Bəzi Avropa ölkələrində karantin rejimi yumşaldığı üçün maska taxmaq məcburi olub. Belə ki, Polşada aprelin 16-dan vətəndaşlara maska taxmaq məcburi xarakter daşıyır. Almaniyada aprelin 27-dən küçəyə çıxan şəxslər məcburən maska taxırlar. Ehtimal ki, maska taxmaq məcburiyyəti qadağaların yumşalması ilə bağlıdır.
Məlumdur ki, mayın 4-dən etibarən Azərbaycanda da karantin rejimi yumşaldılıb. Karantin rejimi yumşaldığı üçün müəyyən səbəblərdən küçəyə, harasa gedənlər ictimai nəqliyyatdan istifadə etməli olur. İctimai nəqliyyatdan istifadə edən şəxslərin məcburi tibbi maska taxması müzakirə olunur.
Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov media nümayəndələrinə açıqlamasında qeyd edib ki, vətəndaşların ictimai nəqliyyatda maskalardan istifadə etməməsi ilə bağlı cərimələr müzakirə olunur: “Bununla bağlı müzakirələr başa çatandan sonra qərar veriləcək. İctimai nəqliyyatda maskalardan istifadə etməməklə bağlı cərimə tətbiq oluna bilər”.
Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimli də media nümayəndələrinə açıqlamasında qeyd edib ki, ictimai nəqliyyatda tibbi maska taxmaq zəruridir və tələb olunur: “Bu məsələnin cərimələnmə mexanizmi ilə bağlı Operativ Qərargah yaxın günlərdə açıqlama verəcək”.
Ekspertlər də tək ictimai nəqliyyatda deyil, qapalı məkanlarda maska taxılmanın məcburi olduğunu düşünürlər.
Professor, tibbi ekspert Adil Qeybulla bildirdi ki, maska taxmaq məcburi olmalıdır: “Çünki xəstəliyi yüngül keçirən insanlar var ki, onlarda müəyyən simptomların olması mümkündür. Hətta simptomsuz virusgəzdirənlik ola bilər. Həmin insanlar xəstəliyin hansısa əlamətini özündə hiss etməsə də, virus ifraz etməkdə davam edirlər. Bu baxımdan hər bir insan təhlükəlidir. Ona görə də karantin rejimi bitəndən sonra Azərbaycanda da müəyyən müddətdə insanların maska taxması məcburi olmalıdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, virusların əksəriyyəti hava-damcı yolu ilə yayılır. Maskalar isə havadakı virusları keçirtmədiyi üçün effektlidir. Bu maskalar virusların yayılmasının qarşısını almaqda xüsusi kömək etmiş olur. Lakin maskalardan daimi istifadəyə ehtiyac yoxdur: “İnsanların kütləvi olduğu yerlərdə, ictimai nəqliyyatda, metroda və s. taxmaq lazımdır. Bəzən insanlar xəstə olarkən ev şəraitində də maskadan istifadə edirlər. Evdə qoruyucu maska taxmağa ehtiyac yoxdur. Onun əvəzində otağın havasını dəyişmək, otağa gün işığının düşməsini təmin etmək lazımdır”..
Günel CƏLİLOVA