Nəinki ölkə ictimaiyyətinin, eləcə də dünya birliyinin diqqət mərkəzində olan Mərkəzi Seçki Komissiyasının (MSK) fəaliyyəti davamlı olaraq müzakirə olunur.
Bildiyimiz kimi, hazırda ölkəmizdə ciddi kadr və struktur dəyişiklikləri baş verir, bu istiqamətdə islahatlar həyata keçirilir. Bu islahatlar MSK-da da müşahidə edilməyə başlayıb. Belə ki, Rövzət Qasımov MSK sədrinin müavini seçilib.
Qeyd edək ki, R.Qasımov 21 ildir MSK-da çalışır. 1998-2011-ci illərdə Beynəlxalq əlaqələr şöbəsinin, 2011-ci ildən isə MSK Katibliyinin müdiri olub. Onun MSK-nın beynəlxalq əlaqələrinin qurulmasında müstəsna xidmətləri olduğu vurğulanır.
MSK-da baş verən kadr dəyişiklikləri sözsüz ki, diqqəti çəkir. Məlumdur ki, indiyə qədər Azərbaycanda keçirilən seçkilərin nəticələri ilə bağlı bəzi beynəlxalq təşkilatların, eləcə də radikal müxalifətin qərəzli fikirlərinin şahidi olmuşuq. Onlar əsassız olaraq MSK-nın seçkini saxtalaşdırdığını və s. iddia ediblər. Heç şübhəsiz ki, bunlar həqiqəti əks etdirməyib. Onu da vurğulayaq ki, qarşıdan ölkəmiz üçün çox mühüm olan bələdiyyə seçkiləri gəlir və bu proses zamanı da MSK-nın fəaliyyəti diqqət mərkəzində olacaq.
MSK-da baş verən kadr dəyişiklikləri növbəti seçkilərin beynəlxalq aləmdə və ölkə daxilində imicində və tanınmasında nə kimi rol oynayacaq?
“Elə beynəlxalq qurumlar var ki, həmişə Azərbaycana qarşı qərəzli bəyanatlar verir, seçkilərin nəticələrinə qeyri-obyektiv yanaşırlar”
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİA) Seçki Qərargahının rəhbəri, professor Məhərrəm Zülfüqarlı MSK-da baş verən kadr dəyişikliklərini şərh edərkən “Bakı-Xəbər”ə bildirdi ki, MSK-da bu prosesin başlaması gələcəkdə ölkəmizdə keçirilən seçkilərin beynəlxalq aləmdə və ölkə daxilində müsbət imicdə tanınmasında, qəbul edilməsində mühüm rol oynayacaq. R.Qasımovun MSK sədrinin müavini vəzifəsinə seçilməsini uğurlu bir kadrın bu prosesə cəlb edilməsi kimi qiymətləndirən M.Zülfüqarlı hesab edir ki, yeni sədr müavininin beynəlxalq aləmlə əlaqələri çox möhkəmdir. M.Zülfüqarlının sözlərinə görə, onun bu vəzifəyə seçilməsi seçkilərin obyektiv, qərəzdən uzaq qiymətləndirilməsinə səbəb olacaq. “Mən Rövzət müəllimi uzun illərdir tanıyıram, biz paralel iş aparırıq. Bilirsiniz ki, bir neçə ildir Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Seçki Qərargahına rəhbərlik edirəm. Ona görə də bizim MSK ilə birbaşa əlaqələrimiz olur. Hər hansı bir məsələ baş verəndə MSK-ya müraciət edirik və məsələ öz həllini tapır. Hesab edirəm ki, R.Qasımovun bu vəzifəyə seçilməsi uğurlu kadr seçimidir. O, əvvəllər MSK-nın beynəlxalq şöbəsinə rəhbərlik edib, sonra aparat rəhbəri olub. Rövzət müəllim bu sahədə peşəkar, təcrübəli kadrdır. Belə bir kadrın belə yüksək vəzifəyə seçilməsi MSK-nın işini daha da gücləndirəcək. Gənc kadrdır və işləmək üçün böyük enerjisi var. R.Qasımov MSK-nın beynəlxalq şöbəsinin müdiri vəzifəsində işləyərkən beynəlxalq təşkilatlarla işi əlaqələndirirdi. Bilirsiniz ki, elə beynəlxalq qurumlar var ki, həmişə Azərbaycana qarşı qərəzli bəyanatlar verir, seçkilərin nəticələrinə qeyri-obyektiv yanaşırlar. Onlardan biri də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosudur. Mən özüm şəxsən həmişə onların qapalı iclaslarında iştirak edirəm. Bu işi bilən adam kimi R.Qasımov həmin beynəlxalq qurumlarla yeni münasibətlərin qurulmasında mühüm rol oynaya bilər. Çünki o bu işi yaxşı bilir. Ümumiyyətlə, MSK-da başlayan kadr islahatları Azərbaycanda keçirilən seçki prosesləri ilə bağlı qərəzli fikirlər bildirən beynəlxalq təşkilatların və bəzi daxili qüvvələrin bundan sonra keçiriləcək seçkilərin nəticəsini tanımasına, obyektiv qiymətləndirməsinə səbəb olacaq. Bu qurumda başlanan kadr islahatlarının nəticəsi müsbət qiymətləndirilir”.
M.Zülfüqarlı hesab edir ki, qeyri-hökumət təşkilatları da öz fəaliyyətləri ilə hər zaman MSK-nın fəaliyyətinə dəstək verəcəklər. Onun fikrincə, kadr dəyişiklikləri MSK-nın keçirdiyi seçkilərin beynəlxalq imicinə də müsbət təsir göstərəcək.
İradə SARIYEVA