Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyat və sərnişindaşıma ilə bağlı yeni fəaliyyət planı hazırlayıb və Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim edib.
Trend-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev jurnalistlərlə keçirilən onlayn mətbuat konfransında deyib.
Onun sözlərinə görə, vətəndaşların karantin rejiminə əməl etməməsi ictimai nəqliyyatın məhdudlaşdırılması ilə nəticələnə bilər: “Məlum olduğu kimi, Operativ Qərargah yoluxmanın artan xətt üzrə davam edəcəyi halda, vəziyyətə uyğun qərar veriləcəyini açıqlayıb. Karantin rejiminin uzadılması və daha sərt qərarların qəbulu zamanı ekspress avtobusların sayının azaldılması və ictimai nəqliyyatın fəaliyyətinin məhdudlaşdırılması nəzərdə tutulur. Bir daha vurğulamaq istəyirəm ki, bu, vətəndaşlarımızın karantin rejiminə əməl edib-etməməsindən asılıdır. Yekun qərar Operativ Qərargah tərəfindən veriləcək və dərhal icra olunacaq”.
BNA mətbuat katibi deyib ki, ölkədə xüsusi karantin rejimi tətbiq olunsa da, sərnişinlər avtobus və dayanacaqlarda sosial məsafəni gözləmir. Onun sözlərinə görə, sərnişinlər dayanacaq və marşrutlarda sosial məsafənin saxlanması tövsiyələrinə etiraz edirlər: "Səhər və axşam saatlarında avtobuslar məsafəli sərnişin daşıyarkən dayanacaqlardakı insanlar buna etiraz edirlər. Sərnişinlərə bir daha müraciət edirik ki, koronavirusdan qorunmaq üçün dayanacaq və avtobuslarda məsafə saxlasınlar. Karantin rejimində Bakıda sərnişin sıxlığı 30 faiz azalsa da, xarici ölkələrdə bu rəqəm 60-70 faizdir".