25/05/2020 15:48
728 x 90

Azərbaycan koronavirusun ev şəraitində müalicəsini də həyata keçirməyə hazırlaşır

Adil Qeybulla: “Yüngül xəstələrin ev şəraitində müalicə almasını daha məqsədəuyğun hesab edirəm”

img

Ölkəmizdə vətəndaş məsuliyyətsizliyi nəticəsində koronavirusa yoluxanların sayının artması bir sıra zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə səbəb olub. Məlum olduğu kimi, bununla bağlı dövlətin reallaşdırdığı bütün tədbirlər, o cümlədən də sosial təcrid vətəndaşın təhlükəsizliyinin təmin edilməsi üçündür.

Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, insanlar karantin rejiminə əməl edərlərsə, iki həftə sonra müsbət nəticələr almaq olar.

Onun sözlərinə görə, vətəndaşlar qaydalara riayət etmirlər: “Nə qədər ki, insanlar qaydalara əməl etməyəcək, biz də riyazi hesablamalara gedə bilmərik”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva brifinqdə çıxışı zamanı deyib ki, ölkədə koronavirus xəstələrinin sayında ciddi artım olsa, pasiyentlər beynəlxalq təcrübəyə əsasən ev şəraitində müalicə oluna bilər: “İstər Bakıda, istərsə də bölgələrdə karantin müəssisələri var. Eyni zamanda, yeni açılan klinika da koronavirus xəstələrinin yerləşdirilməsi üçün gözəl imkandır”.

Koronavirusa yoluxan insanların ev şəraitində müalicəsi məsələsi aktuallaşıb. Eyni zamanda da proses yeni başladığı dövrlərdə də bəzi mütəxəssislər koronavirus xəstələrinin ev şəraitində müalicəsinin mümkünlüyünü qeyd ediblər.

Ümumiyyətlə, koronavirusa yoluxan xəstənin ev şəraitində müalicəsi nə dərəcədə real görünə bilər, bu mümkündürmü?

  • Hazırda dünya ölkələri bir-birinin təcrübəsindən yararlanırlar

Professor Adil Qeybulla bizimlə söhbətində bildirdi ki, koronavirusa yoluxan xəstələrin ev şəraitində müalicəsi tam mümkündür və bu o xəstələrin sağalması üçün zəruridir: “Hazırda dünya ölkələri bir-birinin təcrübəsindən yararlanırlar. Fransa, Amerika təcrübəsini nəzərə alaraq, yüngül xəstələrin ev şəraitində müalicə almasını daha məqsədəuyğun hesab edirəm. Xaricdən gələn vətəndaşlar birbaşa karantinə göndərilməkdənsə, onlar test edilsinlər,  testin nəticəsi pozitiv deyilsə və onlarda heç bir xəstəlik əlaməti yoxdursa, onları ev karantininə göndərsinlər. Ev şəraitində onlar daim mütəxəssislərin nəzarətində olsunlar və bir müddət sonra yenidən onlar yoxlana bilərlər. Xəstəlik şübhəsi olmayanlar ev şəraitində nəzarətdə saxlanmalı, şübhəlilər isə karantinə alınmalıdırlar. Vəziyyət belədir ki, hər 4 nəfər xəstədən 3-də bu xəstəlik gizli gedib. Gələcəkdə bu infeksiya halı artarsa, zərurət yaranarsa və optimallaşdırma baxımından onların ev şəraitində müalicəsinin təşkil edilməsi düzgün addım olardı”.

İradə SARIYEV

Son xəbərlər