Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib - YENİLƏNDİ

Prezident İlham Əliyev dekabrın 13-də Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan Prezident İlham Əliyev deyib ki, Həştərxanla Bakını uzun qarşılıqlı fəaliyyət, tərəfdaşlıq və əməkdaşlıq tarixi bağlayır:”Biz Xəzərin sahilində yerləşirik, ona görə də münasibətlərimizin tarixi keçmiş əsrlərin dərinliklərinə gedir. Mən də Həştərxana səfərim zamanı bu şəhərlə tanış olmaq imkanı əldə etdim. O cümlədən mənə əməkdaşlığımızın tarixi barədə məlumat verildi. Bu əməkdaşlıq həqiqətən həmişə çox müsbət olub. Bu gün də biz çox fəal qarışlıqlı fəaliyyət göstəririk. Rusiya regionları arasında Həştərxan vilayəti ilə Azərbaycanın xüsusi münasibətləri var. Bu, bir daha bizim tariximizə və son vaxtlar çoxlu müştərək layihələrimizə əsaslanır”.
Bütövlükdə bu ilin Rusiya-Azərbaycan münasibətləri üçün çox uğurlu olduğunu deyən dövlət başçısı gələn ilə böyük nikbinliklə baxdığını deyib.
Xoş sözlərə görə Azərbaycan Prezidentinə təşəkkür edən qubernator İqor Babuşkin deyib ki, həqiqətən, Azərbaycan Respublikası Həştərxan vilayəti üçün Xəzəryanı regionda əsas tərəfdaşlardan biridir. Uzun müddət ərzində əmtəə dövriyyəsi, turizm sahəsində bu cür sıx münasibətlər, işgüzar əlaqələr yarandığını deyən qonaq keçən il Həştərxanda açılmış Azərbaycan İşgüzar Mərkəzinin işindən danışıb, Həştərxanda və Bakıda bu cür mərkəzlərin həqiqətən ticari və mədəni əlaqələrin inkişafı üçün yaxşı vasitə olacağını vurğulayıb.