20/09/2020 12:25
728 x 90

Rəng ustadı Xalidə Səfərova - FOTO

img

İnsanlar hər zaman özündən sonra qoyub getdikləri ilə xatırlanar. Azərbaycan rəngkarlığına unudulmaz irs qoyan dahi rəssamlarımızdan biri də Xalidə Səfərovadır. İlk rəssamlıq təhsilini Əzim Əzimzadə adına Rəssamlıq məktəbində almışdır. Onun təhsil aldığı illər Böyük Vətən müharibəsinə təsadüf etdiyi üçün diplom işini “Cəbhədən gələn məktub” mövzusuna yönəltdi. Rəssamın diplom işinin müdafiəsində iştirak edən Azərbaycan Xalq artisti Bülbül çıxışında Xalidə Səfərovanı işinə görə yüksək qiymətləndirmişdir.

Xalidə Səfərova həyatının çox hissəsini molbert arxasında keçirmişdir. Fırça ilə rənglərin dilindən istifadə edərək bir çox mövzuda əsərlər yaratmışdır. Portret, natürmort, tematik kompozisiyalar, etüdlər, qrafik əsərlərin müəllifidir.

Xalidə Səfərovanın bir qisim işləri var ki, əməkçi insanlara həsr etmişdir. Bu mövzuda “Bürkü”, “Səhər”, “Axşam”, “Üzüm yığımı”, “Nar yığımı”, “Ağac altında”, “Bağda”, “Qızıl payız” kimi əsərləri vardır.

Rəssam əsərlərində, əsasən, kənddə yaşayan qadın obrazlarına maraq göstərirdi. Bu əsərlərə baxdıqda portret və mənzərə janrlarının sintezini görürük. Tablolarda Azərbaycan torpaqlarının məhsuldarlığını, bolluğunu və insanların şən ruhunu görmək mümkündür.

Sənətkar insanların həyat tərzindən bir parça verməklə onların necə zəhmətkeş, torpağa bağlı olduğunu göstərir. Əsərlərə diqqət yetirdikdə obrazların təbiətlə harmoniyası izləyiciyə də ötürülür. Burada təsvir edilmiş qəhrəmanların geyim biçimi, geyimlərini bəzəyən naxışlar, baş örtükləri dəqiqliklə verilmişdir. Bu da rəssamın milli-mənəvi ruhundan irəli gəlir və tablolara da bunu əks etdirməyi bacarmışdır. Rəssam yalnız obrazların xarici görünüşünü deyil, daxili aləminidə üzə çıxara bilmişdir. Bir qadın ruhuyla obrazlarını çox nəcib, incə, gülərüz şəkildə təsvir edib. Əsərlər öz milli koloriti ilə seçilir. Rənglər qatı, işıqlı, aydın şəkildə verilmişdir. Hətta bunu deyə bilərik ki, rəssam əlvan boyalar ustadı kimi şöhrət qazanıb. Bunun təsiri olaraq əsər insanda xoşbəxt gələcəyə ümidlər doğurur.

Beləliklə, Xalidə Səfərova Azərbaycan rəngkarlığını şölə saçan çıraq kimi işıqlandırır.

Nərmin ALLAHVERDİYEVA
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının
Sənətşünaslıq fakültəsinin IV kurs tələbəsi

Son xəbərlər