Ölkəmizin əsas strateji tərəfdaşı olan Türkiyə ilə ABŞ arasında münasibətlər getdikcə daha kəskin xarakter almağa başlayır. Ekspertlər bildirir ki, baş verənlərin geosiyasi və geoiqtisadi təsirləri mütləq şəkildə özünü göstərəcək. Bu barədə danışmazdan öncə qeyd edək ki, ABŞ-ın addımları faktiki olaraq Ankara-Vaşinqton münasibətlərini böhran həddinə sürükləyir. Amma bu dəfə Ankara ona qarşı kəskinləşən ABŞ siyasətinə adekvat cavab verməyi düşünür.
Artıq bunun anonsları da Türkiyə rəhbərliyi tərəfindən verilir. Məsələn, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirir ki, silah məsəəlsində yaranan qalmaqal davam edərsə, ölkəsi "İncirlik" hərbi bazasını ABŞ-ın üzünə bağlaya bilər: "İncirlik" bazasının bağlanması haqqında qərar bizə aiddir. Bunu etmək lazım olsa, biz "İncirliyi" və "Kurəciyi" bağlayacağıq. Hər iki tərəf üçün çox əhəmiyyətlidir ki, ABŞ bizim münasibətlərimizin düzəlməsi mümkün olmayacağı təşəbbüslər etməsin. Əlbəttə, Türkiyə ABŞ-ın istənilən sanksiyalarına cavab verəcək. Biz qərar verəcəyik. Lazım olsa, "İncirliyi" və "Kürəciyi" bağlayacağıq".
Qeyd edək ki, "Kürəcik" bazasında Avropanın raket əleyhinə müdafiə sisteminin elementləri yerləşdirilib. Daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bildirib ki, ABŞ Türkiyəyə ehtimal olunan sanksiyaları tətbiq edərsə, "İncirlik"dəki, "Kürəcik"dəki hərbi bazalar bağlana bilər: “ABŞ Türkiyəyə ehtimal olunan sanksiyaları tətbiq etsə, o zaman "İncirlik" də, "Kürəcik" də bağlanar. Hər şey ola bilər. Bizim üçün bu məsələdə Konqresin qəbul edəcəyi qərar deyil, hakimiyyətin addımı əhəmiyyətlidir. Ən pis ssenariləri dəyərləndirib qərar verəcəyik. F-35 və S-400 arasında hüquqi və siyasi bir bağlılıq yoxdur. ABŞ təkliflərimizə “yox” deyir. ABŞ məsələyə müsbət yanaşarsa, biz də eyni qarşılığı verərik. S-400 hücum deyil, müdafiə sistemidir. F-35 almasaq, aletnativlərə baxacağıq. Bu, Rusiya bazarı da, başqa bazarlar da ola bilər".
Xatırladaq ki, ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsi Türkiyəyə qarşı sanksiya tətbiqini özündə əks etdirən qanun layihəsini qəbul edib. Sanksiyaların qoyulmasına səbəb Türkiyənin Suriyanın şimalına müdaxilə etməsi və Rusiyadan S-400 raketdən müdafiə sistemlərini almasıdır. Komitənin demokrat üzvü Bob Menendez deyib:“Türkiyənin ötən bir il ərzindəki hərəkətləri heç bir çərçivəyə sığmır. Bu qanun layihəsi nümayiş etdirir ki, Türkiyənin Suriyaya münasibətdə siyasəti qeyri-məqbul, onun Rusiyadan S-400 raketlərini alması isə yolverilməzdir”. Bu qanun layihəsi Türkiyənin, müdafiə və maliyyə nazirləri də daxil, vəzifəli şəxsləri üzərinə sanksiyalar qoyulmasını nəzərdə turur. Ankara artıq sankisiyalar tətbiq edildiyi halda məsələyə müvafiq reaksiya verəcəyini bildirir.
Bundan başqa, qondarma "erməni soyqırımı" məsələsi də ABŞ-Türkiyə münasibətlərində gərginliyi yüksəldir. Qeyd edək ki, ABŞ Senatı artıq qondarma "erməni soyqırımı"nın tanınması zərurəti haqqında qətnaməni qəbul edib. Bu xüsusda Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ Senatının qondarma "erməni soyqırımı"nı tanınmasına cavab olaraq Türkiyə Böyük Millət Məclisi ABŞ-ın müstəmləkə siyasəti vaxtı hinduların soyqırımı haqqında qətnaməni qəbul edə bilər: "Biz 1915-ci ilin hadisələri haqqında milyondan çox sənədi açdıq. Gəlin, araşdırın. Əlimizdəki sənədlərlə danışırıq. Biz həmçinin sizə qarşı parlamentimizin eyni qərarları ilə çıxmalıyıq. Və biz bunu edəcəyik. Bəs Amerika haqqında danışanda hindular barəsində susmaq olar? Bu, ABŞ tarixində biabırçı səhifədir". Xatırladaq ki, ABŞ müstəmləkəçilik siyasəti zamanı Şimali Amerikanın minlərlə yerli sakinini qətlə yetirib, bəzilərini isə qul kimi satıb. Aborigenlər rezervasiyalara, yəni yaşamaq üçün məhdudlaşdırılmış zonalara sıxışdırılıblar. İndi bu məsələ Türkiyə tərəfindən qaldırılır və beynəlxalq dəstək alsa, ABŞ ciddi problemlərlə üzləşməli olacaq. İstisna olunmur ki, bu məsələdə ABŞ-a qarşı olan ölkələrin çoxu Türkiyənin yanında yer alacaq. İran, Çin, Venesuela, bir sıra ərəb ölkələri, Rusiya və digərlərinin Türkiyəyə dəstəyi gözləniləndir.
Artıq onların bir çoxu dəfələrlə bəyan edib ki, ABŞ-Türkiyə məsələsində Ankaraya dəstək verirlər. Rusiya tərəfi isə daha çox canfəşanlıq göstərir, çünki Türkiyə ilə geniş əməkdaşlıq edir. Bunu Rusiya prezidenti Vladimir Putinin daha geniş əməkdaşlığın qurulması barədə Ərdoğana göndərdiyi son məktub da təsdiq edir. Kreml sözçüsü Dmitri Peskov bildirir ki, Vladimir Putinin Rəcəb Tayyib Ərdoğana yolladığı mesaj Ağ Ev rəhbərinin türk liderə ünvanladığı məktubdan daha konstruktivdir: “Anladığım qədərilə Türkiyə və ABŞ arasında bir qisim ziddiyyətlər var və bunları müzakirə etmək bizə düşməz. Lakin durumu analiz etsək görərik ki, Putinin Ərdoğana mesajı Trampın Ərdoğana yolladığı və türk liderin yenidən özünə təhvil verdiyi o məşhur məktubdan daha konstruktivdir. Putin olduqca kontruktiv tərzdə Ərdoğana fərqli mesajlar göndərdi”.
Ekspertlər hesab edir ki, Rusiya yaranmış vəziyyətdə istər Yaxın Şərqdə, istər Mərkəzi Asiyada, istər Cənubi Qafqazda, istərsə də maraq doğuran digər müstəvilərdə Türkiyə ilə daha sıx işbirliyi qurmağa çalışacaq. Belə vəziyyət həmin istiqamətlərdə Türkiyənin mövqeyinin daha güclü hala gəlməsini şərtləndirir. Artıq dəfələrlə deyildiyi kimi, bu hal Qafqazda Azərbaycanın maraqlarına tam uyğundur. Eləcə də nəzərə alaq ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ildə sıx əməkdaşlıq qurub və burada da Ankaranın mövqeyinin güclənməsinə öz töhfəsini vermək iqtidarındadır. Təbii ki, bütün bunlar artıq Avrasiya məkanında yeni geosiyasi, geoiqtisadi durum yaradır. Bu isə həmin coğrafiyada yerləşən ölkələrə, o cümlədən Azərbaycana da öz təsirini göstərəcək. Türkiyə, Rusiya ilə işbirliyi sayəsində Azərbaycan burada prosesləri yönəldən tərəf qismində yer ala biləcək.
Nahid SALAYEV