28/01/2020 12:27
728 x 90

Rusiyadan azərbaycanlı milyarderlərin seçkiyə yeni müdaxiləsi - Fərhad Əhmədovun “seçki yol xəritəsi”…

img

Azərbaycanlı milyarder, tanınmış iş adamı Fərhad Əhmədov özünün "Facebook” səhifəsində ölkəmizdə fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkisinə dair "yol xəritəsi” ilə çıxış edib.

Kifayət qədər böyükhəcmli yazıda F.Əhmədov əvvəlcə Azərbaycanın siyasi arenasındakı mövcud durumu təhlil etməyə çalışıb. Həm siyasi hakimiyyətin, həm də müxalifətin ünvanına tənqidi fikirlərin yer aldığı təhlildə göstərilir ki, son parlamentin tərkibində hakimiyyətdəki qruplaşmaların "cib deputatları” ilə yanaşı, təsadüfi adamlar və islahatlarla ayaqlaşa bilməyən şəxslər olub. Və buna görə də parlamentin ciddi keyfiyyət dəyişikliyinə, deməli, yeni seçkiyə ehtiyac vardı: "Boz kardinallar və hakimiyyətə yaxın dairələrin orada özlərinin "cib deputatları” vardı. Ona görə də başa düşürəm ki, bu ekipajla uzağa və hündürdən uçmaq təhlükəlidir. Deputat korpusunun keyfiyyət baxımından yenilənməsi lazımdır. İndi "kuklaoynadanlardan” qurtulmuşuq...”.

Daha sonra ölkədə əsl konstruktiv müxalifətin mövcudluğunun vacibliyindən söz açan F.Əhmədov Azərbaycanda belə bir müxalifətin olmadığını iddia edir. Hakimiyyətin bir neçə deputatı parlamentə "konstruktiv müxalifət” adı altında yerləşdirməsinin isə lazımi effekt vermədiyini bildirir.

Milyarder hesab edir ki, Azərbaycanda real müxalifət yoxdur və bu daha çox neqativ nəticələr doğurur: "Formal şəkildə mövcud olan müxalifət hakim partiyanın filialıdır və bu halda alternativ xəttin hazırlanmasına çalışmır...”.

Müxalifətin digər hissəsinin isə hakimiyyətlə sərt qarşıdurmada olduğunu yazan F.Əhmədov onun da ciddi perspektivlərini görmədiyini qeyd edir və təklif edir ki, yeni növbədənkənar seçkidə daha çox müstəqil namizədlərin parlamentdə təmsil olunmasına şərait yaradılsın. Milyarder hesab edir ki, məhz həmin müstəqil namizədlər gələcək əsl "konstruktiv müxalifətin” özəyini təşkil edə bilər.

Daha sonra konkret təkliflər irəli sürən iş adamı öz "yol xəritəsində” növbədənkənar seçkilə bağlı "mütləq atılmalı olan” addımları sadalayır. Bu addımların başında Mərkəzi Seçki Komissiyasının buraxılması və Seçki Məcəlləsinə kardinal dəyişikliklər edilməsi, xaricdə yaşayan və lobbiçilik fəaliyyətilə məşğul olan azərbaycanlıların seçkidə iştirakını təmin edəcək müddəaların qanuna daxil edilməsi kimi təkliflər var: "Mərkəzi Seçki Komissiyasını buraxmaq və yenidən formalaşdırmaq, bu orqanın rəhbərliyinə yeni nəslə aid idarəçi gətirmək; rayon seçki komissiyalarını yenidən formalaşdırmaq; seçki haqqında qanuna yenidən baxmaq; seçkini proporsional sistem üzrə keçirmək...”.

Hətta milyarder bir qədər də uzağa gedərək hakim YAP-ı SSRİ Kommunist Partiyasına bənzədərək, bu təşkilatda da dəyişikliklərin zəruri olduğunu bildirir: "YAP-ın aparatını yenidən formalaşdırmaq, Kommunist Partiyasının kollektiv üzvlük modelindən, artıq kadr yükündən, cəmiyyətlə işdə formal-plakat üslubundan uzaqlaşmaq... Partiyanın oriyentasiyasını parlamentdə mütləq yox, adi çoxluğu təmin etməyə yönəltmək”(!?).

İndiyə qədər Azərbaycan siyasətində heç bir iddiasının olduğunu bəyan etməyən bu şəxsin birdən-birə belə yarıultimativ tərzdə olan məqalə ilə çıxış etməsi olduqca maraqlı və ciddiyə alınması vacib olan məsələdir. Əslində, bu ssenari bizə çox tanışdır. Çünki Azərbaycanda keçirilən seçkilər zamanı Rusiyadan müxtəlif yollarla ölkəyə təzyiqlərin edildiyinin şahidi oluruq. Xüsusilə də Rusiyada yaşayan varlı azərbaycanlıların belə oyunlara bir neçə dəfə cəlb edildiyinin şahidi olmuşuq. 2013-cü il prezident seçkiləri zamanı biz məhz Rusiyada yaşayan imkanlı azərbaycanlıların yer aldığı “Milyarderlər ittifaqı” kimi layihənin birdən-birə cücərdiyini gördük. Həmin hadisələrin fonunda Rusiyanın layihəsi sayılan Milli Şura meydana çıxdı. Proseslərin gedişi göstərdi ki, bütün addımların kökündə Azərbaycana şimaldan edilən təzyiq niyyətləri durub. İndiki vəziyyətlə 2013 hadisələri arasında çox bənzərlik var. Birdən-birə Rusiyada senator olan bir milyarderin Azərbaycandakı seçkilərə aid “dərin analitik” məzmunlu yazı yazmaqla bağlı özünə verdiyi əziyyət səbəbsiz ola bilməz. Əksər təhlilçi bu qənaətə gəlir ki, Rusiya belə adamların dililə Azərbaycana hansısa mesajları ötürür. Ancaq indiki məqamda Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin çox yaxşı olduğunu nəzərə alsaq, söylənənlər bir o qədər də inandırıcı görünməyə bilər. İkinci versiya bundan ibarət ola bilər ki, Fərhad Əhmədov özfəaliyyət edir. Yəni Rusiyanın adından manipulyasiya edib Azərbaycan cəmiyyətinə “mən də varam” mesajını vermək istəyir. İstənilən halda, onun yazdığı yazının məzmunu xoşniyyətli deyil. Yəqin ki, bunun arxasında hansı niyyətlərin dayandığı yaxın zamanlarda tam məlum olacaq.

Məhəmmədəli QƏRİBLİ

Rusiyalı azərbaycanlı senatordan Azərbaycan deputatlarına – “cib deputatları, boz kardinalların idarə etdiyi kuklalar"...

Son xəbərlər