Koronavirusdan qorunmaq üçün insanların tibbi maska və əlcək taxması məsləhətdir. Təəssüf ki, apteklərdə hələ tibbi maska, əlcək və spirt çatışmazlığı yaşanır. Belə bir ərəfədə bəzi apteklər tibbi maska almaq üçün saatlarla əczaxananın qarşısında dayananları deyil, şou-biznes nümayəndələrini düşünürlər.
Belə bir vaxtda bəzi apteklərin məşhur şəxslərə bir qutu maska, əlcək, vitamin və spirt göndərərək, özlərini reklam etməsi sosial şəbəkə istifadəçilərinin haqlı narazılığına səbəb olub.
Müğənni Şəbnəm Tovuzlu, idmançı Kamil Zeynallı, rəqqasə Rəna Ağamuradova, aparıcı Firuzə Cəlilova (Fira) və digər məşhurlara bu tip qutular yollayıb, sosial şəbəkələrdə özlərini reklam edən "Ampula" və "Ozon" apteklər hətta bu məqamda belə reklamı düşündüyü üçün sərt tənqid edilib.
“Hazırkı şəraitdə bəzi əczaxanaların müğənniləri düşünməsi, onların vasitəsilə reklam olunmaq istəyi düzgün deyil”
Məsələ ilə bağlı fikir bildirən sosioloq Aytəkin Kamranqızının sözlərinə, son zamanlar dünyada tibbi maskalara tələbat artıb. Artıq bir aydır apteklərdə maska qıtlığı hiss olunur. İnsanların təlaşlı olduğu bir ərəfədə bəzi apteklərin əhalinin sağlığını deyil, şou-biznesçilərə qutu ilə tibbi maska göndərməsi təəssüf doğurur: “Nəzərə almaq lazımdır ki, bütün dünya koronavirusdan əziyyət çəkir. Ümumdünya Səhiyyə Təşkilatı açıq şəkildə bəyan edir ki, virusdan qorunmaq üçün mütləq şəkildə tibbi maska və əlcək taxılmalı, spirtdən mütəmadi istifadə olunmalıdır. Belə bir məqamda bəzi əczaxanaların müğənniləri düşünməsi, onların vasitəsilə reklam olunmaq istəyi düzgün deyil. Həmin əczaxanalar nə səbəbdən bunu etdiyini açıqlamalı və qanun qarşısında cavab verməlidirlər”.
Günel CƏLİLOVA