Milli Məclisin Səhiyyə komitəsinin sədri, TÜRKPA Ətraf mühit və təbii ehtiyatlar Komissiyasının sədri, akademik Əhliman Əmiraslanov “Türk dünyasında parlament diplomatiyası” başlıqlı geniş məqalə ilə çıxış edib.
Məqalədə bir sıra məqamlara toxunulub. Qeyd olunub ki, ölkələr arasında müxtəlif sahələr üzrə qanunların yaxınlaşdırılması və əlaqələrin daha da inkişaf etdirilməsi sahəsində ən önəmli rolu parlamentlər həyata keçirir. Bu baxımdan, Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) regional əməkdaşlıq platforması kimi türk əməkdaşlığının parlament səviyyəsində təzahürüdür. TÜRKPA Türk dünyasında çoxtərəfli əməkdaşlığın parlament səviyyəsində tək formasıdır.
Qeyd edək ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə TÜRKPA-nın təsisçi üzvləridir. Macarıstan Parlamenti 2014-cü ildən etibarən Assambleyanın fəaliyyətində müşahidəçi qismində fəal şəkildə iştirak edir. TÜRKPA digər türkdilli dövlətlərlə sıx qarşılıqlı əlaqələrin qurulmasında xüsusən maraqlıdır. Belə ki, Türkmənistan və Özbəkistan parlamentləri ilə təmasların qurulması prosesi davam edir. Türkdilli ölkələr arasında əməkdaşlığın parlament ölçüsü olaraq, assambleya üzv ölkələr arasında hüquqi, iqtisadi, sosial-mədəni, ətraf mühit və ortaq maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün hüquqi zəmin təmin edir. Təşkilatın ana xətti məhz inteqrasiya prosesinin inkişafı üçün qanunvericilik bazasının yaradılmasıdır.
Bütün bu deyilənlərin fonunda, Türk dünyasında parlament diplomatiyası özünü hansı nailiyyətlər formasında nümayiş etdirir və bu diplomatiyanın türk dövlətləri üçün nə kimi uğurlu nəticələri var?
“Azərbaycan nümayəndə heyəti adətən bu proseslərdə fəal iştirak edir”
Məsələyə münasibət bildirən politoloq Elçin Mirzəbəylinin fikrincə, Türk dünyasında parlament diplomatiyası müxtəlif formalarda öz uğurlarını göstərir: “Türkdilli ölkələr arasında inteqrasiya prosesinin güclənməsində TÜRKPA-nın rolu kifayət qədər böyükdür. Azərbaycan nümayəndə heyəti adətən bu proseslərdə fəal iştirak edir. Məlum olduğu kimi, növbəti ildən TÜRKPA-ya rəhbərlik Azərbaycana keçəcək. Azərbaycanda yeni parlament seçildikdən sonra bu sahədə proseslərin daha ardıcıl olacağını gözləyirəm. TÜRKPA bu baxımdan uğurlu bir formatdır. Ən azından, ona görə ki, qəbul olunan qərarlarda tərəflərin bir-birinə münasibətdə prinsipial mövqe sərgiləməsi, TÜRKPA çərçivəsində üzv ölkələrin qanunvericiliyinin bir-birinə uyğunlaşdırılması müsbət tendensiya yaradır. Artıq Özbəkistan da bu birliyə qoşulub. Hesab edirəm ki, bu uğurlu göstəricidir. Bununla yanaşı, TÜRKPA-ya müşahidəçi statusunda qoşulmaq istəyən dövlətlər də var. Onların arasında Koreya Respublikası da var. Bu baxımdan düşünürəm ki, perspektiv böyükdür. Bütün bunlar Türk dünyası parlament diplomatiyasının uğurlu fəaliyyətindən irəli gəlir”.
Vidadi ORDAHALLI