15/11/2019 04:43
728 x 90

Paşinyanın iki güclü düşməni - birinə Rusiyadan, digərinə ABŞ-dan açıq dəstək...

img

Ermənistanın keçmiş prezidenti, Nikol Paşinyanın başçılıq etdiyi “məxməri inqilab”la devrilən Serj Sarkisyan yenidən siyasi səhnəyə qayıdıb. Erməni KİV-i yazir ki, Sarkisyan ABŞ-ın İrəvandakı səfiri Linn Treysi ilə görüşüb.

Görüş Amerika tərəfinin təşəbbüsü ilə baş tutub və orada Sarkisyanın başçılıq etdiyi Respublika Partiyasının nümayəndələri də iştirak ediblər. Səfir Linn Treysinin xahişilə Sarkisyan Ermənistandakı daxili siyasi vəziyyət, Qarabağ danışıqlarına dair bir sıra məsələlər, iqtisadiyyat və Ermənistan-Amerika münasibətlərinin perspektivləri barədə mövqeyini çatdırıb. Səfirliyin bəyanatında deyilir ki, ABŞ Ermənistanda sosial, iqtisadi və demokratik idarəçiliyin dəstəklənməsi vəzifəsinə sadiq qalır, Respublika Partiyası ilə görüşlər müntəzəm xarakter daşıyacaq.

Burada diqqətçəkən vacib məqam bundan ibarətdir ki, dünyanın hegemon ölkələri Paşinyanın rəqiblərinə açıq dəstək verirlər. Rusiya bu dəstəyi Köçəryana, ABŞ isə Sarkisyana ifadə edir. Bu amil hər iki süpergücün Paşinyanla vidalaşmaq istəyinə dəlalət edirmi?

  • Nəzakət Məmmədova: “ABŞ Putinin yaxın dostu Köçəryandansa Sarkisyanla işləməyi üstün tutacağını nümayiş etdirir”

Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə bildirdi ki, burada vacib olan məqamlar yetərincədir: “ABŞ Sarkisyanla görüşərək daha çox onun neytrallaşdırılması istiqamətində iş apara bilər. Eyni zamanda, Ermənistan daxilindəki bütün siyasi qüvvələrlə işləməsini göstərmək üçün belə bir addım atmış ola bilər. Bu, Rusiyanın Ermənistandakı müəyyən qüvvələri fəallaşdırmasına cavab olaraq, həm də Paşinyanı diskreditasiya etməsinə cavab olaraq, ABŞ-ın heç bir qüvvəni ayrıseçkiliyə məruz qoymaması görüntüsünə hesablanıb. Digər tərəfdən, ABŞ iki pisdən birini seçmək məcburiyyətində qalmış olduğundan, Putinin yaxın dostu Köçəryandansa, Sarkisyanla işləməyi üstün tutacağını nümayiş etdirir. Hər halda, Sarkisyan Köçəryan qədər Rusiyaya yaxın deyil, ən azından, onun dövründə Ermənistan AB ilə assosiativ saziş imzalayıb və s. ABŞ Sarkisyan vasitəsilə Rusiyaya müəyyən mesajlar göndərə, yaxud “Qarabağ klanı” daxilində dayaqlar tapmağa çalışmış ola bilər. Ola bilsin ki, ABŞ həm də bu vasitə ilə “Qarabağ  klanı”nı Rusiyanın nəzarətindən çıxarmağa çalışır. İstənilən halda, bir fakt ortaya çıxır. Nə Rusiya, nə də ABŞ Paşinyanla işləməkdə maraqlı deyil. Bu fəallaşma yəqin ki, yaxın zamanlarda Ermənistanın daxili ictimai rəyində hiss edilməyə başlayacaq”.

Politoloqun sözlərinə görə, bu amil “Qarabağ klanı”ndakı güc nisbətini də parçalaya bilər: “Dünyanın bir supergücü Köçəryanı, digəri isə Sarkisyanı dəstəkləyəcəksə, burada parçalanmanın olması labüddür. Hər iki şəxs kifayət qədər təcrübəyə malik, ölkəni idarə etmiş siyasətçilərdir. Onlarla işləmək həm ABŞ, həm də Rusiya üçün daha məqbuldur”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər