İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ictimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər siyahısını tərtib edib. Sənəd ictimai nəqliyyat işçilərinin və sərnişinlərin sağlamlığının qorunması məqsədilə koronavirus (COVID-19) infeksiyasının hazırda olan elmi araşdırma faktlarına əsaslanaraq tərtib edilib.
Məlumdur ki, COVID-19 infeksiyası insanlar arasında birbaşa hava-damcı yolu ilə və ya dolayı yolla kontaminasiya olunmuş səthlərə toxunduqdan sonra əlləri ağız boşluğu, gözlərə, buruna və s. toxunduqda ötürülür.
Xəstəliyin profilaktik tədbirlərinə əl gigiyenası, sosial məsafənin saxlanması, gözlərə, ağız boşluğuna, buruna toxunulmaması və tənəffüs gigiyenası aid edilir. İctimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi xəstəliyə yoluxma risqini azaldır.
Ekspertlər hesab edirlər ki, həmin qaydalara riayət olunarsa, koronavirusa qalib gəlmək mümkündür.
“...ikinci dalğa təhlükəsi ilə üz-üzə...”
Sosial sahə üzrə ekspert İlqar Hüseynli bildirdi ki, ictimai nəqliyyatda gigiyenik qaydalara riayət olunmalıdır: “İşçilər qoruyucu vasitələr və dezinfeksiyaedici ləvazimatlarla təmin edilməlidirlər. Həmçinin, infeksiyanın yayılmasının profilaktikasına dair məlumatlar və maarifləndirici materiallar elektron tablolar, nəqliyyat vasitələrində quraşdırılmış planşetlər vasitəsilə sərnişinlərə çatdırılmalıdır. Bilet kassalarının, ödəmə terminallarının qarşısında, nəqliyyat vasitəsini gözləyərkən belə, tibbi maska mütləq istifadə olunmalıdır. Bununla yanaşı, insanlar təhlükəsizlik üçün sosial məsafə saxlamalıdırlar”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, sərnişinlərlə sürücünün fiziki təmasının istisna edilməsi üçün nəqliyyat vasitələrində kabina yaradılmalıdır. Əgər kabina yoxdursa, şəffaf arakəsmə quraşdırılmalıdır.
Ekspert xüsusi olaraq vurğuladı ki, ictimai nəqliyyat vasitələrinin havası vaxtaşırı dəyişdirilməlidir. Avtobus və taksilər mütəmadi olaraq dezinfeksiya edilməlidir: “İctimai nəqliyyatda profilaktika qaydalarına riayət edilərsə, koronavirusun yayılmasının qarşısı alınar və ikinci dalğa təhlükəsi ilə üz-üzə qalmarıq”.
Günel CƏLİLOVA