Koronavirusla mübarizədə Azərbaycanın dünyada öncül rolunu təmin edən daha bir fakt…

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə mühüm amillərdən biri müayinələrin düzgün aparılması və xəstəlik hallarının zamanında aşkarlanmasıdır. Koronavirusla bağlı müayinə sayına görə Azərbaycan MDB və Cənubi Qafqazda birinci yerdədir, hətta bir çox Avropa ölkəsini qabaqlayır.
Regionun və dünyanın təcrübəsi göstərir ki, infeksiyanın sürətlə yayılması və pik həddə doğru hərəkət etməsi bir çox obyektiv və subyektiv amillə bağlıdır. Hər bir ölkə və region üçün bu hal spesifikdir. Konkret ölkəmizdən bəhs etdikdə, ilkin dövrdə Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) məhdud şəkildə testlər alırdı və həmin dövrdə mövcud imkanlar çərçivəsində müayinələr aparılırdı. Sonrakı dövrdə ölkəmiz artıq özü kifayət qədər testlər almağa başladı. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə sərbəst şəkildə müayinələr aparılır.
- “Ölkəmizdə əhalinin koronavirusa dair müayinələrinin keçirilməsi ilə bağlı görülən işlər tam nəzarətdədir”
Həkim-ekspert Rasif Bağırov bildirdi ki, Azərbaycanda infeksiyaya yoluxmanın sayının məhz indi artmasının bir sıra səbəbləri var: “Yaddan çıxarmayaq ki, ilkin dövrdə infeksiya faktları müəyyən olunanda Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) məhdud şəkildə testlər alırdı və həmin dövrdə mövcud imkanlar çərçivəsində müayinələr aparılırdı. Sonrakı dövrdə ölkəmiz artıq özü kifayət qədər testlər almağa başladı. Əgər ilkin vaxtlarda ölkədə gündə cəmi 200-300 test keçirilirdisə, indi gündəlik müayinələrin sayı mindən çoxdur. Bu günədək ölkədə 50 minə qədər test keçirilib. Müayinələrin genişlənməsi yoluxma hallarını müəyyənləşdirmək üçün imkanları artırıb. Həmçinin, Azərbaycan yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar almaqdadır”.
Həmsöhbətimiz onu da vurğuladı ki, başlanğıc mərhələdə Azərbaycanda 200-300 test keçirilirdisə, indi gündəlik müayinələrin sayı mini ötüb: “Elə bu səbəbdəndir ki, yoluxma hallarını müəyyənləşdirib qarşısını almaq üçün imkanlar da genişlənib. Bu gün ölkəmizdə ən müasir standartlara cavab verən tibbi laboratoriyalar mövcuddur. Məlumat üçün bildirim ki, Azərbaycanda COVID-19-la bağlı 53 mindən artıq müayinə həyata keçirilib. Bu da əhalinin hər bir milyon nəfərinə düşən müayinənin sayının 5 mindən çox olduğunu göstərir”.
Ekspertin sözlərinə görə, ölkəmizdə əhalinin koronavirusa dair müayinələrinin keçirilməsi ilə bağlı görülən işlər tam nəzarətdədir. Bu istiqamətdə həyata keçirilən bütün işlər Azərbaycan dövlətinin koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması və insanların sağlamlığının qorunması istiqamətində mühüm tədbirlər planının bariz nümunəsidir.
Günel CƏLİLOVA