Kənd Təsərrüfatı Nazirliyi koronavirusla əlaqədar Bərdədəki mal bazarının bağlanması səbəbindən ölkədə ət qıtlığının müşahidə edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov Trend-ə açıqlamasında deyib ki, Bərdədəki mal bazarının bağlanması ilə bağlı yayılan məlumatlar düzgün deyil, mal bazarı hər həftənin cümə günləri fəaliyyət göstərir.
Onun sözlərinə görə, rayonlardan Bakıya iri və xırdabuynuzlu mal-qaranın yük maşınları vasitəsilə kəsim məqsədilə daşınmasına məhdudiyyət yoxdur. Kənd təsərrüfatı məhsullarının, o cümlədən kəsim məqsədilə heyvanların orta və iritonnajlı maşınlarla daşınmasına qadağa qoyulmayıb.