Erməni lobbisinin uzun illərdən bəri Avropa ölkələrində mövcud olan dayaqları artıq laxlamağa başlayır. Zaman-zaman Fransa hökumətinə, eləcə də buradakı siyasi qüvvələrin fəaliyyətinə nüfuz etməyi bacaran erməni lobbisi ölkədə Azərbaycan əleyhinə bir sıra işlərin görülməsinə nail ola bilmişdi.
Lakin son dövrlər Fransada ermənilərə qarşı bir soyuqluq olduğu müşahidə edilməkdədir. Bildiyimiz kimi, uzun illər erməni yalanlarının qol-qanad açdığı Fransada ermənilərin əleyhinə qərarlar da qəbul edilib. Buna misal olaraq işğal altında olan Azərbaycan şəhərləri ilə Fransanın bəzi şəhərlərinin qardaşlaşmasını ifadə edən “xartiya”nın bu ölkənin məhkəmələri tərəfindən ləğv edilməsini göstərə bilərik. Bildiyimiz kimi, indiyə qədər Fransa məhkəmələri 10 belə “xartiya”nın ləğv edilməsi barədə məhkəmə hökmü çıxarıb. Bu prosesin ardınca isə ermənilərin əleyhinə başqa hadisələr baş verib. Məlum olduğu kimi, bir neçə gün əvvəl Fransada nəşr edilən ermənidilli qəzetin redaksiyasına basqın edilib, onun ardınca isə bu ölkədə fəaliyyət göstərən erməni kolleci basqına məruz qalıb. Şübhəsiz, erməni mediası bu bsaqınların həyata keçirilməsində ənənəvi olaraq türkləri ittiham edir. Lakin müşahidələr və rəsmi məlumatlar bunun əksini göstərir.
Fransa məhkəmələrinin Azərbaycanın xeyrinə çıxardığı 10 məhkəmə hökmünün ardınca Fransada ermənidilli qəzetə və kollecə basqınlar edilməsi erməni lobbisinin bu ölkədə dayaqlarının laxlaması, öz nüfuzunu itirməsi kimi xarakterizə edilə bilərmi?
“Artıq Fransa cəmiyyətində ermənilərin dayaqları laxlayır”
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə bildirdi ki, artıq erməni yalanları mexanizmi dünyada get-gedə öz işləkliyini itirir. R.Zeyni hesab edir ki, ermənilərin dünya çapında törətdikləri terror hadisələri, eləcə də Azərbaycan torpaqlarına təcavüz etməsi, illərdir bizim torpaqları işğal altında saxlaması artıq Avropaya məlumdur. Onun sözlərinə görə, bu səbəbdən də artıq erməni lobbisi Avropada öz gücünü itirməkdədir. “Biz uzun illərdir deyirdik ki, nə zamansa dünya erməni yalanları haqqında həqiqətləri biləcək və bilməlidir. Bu istiqamətdə Azərbaycan dövlətinin, ölkə Prezidenti cənab İlham Əliyevin, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın gördüyü işlər, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın həyata keçirdiyi “Xocalıya ədalət” beynəlxalq kampaniyası çox mühüm yer tutur. Eyni zamanda, erməni yalanlarının dünyada ifşa edilməsi ilə bağlı qeyri-hökumət təşkilatlarının, soydaşlarımızın, alimlərin, kütləvi informasiya vasitələrinin yaydıqları həqiqətlər nəhayət ki, dünyanın kar olmuş qulaqlarına çata bildi. O cümlədən, Fransada bu reaksiya doğurmalı idi. Bilirsiniz ki, yüz illər boyu ermənilərin Fransada çox güclü dayaqları formalaşıb. Hələ Miteranın dövründə Eduard Polledül erməni lobbisinin dəstəyilə baş nazir vəzifəsinə gəlib çatmışdı. Özü də milliyyətcə erməni idi. Bu arada tanınmış erməni müğənnisi Şarl Aznavurun da erməni lobbisinin güclənməsi istiqamətində gördüyü işləri yada sala bilərik. Həm erməni lobbisi ona dəstək verirdi, həm də o, erməni lobbisinin güclü dayağına çevrilmişdi. Ümumiyyətlə, Fransa hökumətində ermənilərin dayaqları möhkəmdir, amma artıq Fransa cəmiyyətində ermənilərin dayaqları laxlayır, ictimaiyyət erməni yalanları haqqında həqiqətləri eşitdikcə, onlardan adekvat reaksiyalar gözlənilən idi. Biz bunu illərdir gözləyirdik ki, Fransa ictimaiyyəti, cəmiyyəti erməni yalanlarını bildikdən sonra işğalçı, terrorçu, yalançı, saxtakar, böhtançı ermənilərə qarşı öz mövqeyini bildirəcək. Artıq Fransa ictimaiyyəti özü erməni saxtakarlıqları haqqında həqiqətləri bildikcə, ermənilərdən yaxa qurtarmağa, xilas olmağa başlayıb. Dünyada da ermənilərin yalanları artıq yerimir, işləmir. Atalarımız deyir ki, yalan ayaq tutar, amma yeriməz. Lakin erməni yalanları uzun illər dünyada ayaq tutub yeridi”.
R.Zeyni qeyd etdi ki, uzun illər erməni lobbisinin apardığı yalan təbliğat sayəsində müxtəlif dövlətlər, parlamentlər qondarma “erməni soyqırımı”nı tanıyıb, Azərbaycanın işğal altında olan şəhərləri ilə “qardaşlaşma sənədləri” imzalayıblar. Uzun illər Azərbaycan həqiqətlərini eşitmək istəməyən Fransada Azərbaycanın xeyrinə çıxarılan məhkəmə hökmlərinin və ermənilərin kollecinə, qəzetinə basqın edilməsinin şahidi olduğumuzu deyən R.Zeyni hesab edir ki, bu baş verməli idi. “Hesab edirəm ki, ermənilərin qəzetinə və kollecinə basqınların edilməsi Fransa cəmiyyətinin erməni yalanlarına etirazının əlamətidir. Fransa cəmiyyəti bu yalanlarla bağlı artıq hərəkətə gəlib. Bu onu göstərir ki, Fransa cəmiyyətində artıq buzlar əriməyə başlayıb. İnanıram ki, qısa müddət ərzində Fransa ictimaiyyətində bu məsələlər həll oluna bilər, haqq-ədalət öz yerini tutar. Ümid edirəm ki, analarımızın ahı yerdə qalmayacaq. Erməni təcavüzü nəticəsində heç bir günahı olmayan Azərbaycan xalqı müharibəyə cəlb edildi, torpaqlarımız işğal olundu, 1 milyondan çox qaçqınımız var, eyni zamanda, erməni terroru, işğalı bu gün də davam edir. Hesab edirəm ki, Fransa ictimaiyyəti də erməni yalanlarından can qurtarıb artıq bu məsələyə qiymət verməkdədir” - deyə R.Zeyni vurğuladı.
İradə SARIYEVA