Koronavirus pandemiyası zamanı Azərbaycan daxilində tətbiq olunan hərəkət məhdudiyyəti rayonlardan ölkənin əsas bazarına – Bakıya kənd təsərrüfatı məhsullarının daşınmasında çətinliklər yaratdı.
Belə ki, karantin tədbirləri çərçivəsində kiçikhəcmli yük maşınları ilə daşımalar qadağan edildi. Azərbaycanda rayonlardan aqrar məhsullar əsasən xırda və orta tutumlu maşınlarla daşındığına görə nəticədə qadağalar xeyli sayda insanın daşımalardan kənarda qalmasına səbəb oldu.
Artıq ölkədə tez xarab olan kənd təsərrüfatı məhsullarının yığım və satış dövrü başlamaq üzrədir. Mövcud karantin rejimi şəraitində heç də hamının öz məhsulunu böyük maşınlarla daşımaq imkanı yoxdur.
Pandemiya dövründə aqrar məhsulların bazar problemini necə həll etmək olar?
“Aqrar məhsulların topdansatış infrastrukturu əsasən iri bazarların yaxınlığında formalaşdırıldıqda daha effektiv olur”
Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirdi ki, aqrar sektorun inkişafı baxımından ən aktual məsələlərdən biri məhz kənd təsərrüfatı məhsulları üzrə logistika infrastrukturunun formalaşdırılmasıdır: “Xüsusilə ixtisaslaşmış topdansatış institutlarının yaradılması aktualdır. Bu baxımdan bizdə logistik infrastruktur üçün yaxşı baza kimi çıxış edə biləcək soyuducu anbarlar infrastrukturu kifayət qədər formalaşdırılıb. Bundan sonrakı ehtiyac bu infrastruktur üzərində peşəkar topdansatış institutunun formalaşdırılmasıdır. Buna görə də kənd təsərrüfatı məhsullarının logistikası ilə bağlı bütün təşəbbüslər aktualdır. Bu institutun hansı formatda olmasını özəl sektor müəyyənləşdirməlidir. Bu, adicə topdansatış üzrə platforma kimi də, birja formatında da ola bilər”.
Mərkəz rəhbəri onu da əlavə etdi ki, bununla bağlı Şərqi Avropa ölkələrinin təcrübəsi öyrənilir: “Təcrübə göstərir ki, aqrar məhsulların topdansatış infrastrukturu əsasən iri bazarların yaxınlığında formalaşdırıldıqda daha effektiv olur. Yəni Azərbaycanda ən böyük bazar Bakı şəhəridirsə, topdansatış infrastrukturu da onun yaxınlığında olmalıdır. Bizdə rayonlarda kiçikhəcmli də olsa, topdansatış infrastrukturlar var. Özəl sektor maraqlı olarsa, regional infrastrukturlar da yarada bilər. Dövlətin burada dəstəyi həmişəki formada ola bilər. Bildiyiniz kimi, dövlət logistik mərkəzlərin yaradılmasına güzəştli kreditlər vasitəsilə dəstək verir. İndi də özəl sektor istəyərsə, dövlət dəstəyini əldə edə bilər”.
Günel CƏLİLOVA