür çirkin işlər görməsi yolverilməzdir. Allah bu əməli törədənlərin cəzasını versin. Bizim ailənin heç nəyə ehtiyacı yoxdur, biz heç kəsə nəyə görəsə müraciət etməmişik. Bizim o səhifədən xəbərimiz yoxdur, o səhifəni kim açıb və oğlumun adından istifadə edibsə Allah cəzasını verin”.
Tərlan Eyvazov: “Şəhid polkovnikin adından istifadə edən dələduzlardır, onlar ifşa edilməlidir”
Şəhid polkovnikin yaxın dostu olmuş tanınmış hərbi ekspert Tərlan Eyvazov isə bizimlə söhbətində bildirdi ki, bu təxribatı törədənlər cəzasız qalmamalıdır: “Mən bu barədə paylaşımı dünən görmüşəm. Çox təəssüflər olsun ki, dələduzlar hər şeyə əl atırlar. Necə ki, gedib çəkiliş adı ilə şəhid ailələrindən pul yığırlar, eləcə də belə təxribatlardan istifadə edirlər. Bu dələduzlar gedib şəhidlərin adına bank hesabı açıb ora pul köçürdürlər. Bu tam dələduzluqdur. Babək Səmidlinin oğlu Mətləblə də sıx əlaqəmiz var, dostluğumuzu onunla davam etdiririk. Onun ailəsi heç zaman belə iş etməyib, etməz də. Onların bu məsələ ilə heç bir əlaqəsi yoxdur. Şəhid polkovnikin adından istifadə edən dələduzlardır, onlar ifşa edilməlidir. Bu dələduzların da kimliyinin tezliklə aşkarlanacağına inanıram. Çünki artıq bu məsələ ictimailəşib, mətbuatın da köməkliyi ilə onlar ifşa ediləcək”.
T.Eyvazov deyir ki, müharibələr zamanı və ondan sonra dünyanın hər yerində bu kimi hallar baş verir və dələduzlar İkinci Dünya müharibəsində də, Birinci Qarabağ savasında da və sair belə işlər görüb. “Fırıldaq, dələduz adamlar həmişə olub və onlar da həmişə belə məsələlərdən istifadə edirlər” - deyə T.Eyvazov qeyd etdi.
İradə SARIYEVA