Azərbaycanda koronavirus xəstələrinin hansı bölgələrdən olduğu müəyyənləşib. Məlum olub ki, pandemiyaya yoluxanlardan 149-u Bakıdandır. Onlardan ən çoxu paytaxtın Yasamal (27), Binəqədi (23), Nəsimi (23), Nərimanov (19) rayonlarına düşür. Abşerondan olan koronavirus xəstələrinin sayı 9, Sumqayıtda isə bu göstərici 6-ya bərabərdir.
Bakının rayonları üzrə göstərici isə belədir: Xətai rayonu – 13, Səbail rayonu - 10, Qaradağ rayonu – 9, Sabunçu rayonu – 7, Suraxanı rayonu – 5, Pirallahı – 2, Xəzər rayonu – 3, Nizami rayonu – 2 nəfər.
Azərbaycanın bölgələrinə gəldikdə, bu göstərici ən çox Lənkəranda (18) və Cəlilabaddadır (15). Koronavirusa yoluxanlardan 98-i (26,4%) isə ölkə xaricindən gələnlərdir.
Bölgələr üzrə göstəricilər belədir: Salyan – 12, Qusar – 9, Tovuz – 5, Neftçala – 4, Astara – 3, Naftalan – 3, Daşkəsən – 3, Füzuli – 3, Xaçmaz – 3, Zaqatala – 3, Ucar – 3, Ağdam – 2, Ağdaş -2, Quba -2, Masallı, Siyəsən, Xızı, Qəbələ, Tərtər, Qax, Qazax, Biləsuvar – 1.
Qeyd edək ki, indiyədək Azərbaycanda 443 nəfər koronavirusa yoluxub. Onlardan 32 nəfəri sağalıb, 5 nəfəri isə dünyasını dəyişib. Aktiv 406 koronavirus xəstəsinin müalicəsi isə davam etdirilir.
Maraqlıdır, bəzi rayonlarda virusa yoluxanların daha çox, bəzilərində isə daha az olması nə ilə bağlıdır? Məsələn, Yasamal və Lənkəran rayonlarında virusa yoluxanlar daha çoxdur, Nizami rayonunda isə daha az.
“Çünki burada əsas mənbə insandır”
Sözügedən məsələyə aydınlıq gətirən tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, belə fərqin yaranması əsasən miqrasiya və əhalinin sıxlığı ilə bağlıdır: “Məsələ ondadır ki, hansı rayona infeksiyaya yoluxmuş adamlar çox gəlir, orada yoluxanların sayı artır. Elə rayonlar var, ora infeksiyaya yoluxanlar çox gedib-gəlir. Bu səbəbdən həmin rayonlarda koronavirusa yoluxanların sayı daha çoxdur. Görünür, bu, Yasamal rayonunda özünü daha şox göstərdiyinə görə Bakıda ən çox virusa yoluxan rayon məhz Yasamaldır. Nizami rayonunda da əhali daha sıx yaşayır, amma bu rayona belələri az gedib-gəldiyindən, yoluxanların sayı çox azdır. Yoxsa, həmin rayonda da koronavirusa yoluxanlar çox olardı. Yəni miqrasiya amilinin bu məsələdə birbaşa rolu böyükdür. Çünki burada əsas mənbə insandır. Bölgələr üzrə Lənkəran rayonunda koronavirus daşıyıcılarının daha çox olması təsadüfi deyil. Məsələ ondadır ki, Lənkəran coğrafi baxımdan İrana yaxındır. Bu rayondan İrana gediş-gəliş çox olub. İranda da bu infeksiyaya yoluxanlar üstünlük təşkil edir. Ola bilsin ki, Lənkəranda belə xəstələrin çox olması bu amillə əlaqədardır. Bütün hallarda, insanlar qoyulan məhdudiyyətlərə əməl etməlidirlər ki, pandemiya geniş yayılmasın. O üzdən, maksimum sosial təcridə əməl olunmalıdır”.
Vidadi ORDAHALLI