Azərbaycan Respublikasında tətbiq olunmuş xüsusi karantin rejimi əhalinin sağlamlığının qorunması və ölkənin təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan baki-xeber.com-a verilən məlumata görə, tədbiq olunmuş qaydaların, o cümlədən hərəkət məhdudiyyətinin vətəndaşlar tərəfindən icra olunması təqdirəlayiq hal kimi qiymətləndirilir.
Buna baxmayaraq, xüsusi karantin rejimi qaydalarının pozulmasına cəhdlər də müşahidə olunur.
Operativ Qərargah xəbərdarlıq edir ki, xüsusi karantin rejiminin tətbiqinə nəzarət edən aidiyyəti qurumlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” elektron sisteminə müraciət etməklə istənilən şəxsin əmək fəaliyyəti barədə müvafiq məlumat əldə etmək imkanına malikdirlər.
Vətəndaşın elektron sistemdə əmək müqaviləsinin olmadığı təqdirdə, yanlış məlumatı icaze.gov.az portalına daxil edən və ya saxta sənədi verən qurum və ondan istifadə edərək xüsusi karantin rejimini pozan şəxslər barədə qanunvericiliyə uyğun olaraq ölçü götürüləcəkdir.