Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması bu gün işğalçı Ermənistanın sosial-iqtisadi, siyasi-hərbi çöküşünü daha sürətli hala gətirməkdədir. Aydındır ki, vəziyyətin bu şəkildə davamı qarşıdakı dövrdə Ermənistanın bir dövlət olaraq mövcudluğunun davam etməsini çox ciddi sual altına alır. Bunu Ermənistanın sabiq müdafiə naziri Vaqarşak Arutyunyan da xüsusi olaraq vurğulayır: “Bizim Qafqaz regionunda əsas təhdidimiz münaqişənin yüksək səviyyəsidir”.
Keçmiş nazir qeyd edib ki, bu həm İranla, həm bu ölkə ətrafında yaranmış vəziyyətlə, həm Türkiyə ilə və əlbəttə həm də Azərbaycanla əlaqəlidir: “Hərbi doktrinada təsdiqlənmiş Ermənistan baxımından Türkiyə-Azərbaycan strateji ittifaqı bizim üçün təhlükədir. Türkiyə tərəfindən Ermənistanın mühasirəsi bu ittifaqdan irəli gələn fəaliyyətlərdən idi və müharibə elementidir”. Amma Vaqarşak Arutyunyan onu da etiraf edib ki, əslində, Azərbaycan Ermənistanı digər istiqamətlər üzrə də təkləməyə nail olub və bunun ən real təsdiqi İrəvanın müttəfiqlərsiz qalmasıdır. Sabiq nazir vurğulayır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr tərəfindən Azərbaycana silah satılması dediklərinin daha bir sübutudur: "KTMT-dən danışarkən başa düşməliyik ki, bunun əsasında bir qanun qoyulub - bizim üçün təhlükə bütün dövlətlər üçün təhlükədir. Buna görə də, bu dövlətlər hər hansı dövlətin təhlükəsizliyinə qarşı ünvanlanmış addımlar atmamalı və hərəkət etməməlidir. Lakin reallıqda tamam fərqli mənzərə görürük. Təşkilatda digər üzvlər bu gün rahatlıqla Azərbaycana silahlar satır və onlardan bizə qarşı istifadə olunur. Onlar üçün Azərbaycan Ermənistandan daha vacibdir. Beləliklə, bu cür məsələlər var, bu barədə danışılmalı və həll yolu tapılmalıdır". Vaqarşak Arutyunyan qeyd edir ki, indiki halda Azərbaycan Ermənistanın təklənməsindən istifadə edib Qarabağ məsələsində istədiyi nəticələrə daha sürətlə yaxınlaşır.
Bu mövqe erməni siyasi şərhçi Akop Badalyan tərəfindən də təsdiqlənir. O bildirir ki, Azərbaycan istədyini ya hərb, ya da danışıqlar yolu ilə alacaq. Erməni ekspert bu fonda İrəvanın güzəştlərə məcbur olduğunu da vurğulayır: “Yayılan təsəvvürə görə, bu prosesdəki “X” variantı ilə hər hansı bir həllin müzakirə edildiyi yol olmasına inanılır. Burada “güzəşt” anlayışı ortaya çıxır. Başqa sözlə, biz bir şey, azərbaycanlılar da bir şey güzəştə gedir. Bütün bunlar diplomatik ritorika səviyyəsində tətbiq edildikdə, bir sıra siyasi reallıqlar və şərtlərə görə başadüşüləndir. Reallıq budur ki, Azərbaycanın bizə verəcəyi, güzəştə gedəcəyi heç nəyi yoxdur. Güzəştə gedərək verməli olduğu öşey de-fakto olaraq artıq bizimkidir. Müvafiq olaraq, güzəştlər qeyri-bərabər olduğu üçün “qarşılıqlı” güzəşt də yoxdur. Azərbaycan öz təhlükəsizlik sistemindən heç bir şey güzəştə getmir, Azərbaycanın strateji təhlükəsizlik sistemindən faktiki olaraq Bakıya aid heç nə, heç bir şey masada yoxdur. Masadakı hər şey bizə, Ermənistana, ermənilərə aiddir və buna görə de-fakto güzəştlər, həqiqi siyasi rejimdəki güzəştlər yalnız birtərəflidir, güzəşt edən yalnız erməni tərəfidir. Çünki əlimizdəki real resursu güzəştə gedən yalnız bizik, biz əlimizdə olanı verəcəyik. Buna da məcburuq.
Ermənistanın strateji vəzifəsi danışıqların dalana dirənməsini beynəlxalq hüquqi və siyasi formata gətirmək idi, başqa sözlə, beynəlxalq hüquq çərçivəsində hərbi-siyasi regional status-kvonu formalaşdırmaq idi. Bu, əlbəttə ki, sözdə danışıqlar formatında işləmək üçün tələb olunan çox çətin bir iş idi. Bu məsələyə əbədi ritorika ilə müraciət etmək cəlbedici sayıla bilərdi, lakin bu, ümumiyyətlə geosiyasi və regional vəziyyəti qiymətləndirməmək və asanlaşdırmaq demək olardı. Azərbaycan bu durumu gördü və danışıqların dalana dirənməsinin məsuliyyətinin İrəvan üzərində olduğuna dair beynəlxalq ictimaiyyətdə mövqe formalaşdırdı. Ona görə də beynəlxalq miqyasda verilən bütün bəyanatlarda Ermənistanın mövqeyi qınandı. Nəticədə indi Ermənistan danışıqlarda nələrsə etməlidir. Yoxsa Azərbaycana savaşa başlamaq üçün heç kim mane olmayacaq”.
Bir sıra ekspertlər Ermənistanın baş naziri Nikol Paşinyanın bu mənada Qarabağ münaqişəsinə dair son fikirlərini təsadüfi saymır. Paşinyan vurğulayır ki, Ermənistanla Azərbaycan arasında olan münasibətlər daim təhlükə mənbəyidir: “Baxmayaraq ki, son ilyarımda təmas xəttində gərginlik nisbətən azalıb. Amma erməni tərəfi Qarabağda bu gün də itkilər verir. Gərginlik son bir il yarımda azalsa da, var və davam edir. Biz Qarabağ məsələsinin çözümünü tapmamışıq. Konkret bir qərarımız da yoxdur. Bir plan olan kimi bunu xalq qarşısında müzakirə edəcəyik. Lazım gəlsə, referendum da keçirilə bilər”. Baş nazir bəyan edib ki, siyasi rəqibləri Ermənistan cəmiyyətini hərbi əməliyyatların yenidən başlaması ehtimalı ilə qorxudur: “İnsanları müharibə ilə qorxutmağa başlayıblar. Konkret olaraq bu məqsədlə büdcələr qəbul edilir, təbliğat aparılır və sair”. Ukraynalı politoloq Aleksey Voronenko isə bütün bunları, xüsusən də referendum məsələsini təsadüfi saymır və çıxılmaz vəziyyətə düşən Ermənistanın Azərbaycanla barışmaqdan özgə çıxış yolunun olmadığını vurğulayır. Ekspert hətta iddia edir ki, Ermənistan hakimiyyəti artıq Azərbaycana işğal edilmiş torpaqların qaytarılması planını hazırlayıb. O, Ermənistan hökumətinin hazırda öz ictimaiyyətinə diqqətlə hər şeyi izah etməyə hazırlaşdığını bildirib. Voronenkonun sözlərinə görə, Paşinyanın Feysbukda son çıxışı bunun təsdiqidir: “Qarabağın qaytarılması planı çoxdan işlənirdi, amma indi artıq hər şey hazırdır. Təbii ki, bu planda danışıqlar, tez və ya gec, hökumət dəhlizlərini tərk etməliydi. Ermənistanın müəyyən dairələrində artıq bunu açıq şəkildə danışırlar”. Voronenko Paşinyanın son çıxışından bəzi tezislərə diqqət yetirib: “1. “Erməni tərəfi itki verir”. 2. “Ermənistan və Azərbaycan arasındakı situasiyada hər zaman təhdid olub”. 3. “Biz hələlik Qarabağın həllilə bağlı konkret plan qəbul etməmişik. Plan peyda olduğu zaman biz mütləq bu sənədi vətəndaşlarımızla müzakirə edəcəyik”. İlk iki tezis aydındır və yuxarıda deyilənləri tam təsdiq edir. Üçüncü tezis xüsusi maraq kəsb edir. Niyə gözlənilmədən Ermənistan hökumətinin rəhbəri özünün yox, hansısa plan haqqında danışır? Məsələ odur ki, bu planda şayiələr və danışıqlar, bayaq dediyim kimi, hökumət divarlarından kənara çıxıb və Paşinyana bu bəllidir. İndi o, iti küncləri hamarlamalı və ictimiyyətdə aqressiya yaratmamalıdır. Bu çıxışdan sonra yalnız “Bütün bunlar şayiədir” ifadəsi çatışmırdı” . Ekspert hesab edir ki, Ermənistan dinc müstəvidə Qarabağ məsələsinin həlli istiqamətində əməli addımlar atsa, özünü böyük problemlər məngənəsindən xilas edə, geosiyasi alət olmaq rolundan çıxa bilər. Əks təqdirdə Ermənistanı Azərbaycanla fəlakətli savaş gözləyir.
Bütün bunlar bir daha təsdiq edir ki, tənzimləmə prosesində işğalçı dövlət ideoloji, siyasi, hüquqi, iqtisadi və hərbi müstəvilərdə Azərbaycana uduzur. Digər ekspertlər də bildirir ki, Azərbaycanın iqtisadi cəhətdən qüdrətlənməsi, hərbi büdcəsinin əhəmiyyətli dərəcədə artması fonunda danışıqlar prosesində dönüşün baş verməsi qaçılmazdır. Azərbaycanın qüdrəti qarşısında işğalçı Ermənistan son dərəcə dərin sosial-iqtisadi böhran keçirir. Bölgədə gerçəkləşdirilən bütün qlobal layihələrdən kənarda qalan Ermənistan əhalisinin durumunun bundan sonra da müsbətə doğru dəyişəcəyinə heç bir ümid yoxdur. Məhz bu durumda Paşinyan iqtidarı Azərbaycanla razılaşmaqdan başqa çıxış yolu olmadığını yaxşı dərk edir.
Azərbaycan isə bəyan edir ki, Qarabağ münaqişəsinin son nəticədə danışıqlar masası arxasında, sülh yolu ilə həllini tapmasında maraqlıdır. Ancaq Bakı onu da bəyan edir ki, danışıq prosesi müddətsiz, nəticəsiz ola bilməz. Azərbaycan dövləti konstruktiv danışıqlar ruhuna sadiq olmaqla yanaşı, münaqişənin istənilən vaxt beynəlxalq hüquq çərçivəsində güc yolu ilə həllinə qadirdir. Ekspertlər bu fonda dliqqəti həm də ona yönəldir ki, Azərbaycan iqtisadi cəhətdən qüdrətlidir, regional liderdir və böyük beynəlxalq siyasi nüfuzu var. Azərbaycanın mövqeyi beynəlxalq hüquq normalarına uyğundur və beynəlxalq birlik tərəfindən müdafiə olunur. Amma bunların heç biri Ermənistan tərəfində yoxdur. Buna görə də Ermənistan özünün sonrakı addımlarını düşünməli, əks halda hansı ağır nəticələrlə üzləşəcəyinə qatlaşmalıdır. Burada Paşinyan hakimiyyəti tərəfindən indi o da aydın sezilir ki, Ermənistanın danışıqlardan qaçması onu iqtisadi cəhətdən daha sürətlə zəiflədir. Çünki bu halda artan savaş ehtimalı fonunda Ermənistanla heç kim iqtisadi əlaqələr qurmaq istəmir. Bu durumda əhali kütləvi şəkildə ölkəni tərk edir və ölkə ən əsas kapital olan insan kapitalından məhrum olur. Belə vəziyyətdə Ermənistan nəinki işğal edilmiş əraziləri, hətta öz ərazisini normal şəkildə iqtisadi, maliyyə və insan resursları ilə təmin edə bilmir. Hər halda, danışıqların dalan dirənməsi Ermənistana böyük itkilər hesabına başa gəlir və bunu İrəvanda da görürlər. Belə vəziyyət bir dövlət kimi Ermənistanın məhvini daha da sürətləndirir. Bundan xilas olmağın yeganə yolu Azərbaycanla razılığa gəlib əməli addımlar atmaqdır. Yoxsa, indiki vəziyyət Paşinyan iqtidarının da tezliklə sonunu gətirəcək.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.