Məlum olduğu kimi, oktyabrın 29-da hüquq müdafiəçisi Oqtay Gülalıyev avtomobil yolunu keçərkən taksi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən vurulub. Oktyabrın 30-da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.
Onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilib. Daha sonra O.Gülalıyev müalicə olunmaq üçün Türkiyəyə aparılıb. Hazırda Türkiyənin İstanbul şəhərindəki “Amerikan” xəstəxanasında müalicə alır. O.Gülalıyevin müalicəsi Heydər Əliyev Fondunun dəstəyilə həyata keçirilir.
O da məlumdur ki, O.Gülalıyevin başına gələn məlum hadisədən sonra radikal müxalifət bundan müxtəlif siyasi məqsədlər üçün istifadə etməyə çalışdı. Olmazın siyasi uydurmalarla çıxış etməyə başladılar. Məsələ ondadır ki, əvvəl Gülalıyevin avtoqəza nəticəsində xəsarət almasını “hakimiyyətin sifarişi” kimi təqdim etməyə cəhd etdilər. Hər vasitə ilə bundan siyasi şou yaratmağa çalışdılar. Sonra hadisənin təfərrüatları, videogörüntülər ortaya çıxanda bu əsassız iddiaları başqa “iddialar” əvəz etdi. Belə görüntü yaratmaq istədilər ki, guya hakimiyyət hüquq müdafiəçisinin müalicəsində maraqlı deyil. Beləcə, insan faciəsi üzərində öz xəbis niyyətlərini reallaşdırmaq istədilər.
Heydər Əliyev Fondunun O.Gülalıyevin müalicəsini öz üzərinə götürməsi onların bu planını da alt-üst etdi. Məlum qəzada O.Gülalıyevin ağır xəsarət alması təbii ki, müalicənin çətin və uzun bir prosesi əhatə edəcəyi anlamına gəlir. Ancaq radikallar bunu da başqa cür yozmağa cəhd etdilər. Belə ki, Heydər Əliyev Fondunun guya O.Gülalıyevin müalicəsi prosesindən çəkilməsi haqda iddia ortaya atdılar. Ancaq bu yalanın da ömrü uzun çəkmədi. Prezidentin köməkçisi Anar Ələkbərovun məsələyə anında müdaxiləsi və açıqlama verməsi Fondun adına söylənən yalanları bir anda puç etdi. Məlum oldu ki, hüquq müdafiəçisi xəsarət aldığı ilk günlərdən məsələ Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişi əsasında Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb. İndiyə qədər bütün lazımi prosedurlar Fondun nəzarəti və dəstəyilə həyata keçirilir.
Ən nəhayət, bu günlərdə O.Gülalıyevin oğlu Təbriz Gülalıyev sosial şəbəkə hesabında bəyan etdi ki, atasının durumunda irəliləyiş müşahidə olunur. Qeyd etdi ki, artıq O.Gülalıyevin qızdırması olmur, nəfəs alması da yaxşılaşıb. Həmçinin, böyrəklərində olan keratinin səviyyəsi azalmağa doğru gedir.
Maraqlıdır ki, bütün bunlardan sonra radikal müxalifət O.Gülalıyev məsələsində susqunluğa qapılıb. Bütün bunlar onu göstərir ki, radikal müxalifətin O.Gülalıyev üstündə hakimiyyətə yönəlik siyasi ittiham şousu qurmaq istəməsi iflasa uğrayıb. Çünki bir sıra məsələlərin aydınlaşması, O.Gülalıyevin durumunun yaxşılaşmasa bu yöndə görülən işlərin müsbət nəticə verməsini göstərir. Bütün bunlar da radikal müxalifətin işinə yaramadığı üçün susurlar. Çünki Gülalıyev ətrafında yaratmaq istədikləri süni siyasi ajiotaj tamamilə iflasa uğrayıb. Bu səbəbdən radikallar növbəti bir biabırçı uğursuzluğun girdabına düşüblər.
Vidadi ORDAHALLI