2020-ci il fevralın 9-na təyin olunmuş növbədənkənar parlament seçkisi kampaniyası 6 dekabrdan etibarən başlayıb. Artıq seçki kampaniyasının 10 günü arxada qalıb. Hazırda namizədlərin irəli sürülməsi, namizədlərə imza vərəqləri təqdim olunması, imza toplama mərhələsidir.
Seçki qanunvericiliyinə və Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi Seçki təqviminə görə, namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə qərar sənədlər seçki komissiyasına təqdim ediləndən sonra 5 gün müddətində verilir. İmza vərəqlərinin verilməsi namizədliyin irəli sürülməsini təsdiqləyən qərar qəbul edildiyi gündən start götürür. Namizədin müdafiəsi üçün toplanan seçici imzalarının və təqdim edilən digər sənədlərin yoxlanması, qeydə alınıb-alınmama haqqında qərar sənədlər qəbul edildikdən sonra 7 gün müddətində rəsmiləşir. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.
İndiyə qədər bir sıra partiyalar seçkilərə qatılacaqlarını bəyan ediblər. Bunların içərisində radikal mövqedən çıxış edən partiyalar da var, konstruktiv mövqedən çıxış edən də. Ancaq seçkiləri boykot edən partiyalar da var. Hansı ki, onların bu addımı cəmiyyətdə birmənalı qarşılanmır. Məsələn, Milli Şurada təmsil olunan partiyalar, bundan başqa, Azərbaycan Xalq Partiyası, Azad Demokratlar Partiyası seçkidə iştirak etməmək haqda qərar qəbul edib.
Ancaq cəmiyyətdə belə fikirlər var ki, bir sıra partiyaların yetərincə tərəfdarı olmadığına görə parlament seçkilərinə getməkdən imtina edirlər. Yəni seçkidən imtina edən partiyaların bəzilərinin heç bir sosial bazası yoxdur. Sadəcə, bunu etiraf etmək əvəzinə, müxtəlif bəhanələrlə çıxış edirlər ki, boykot qərarına haqq qazandırsınlar. Həmin siyasi təşkilatların bəzilərinin yerlərdə heç şöbələri belə yoxdur.
“Sadəcə, seçkilər üçün əlverişli mühit olmadığına görə parlament seçkisinə getmədik”
Sözügedən məsələ ilə bağlı Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin fikirlərini öyrəndik. O, “Bakı-Xəbər”ə açıqlamasında deyilənləri qəbul etmədi: “Ölkədə azad və demokratik seçkilərlə bağlı həqiqətən də azad şərait yaransa, o zaman hansı partiyanın gücünün nə olduğu aydın olacaq. Ancaq bu halda deyilənlərlə bağlı məsələyə aydınlıq gətirmək olar. Yoxsa, indi söylənən fikirlərin hamısı siyasi spekulyasiyadan başqa bir şey deyil. Bizim partiya 2014-cü ildə yaradılsa da, kifayət qədər təşkilatlanıb. Qanuna görə, partiya təsis olunanda 50-dən yuxarı rayon təşkilatı yoxdursa, partiyanı təsis etmək mümkün deyil. Azad Demokratlar Partiyası təşkilatlananda 50-dən yuxarı rayon şöbəsi var idi. Yəni deyilənlərin bizim partiyaya aid olmasını qəbul etmirəm. Sadəcə, seçkilər üçün əlverişli mühit olmadığına görə parlament seçkisinə getmədik. Partiyamız neçə ildir yaradılmasına baxmayaraq, rəsmi qeydiyyata alınmayıb. Bizim bununla bağlı şikayətimiz artıq neçə ildir Avropa İnsan Hüquqları Məhkəməsindədir və baxılmasını gözləyir. Hətta ölkədə güclü olduğu sayılan partiyaların belə fəaliyyəti gözlə görünmür. Hesab edirəm ki, buna imkan verilmir. Belə olan halda, o partiyaların fəaliyyəti necə görünə bilər? Ona görə də seçkilərdən partiyamızın imtina etməsinin onun zəif olması ilə bağlılığı barədə səslənən fikirləri qəbul etmirəm”.
Vidadi ORDAHALLI