Azərbaycanda 200 min vətəndaşın hərəsi 190 manat dövlət yardımı alacaq - kimlərdən söhbət gedir...

Məlum olduğu kimi, bu ilin aprel-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınmış 200 minə qədər şəxsə yaşayış minimumu qədər - 190 manat birdəfəlik ödəniş veriləcək.
Bu məsələ Nazirlər Kabinetinin təsdiq etdiyi, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.
İşsiz kimi qeydiyyata alınan şəxslərə 190 manat dəyərində ödəmə verilməsini ekspertər müsbət qarşılayırlar.
- “Tədbirlər Planı həm məşğul əhalinin, həm də işləməyən vətəndaşlarımızın sosial təminatını...”
Millət vəkili Vüqar Bayramov bildirdi ki, Baş nazir tərəfindən təsdiq edilən Tədbirlər Planı həm məşğul əhalinin (muzdla işləyən vətəndaşlarımız), həm də işləməyən vətəndaşlarımızın sosial təminatını ehtiva edir, eyni zamanda, onlara birbaşa yardımın həyata keçirilməsini nəzərdə tutur: “Müvəqqəti məşğulluğun təmin edilməsi üçün koronavirusun aktiv olduğu dövrlərdə (güman olunur ki, bu dövr aprel və may ayları olacaq) 50 min vətəndaş üçün haqqı ödənilən iş yerlərinin yaradılması nəzərdə tutulub. 2 ay müddətinə 50 min vətəndaşımız üçün sosial və ictimai iş yerləri yaradılacaq. Bu məqsədlə büdcədən 30 milyon manat vəsait ayrılıb. Eyni zamanda, dövlət məşğulluq xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödənişin həyata keçirilməsi nəzərdə tutulub. Burada söhbət 200 min vətəndaşdan gedir. Bu istiqamətə dövlət tərəfindən 70 milyon manat vəsait ayrılacaq. Bu 2 ay müddətində həmin vətəndaşlarımıza 190 manat vəsaitin ödənilməsi təmin ediləcək”.
Günel CƏLİLOVA