Xəbər verildiyi kimi, kredit borcu olan vətəndaşlar ünvanlı dövlət sosial yardımı ala biləcəklər. Bunu ƏƏSMN-in şöbə müdiri Babək Hüseynov bildirib.
O qeyd edib ki, kreditlərin ünvanlı sosial yardımın təyin edilməsində heç bir əhəmiyyəti qalmayacaq: “Bəzi vətəndaşlarla əmək müqavilələri bağlananda onlar kağız üzərində bağlanır və elektron əmək müqavilələri bildiriş sisteminə işlənməyib. Biz də bu zaman vətəndaşın işləyib-işləmədiyini bilmirik. Hazırda bu problem həll olunur".
Kredit borcu olan vətəndaşlara ünvanlı sosial yardımın verilməsi ekspertlər tərəfindən də müsbət qarşılanır.
“Bu məsələ xüsusi komissiya tərəfindən araşdırılmalı, həqiqətən də krediti ödəməkdə çətinlik çəkən şəxslərə...”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, kredit borcu olan vətəndaşlara ünvanlı sosial yardımın verilməsi təqdirəlayiqdir: “Elə ailələr var ki, onlar bankdan kredit götürsələr də, onu qaytarmaqda çətinlik çəkirlər. Bu kimi ailələlərə dəstək olmaq məqsədilə onlara ünvanlı sosial yardımın verilməsi düzgün qərar olar”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, kredit borcu olan şəxslərə ünvanlı sosial yardımın təyin edilməsi xüsusi komissiya tərəfindən araşdırılmalıdır: “Bəzi şəxslər ünvanlı sosial yardım almaq üçün krediti ödəməyəcəklər. Və ya hər kredit götürən şəxsə də ünvanlı sosial yardım verilməməlidir. Bu çox həssas məsələdir. Bu məsələ xüsusi komissiya tərəfindən araşdırılmalı, həqiqətən də krediti ödəməkdə çətinlik çəkən şəxslərə ünvanlı sosial yardım verilməlidir”.
Günel CƏLİLOVA