Dağlıq Qarabağ münaqişəsi ətrafında kifayət qədər maraqlı proseslər cərəyan etməkdədir. Xarici İşlər nazirlikləri səviyyəsində verilən açıqlamalar da bunu təsdiq edərək ortaya maraqlı bir mənzərə çıxarır.
Xüsusən də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun CBC kanalına müsahibəsində danışıqlarda müvafiq müzakirələr aparıldığını bildirməsindən sonra buna Ermənistanın reaksiyası pərdə arxasında maraqlı məqamların olduğunu aydın büruzə verir. Məmmədyarov qeyd edib ki, münaqişənin həlli yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür: “Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək. Azərbaycan bu məntiqi yanaşmaya əsaslanaraq münaqişənin həlli prosesinə sadiqdir”.
Xatırladaq ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan azərbaycanlı nazirin dediklərinə cavab olaraq bildirib ki, Ermənistan və Azərbaycan hazırda heç bir sənəd müzakirə etmir. Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyinə gəldikdə, Nağdalyan ölkəsinin işğalçı mövqeyindən geri çəkilməyəcəyini bir daha təkrarlayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva isə bunlara tutarlı və maraqlı cavab verib. O bildirib ki, Elmar Məmmədyarovun CBC televiziya kanalına verdiyi müsahibəsinə münasibətdə İrəvanın reaksiyası olduqca qəribədir: "Belə çıxır ki, sanki Elmar Məmmədyarovun erməni həmkarı bir il yarımdır ki, Azərbaycan xarici işlər naziri və həmsədrlərlə görüşlərə çay içməyə gəlir. Bu, ən azı, qeyri-ciddidir. Anlamaq olar ki, Ermənistan xarici işlər naziri ölkədaxili neqativ reaksiyadan çox qorxur, çünki ondan nazir Elmar Məmmədyarovun sözügedən müsahibəsində etdiyi kimi, mahiyyət üzrə açıqlama tələb oluna bilər. Əslində, müsahibə elə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin “əhalini sülhə çağırmaq” çağırışı kontekstində nəzərdən keçirilməlidir". Bu açıqlamalar əslində onu göstərir ki, danışıqlar masasında münaqişənin dinc müstəvidə həlli üçün konkret sənəd və təkliflər müzakirə olunur. Amma erməni tərəfi bunu açıqlamağa cəsarət etmir. Məhz belə bir vaxtda əvvəl terrorçu fəaliyyət həyata keçirən, indi isə yarımhərbi siyasi partiya olan “Sasna tsrer” gözlənilmədən Nikol Paşinyanın Dağlıq Qarabağ siyasətinə qarşı bəyanat verib. Bəyanatda Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ siyasətindən narahatlıq dilə gətirilib: “Qüvvədə olan hakimiyyət “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı ilə çıxış edir, lakin buna paralel olaraq, “Madrid prinsipləri”ndən və Respublika Partiyasının (keçmiş iqtidar) buna uyğun təşkil edilmiş konspektlərindən imtina etmir”.
“Sasna Tsrer” iddia edir ki, Ermənistan hakimiyyəti Qarabağda geosiyasi oyunların toruna düşüb: “Mövcud hakimiyyət Qarabağ və digər strateji məsələlərlə bağlı kifayət qədər ciddilik göstərmir, bu, xalqımız və dövlət quruluşumuz üçün qarşısıalınmaz neqativ nəticələrə gətirib çıxara bilər”.
Respublika Partiyasının sədr müavini Armen Aşotyan da danışıqlar prosesində artıq şərtlərin Azərbaycan tərəfindən diqtə olunduğunu bildirir: “Mövcud geosiyasi vəziyyətdə demokratiyanı xarici siyasi doktrina elan edən Paşinyan açıq şəkildə danışıqlar prosesinə ağıllı təsir gücünü itirir. Azərbaycan istədiklərini alır”. Aşotyan qeyd edib ki, Paşinyan tək bacarmadığını, səhv etdiyini və qabiliyyətsiz olduğunu nə qədər tez başa düşsə, cəsarət edib bunu qəbul etsə, bir o qədər kobudluğunun və cinayətkar özünəgüvəninin Ermənistana dağıdıcı təsirini azaltmağa fürsəti olar: “Bizi öz cahilliyi və qeyri-uzaqgörənliyi ilə çətin vəziyyətə salıb. Deyim, məlumatınız olsun, heç kim sənin vurduğun hesabı, xüsusilə də erməni xalqını bağlamaq niyyətində deyil. Sənin tərəfindən itirilən diplomatiya kassaya vurulmayacaq, o səviyyəyə çatmayacaq. Hətta xarici işlər nazirinin istefası da vəziyyəti xilas edə bilməz. Çünki bütün əlavə çatışmazlıqlarla yanaşı əsl günahkarsan və yalnız sən günahkar olacaqsan. Buna görə də ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi Qarabağ danışıqlarının hazırkı mərhələsində sənin siyasi özünümüdafiə məsələndir. Sonra sizə xəbərdarlıq etmədiyimi deməyin. Azərbaycan danışıqlarda indi daha güclü tərəfdir və indiki hakimiyyət qətiyyən bunun qarşısını ala bilmir”. O da maraqlıdır ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın da Qarabağ məsələsinin danışıqlar prosesi ilə bağlı narahatlıqları var. Köçəryanın ofisinin rəhbəri Viktor Soqomonyanın sözlərinə görə, danışıqlar mərhələsində narahatlıqlar olduqca çoxdur: “Son illərdə vasitəçilərdən hər hansı birinin azərbaycanlı icmanın danışıqlarda iştirak etməli olduğunu bildirməsini xatırlamıram. Amma indi bu məsələ gündəmə gəlir. Biz bu günə qədər hakimiyyətin danışıqlarda rəhbər tutaraq iştirak etdiyi konsepsiyasının nə olduğunu bilmirik. Üstəlik, onlar heç bir danışıqların olmadığını bəyan edirlər. Amma məlumatlar göstərir ki, reallıq fərqlidir və nələrsə müzakirə predmetidir”. Soqomonyan əlavə edib ki, nizamlama üzrə Ermənistanın konsepsiyası çox açıq bir izahat tələb edir və bu izahatı hakimiyyət verməlidir. Amma o bildirir ki, hakimiyyət bunu etmək iqtidarında deyil.
Bütün bunlar həm də onu deməyə əsas verir ki, həmişə olduğu kimi, yenə də Dağlıq Qarabağ münaqişəsi Ermənistanın daxili siyasətində həlledici faktor rolunu oynamaqdadır. Paşinyan iqtidarı beynəlxalq təzyiq və müharibə təhlükəsi qarşısında danışıqlardan imtina edə bilmir, danışıqların davam etməsi isə real nəticələrin əldə edilməsi zərurətini yaradır. Bu da indiki halda ilk olaraq Qarabağ ətrafındakı rayonların qaytarılması deməkdir. İstisna olunmur ki, hazırda məhz bu xüsusda danışıqlar gedir. Erməni politoloq Aleksandr Kananyan qeyd edir ki, əslində, “Madrid prinsipləri” danışıqlarda fəal müzakirə mövzusudur və bu da ərazilərin tədricən Azərbaycanın nəzarətinə qaytarılması deməkdir. O bildirir ki, danışıqlardan geri alddım atılsa, Azərbaycan nəticəyə mütləq şəkildə hərb yolu ilə nail olmağa çalışacaq. Elə digər erməni politoloq Qrant Məlik-Şahnazaryan da eyni mövqeni bölüşür. Onun sözlərinə görə, Ermənistan müharibə astanasındadır: “Biz düşünürük ki, bu, sırf olaraq Ermənistanın inkişafı kontekstində müzakirə olunur, lakin bunun belə olmadığı məlum olur. Çünki bu vəziyyətə Bakıdakı hakim insanların gözləri ilə baxdıqda məlum olur ki, bizim dövlət aparatımız qarşısına qoyulmuş problemləri həll edə bilmir”. Erməni politoloqun sözlərinə görə, Azərbaycan bundan əvvəl də müharibə etməyin legitim yollarını axtarıb: “İndi mən həqiqətən də başa düşmürəm ki, Azərbaycan nə üçün müharibəyə başlamır, Paşinyanın “Ordumuz artıq döyüş qabiliyyətli deyil, ordumuz yoxdur” bəyanatını gözləyir”. Politoloq qeyd edib ki, Ermənistan müharibə ilə üz-üzədir, Azərbaycan bütün maneələri aradan qaldırıb və indi Ermənistandan yeni mesajlar alır: “Bu mesajlar odur ki, danışıqlarda razılıqlar əldə olunmalı, Ermənistan da onlara əməl etməlidir. Əks halda savaş qaçılmazdır”. Digər erməni ekspert Anjela Elibekova da məsələyə eyni prizmadan yanaşır: “Azərbaycan danışıqlarda istədiyi nəticəni əldə etmədiyi halda daim müharibə versiyasını nəzərdən keçirir. Elmar Məmmədyarov bir neçə dəfə Azərbaycan tərəfinin hər zaman müharibə şəklində alternativ həll yolu axtardığını və danışıqların kəskinləşmə ilə yanaşı baş verə biləcəyini vurğulayıb. Elmar Məmmədyarov “CBC” kanalına müsahibəsində bir neçə maraqlı açıqlama verib. Bunlardan biri də Dağlıq Qarabağ münaqişəsinin həllinə alternativ olaraq müharibə versiyasına toxunmasıdır”. Eskpert qeyd edib ki, Məmmədyarovun belə açıq şəkildə hədələyici çıxışını xatırlamır: “Bu cür açıqlamalar adətən İlham Əliyev və ya müdafiə naziri tərəfindən edilirdi, lakin bu dəfə xarici işlər naziri olduqca əsəbi şəkildə və hərbi həll yolunun istisna edilmədiyini bildirib. O açıq şəkildə bildirib ki, danışıqlar davam etsə də, bu, problemin hərbi yolla həllinin istisna edilməsi demək deyil. Nazir bir neçə dəfə aprel döyüşləri zamanı eyni vaxtda danışıqların və döyüşlərin getdiyini işarə edib. Azərbaycan xarici işlər nazirinin növbəti açıqlamasında hər iki icmanın təmaslarından bəhs edilirdi. Bu, Qarabağdakı Azərbaycan icmasının faktiki subyektivliyini artırır. Son 1,5 ildir ki, öz icmalarını danışıqlar masasına gətirməyə çalışırlar və icmalar arasındakı təmasların qurulması bu cəhətdən onlar üçün vacibdir”. O qeyd edib ki, Azərbaycan tərəfi təhlükəsizliyi sülhməramlıların və öz qaçqınlarının təhlükəsizliyinin təmin edilməsi ilə əlaqələndirir, Ermənistan tərəfi isə “Qarabağın təhlükəsizliyi” dedikdə nə demək istədiyini aydınlaşdırmır: “Mən rəsmi şəkildə bu məsələyə aydınlıq gətirilməsinin və olduqca dəqiq danışmağın tərəfdarıyam. Çünki təəssüf ki, Zöhrab Mnatsakanyanın Bratislava çıxışında Ermənistanın Qarabağın “təhlükəsizliyi”nin qarantı olması və oradakı sakinlərin öz qüvvələri tərəfindən özünü müdafiə edə biləcəyi tezisini açıqlayan ifadələri yer almayıb. Azərbaycanın mövqeyi daha qəti və aydındır”. Bütün bunlar Qarabağ məsələsində istər diplomatik, istərsə də hərbi müstəvidə Azərbaycanın kifayət qədər üstün mövqedə olduğunu bir daha nümayiş etdirir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.