Hüquq müdafiəçisi Oqtay Gülalıyevin sağlıq vəziyyətindən istifadə edib özünə süni xal toplamaq istəyənlərin niyyətləri baş tutmadı. Baş verən qəza hadisəsinin ilk günündən O.Gülalıyevin sağlıq vəziyyəti dövlətin nəzarətində olsa da, bəzi işbazlar “onun müalicəsini öz üzərimə götürürəm” deməklə, bir çaşqınlıq yaratmaq, həm də özlərinə dividend toplamaq cəhdini etdilər. Bununla sanki belə bir təsəvvür formalaşdırılmağa çalışıldı ki, guya O.Gülalıyevin siyasi mövqeyinə görə ona lazımi tibbi yardım göstərilmir.
Biz analoji halları tez-tez müşahidə edirik. Daha çox populyar adamların müalicəsi ilə bağlı bəzi iş adamları belə təşəbbüs göstərirlər. Halbuki, onlara müraciət edən çoxlu sayda sadə vətəndaşın müraciətinə heç cavab belə vermirlər. Bilirlər ki, sadə vətəndaşlara yardım etməklə lazımi piarı əldə edə bilməyəcəklər. Belə bir ucuz piar axtaranların növbəti niyyətləri də həyata keçmədi.
O.Gülalıyevin ailəsinin istəyi əsasında Heydər Əliyev Fondunun dəstəyilə onun müalicəsi İstanbulda davam etdiriləcək. Gülalıyev təcili tibbi yardım avtomobili ilə Neyrocərrahiyyə Xəstəxanasından çıxarılaraq Heydər Əliyev adına Beynəlxalq Hava Limanına çatdırılıb.
Həkimlər və tibb personalı da səfər boyunca onu müşayiət edib və vəziyyəti nəzarət altında saxlanıb. Həyat yoldaşı Firuzə Gülalıyeva da onunla birgə gedib. Həkimlər təyyarədə O.Gülalıyevin səhhətini müayinə etdikdən sonra uçuşun başlanmasına razılıq veriblər.
Hüquq müdafiəçisi O.Gülalıyevin müalicəsi üçün Türkiyədən dəvət olunan həkim onun vəziyyəti ilə bağlı açıqlama verib.
İstanbul Avrasiya Birləşmiş Xəstəxanalarının Reanimasiya şöbəsinin rəhbəri, anestezioloq və reanimatoloq Kadir Doğruer bildirib ki, Bakıya Oqtay bəyin ailəsinin istəyi əsasında Heydər Əliyev Fondunun dəvətilə gəlib: “Xəstəni müayinə etdim, əlimdən gələn köməyi etməyə hazıram. Oqtay bəyin ümumi vəziyyəti hazırda kritikdir. Beyində ciddi zədələnmə var, başqa bir problemi yoxdur. Burada zəruri olan bütün tədbirlər görülüb. Həyatı üçün təhlükə var. Beyni zədələndiyi üçün ciddi problemlər ortaya çıxa bilər. Hazırda bunu proqnozlaşdırmaq mümkün deyil.
Azərbaycanda edilən bütün tibbi müdaxilələr yerindədir. Vaxtında əməliyyat olunub və lazımi tibbi yardım göstərilib. Mənim bura gəlməyim tamamilə ailənin istəyi olub, əlimdən gələn dəstəyi verməyə çalışıram. Mən azərbaycanlı həkimlərin gördüyü işləri davam etdirəcəyəm, əlavə bir iş görməyəcəyəm.
Türkiyə ilə Azərbaycan arasında reanimasiya prosedurları baxımından fərq var. Bu prosedurların Oqtay bəyə faydası olacağını düşünürəm. Buna görə də Oqtay bəyi İstanbula aparırıq. Burada hər şey yolundadır, sadəcə, xəstə yaxınlarının tələbilə biz onu İstanbula aparırıq.
Mən burada Azərbaycan dövlətinin vəzifəli şəxsləri və Heydər Əliyev Fondunun rəhbərliyi ilə görüşdüm. Oqtay bəyə verilən dəstəkdən çox təsirləndim. Ümid edirəm ki, bu dəstəyin nəticəsi olacaq. Buna görə Heydər Əliyev Fonduna təşəkkür edirəm”.
Hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva həyat yoldaşının müalicəsinin Türkiyədə davam etdirilməsinin təmin olunmasına görə Heydər Əliyev Fonduna təşəkkür edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fondun əməkdaşları Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə olunan hüquq müdafiəçisi O.Gülalıyevin səhhəti ilə bağlı məsələləri nəzarətə götürüb və onun müalicəsi üçün lazımi dəstəyin göstəriləcəyi bildirilib. Bundan sonra Heydər Əliyev Fondundan verilən məlumata görə, O.Gülalıyevin Türkiyəyə aparılması üçün xüsusi ambulans təyyarə ayrılıb.
Bu hal O.Gülalıyevin faciəsini siyasiləşdirənlərə lazımi cavab sayıla bilərmi?
İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri (İSBAM) Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, bu hadisədən çoxları nəticə çıxarmalıdır: “Əvvəla onu qeyd edim ki, Oqtay bəyin düşdüyü vəziyyətə görə çox narahat oldum. Mən onu uzun illərdir tanıyıram. Siyasi baxışlarımızda fərqlər olsa da, onu çox tolerant və mədəni insan kimi xarakterizə edərdim. Qəzadan heç kim sığortalanmayıb. O.Gülalıyev də təsadüfi qəza nəticəsində belə vəziyyətə düşüb. Bu kadrlar yayılıb. Ancaq təəssüflə qeyd etməliyəm ki, elə həmin kadrlarla bağlı araşdırmanın nəticəsini gözləmədən, rəsmi mövqeni dinləmədən sosial şəbəkələrdə hüquq müdafiəçisinə guya sui-qəsd olub versiysaını qabartdılar. Ancaq məlum oldu ki, sükanın arxasında adi taksi sürücüsü olub və ehtiyatsızlıqdan belə bir qəza törədib. Sonra belə rəy formalaşdırmağa çalışdılar ki, guya Oqtay bəyə lazımi tibbi yardım göstərilməyib. Ancaq mən müxalif mövqeli insan kimi tanınan Adil Qeybullanın açıqlamasına baxdım. O bu versiyaları tamamilə alt-üst etdi. Hadisə baş verəndən sonra xəstəni “Semaşko” xəstəxanasına çatdırıblar. Orada ilkin yardım olunub, sonra doğmalarının istəyilə özəl xəstəxanaya köçürüblər. Səhiyyə Nazirliyinin nəzarəti altında təcrübəli həkimlər tərəfindən əməliyyat edilib. Vəziyyəti ağır olduğu üçün hələ də komadadır. Sonra isə məlum oldu ki, artıq Oqtay bəyin müalicəsini Mehriban xanım Əliyeva öz üzərinə götürüb. Mən kadrları izlədim. Oqtay bəyə çox böyük qayğı ilə yanaşılıb. Xüsusi təyyarə ilə onu Türkiyəyə yola salıblar. Türkiyədən gələn həkim də bildirib ki, burada nə lazımdırsa, o yardımı düzgün göstəriblər. Bu, ilk təcrübə deyil. Müxalif mövqeyi ilə tanınan bir neçə jurnalistin də ağır xəstəliyini məhz Azərbaycan dövləti öz üzərinə götürüb. Bu yaxınlarda Mehriban xanım eks-prezident Əbülfəz Elçibəyin evini əsaslı təmir etdirdi. Bütün bunlar sübut edir ki. Azərbaycan hakimiyyəti öz siyasi rəqiblərinə düşmən kimi yanaşmır. Bu səbəbdən də çox ağır məsələlərlə bağlı kənardan yardım gözləməkdənsə, elə öz dövlətimizə bu yöndə müraciət etmək lazımdır. Bəzi fürsətcillər də belə vəziyyətdən istifadə etməməlidirlər. Xeyriyyəçilik etmək istəyənlər üçün heç kim yolu bağlamır, buyursunlar etsinlər. Niyə reklam olunmaq üçün mövzu axtarıb, çaşqınlıq yaradırlar? Allahdan Oqtay bəyə şəfa diləyirəm. Mehriban xanıma da siyasi düşərgələr arasında körpülərin möhkəmlənməsi istiqamətində atdığı əhəmiyyətli addımlara görə təşəkkür edirəm”.
Məhəmmədəli QƏRİBLİ