Artıq bir neçə gündür ölkə siyasəti çalxalanır. Ölkədə ciddi islahatlara start verilib. Bu mənzərə bizə deməyə əsas verir ki, ölkədə həm struktur, həm də kadr islahatları paralel şəkildə aparılır. Xüsusilə də ağırçəkili məmurların istefaya göndərilməsi və mühüm dövlət qurumlarının vahid ələ yığılması islahatların dərin mahiyyət daşıdığına şübhə yeri qoymur.
Hakimiyyətin “ağır artilleriyası” kimi xarakterizə olunan məmurları: Ramiz Mehdiyev, Hacıbala Abutalıbov, Əli Həsənov artıq postlarından istefaya göndəriliblər. Bundan bir neçə gün əvvəl isə ölkəyə yeni Baş nazir və müavini təyin edildi.
Bu miqyasda islahatların aparılması ölkədə ciddi dəyişikliyin başladığını və yeni dönəmə start verildiyini şərtləndirir. Bu yeni dönəm bizim üçün nə vəd edir?
Aydın Quliyev: “MSK-da vəzifə yeniliyini dəyişikliklərin icra sistemindən parlamentə keçid pilləsi kimi də başa düşmək olar”
“Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyevin sözlərinə görə, Azərbaycanda, həqiqətən, əvvəlki mərhələlərdən fərqli əlamətlər görünməyə başlayıb: “Təbii ki, söhbət dövlət idarəçiliyindən, kadr siyasətindən, illərlə sanki toxunulmazlıq statusu almış müəyyən iqtisadi problemlərə əsl müharibə elan edilməsindən gedir. Budəfəki kadr dəyişiklikləri cəmiyyətdə və iqtidarda daha çox rezonans doğurub. İlk dəfədir nisbətən geniş miqyasda kadr və struktur islahatlarının fasiləsiz aparıldığını görürük. İqtisadi sektorun problemlərinə yanaşmada kəskin yeniliklər var. Neqativ işlərlə məşğul olan məmurlara mesajlar daha konkret oldu. Həm biznes aləminə qanunsuz müdaxilə edərək inhisarçılıq və haqsız rəqabət yaradan məmurlara kəskin mesajlar var, həm də reket media ilə birləşərək islahatçı kadrlar kimi təqdim olunan şəxsləri şantaj edən məmurların çevrəsi göstərilir. İndiyə qədərki kadr islahatlarının çərçivəsindən kənarda qala bilən bəzi məmurların dəyişdirilməsi də başlanmış mərhələyə yeni keyfiyyət verən amildir.
Prezident ilk dəfə idi ki, həqiqətən işləmək, islahat aparmaq istəyən məmurlara təxminən “yaxşı işlədiyiniz, prinsipial və güzəştsiz fəaliyyət göstərdiyiniz həddə qədər əlim sizin çiyninizdədir” kimi mesaj verirdi. Bu çox mühüm hadisədir. Bu mesaj Mikayıl Cabbarovu qəbul edərkən verilsə də, bəlli kateqoriyadan olan hər bir məmur ondan özünə pay götürə bilər. Prezident xüsusilə iqtisadi sektorda mümkün təxribatların zərərsizləşdirilməsində hüquq-mühafizə orqanlarına güvəndiyini bir daha açıq söylədi. “Artıq məndən tapşırıq alıblar” sözləri elə bu deməkdir”.
Aydın Quliyevin sözlərinə görə, yeni dövrün əlamətlərindən biri də Prezidentin təyinat almış və yola salınmış məmurlarla açıq söhbətlər aparmasıdır: “Bu da yeni üsuldur. Yola salınan məmurlar fəaliyyətlərinə görə təşəkkür alır, yeni təyin olunan məmurların isə əsas vəzifələri ona açıq şəkildə deyilir. Həm də bu söhbətlərin ictimaiyyət üçün açıqlanmasının başqa mənası var. Əsas odur ki, bu üsul yeni təyinat almış məmurların şəxsən Prezident qarşısında məsuliyyətinə həm də ictimaiyyət qarşısında məsuliyyət hissini əlavə edir. İkiqat artan məsuliyyətin effekti, təbii ki, çox olmaq şansına malikdir.
Kadr siyasətinin bir xüsusiyyəti də dövlətdə orta yaş kadrlarının böyük xüsusi çəkisini saxlamaq şərtilə, çox yaşlıların sayının minimuma endirilməsi hesabına gənc kadrlara daha geniş yol açmaqdır. Prezidentin bu xüsusda balansı saxlamaq niyyətləri aydın görünür. Həqiqətən də çox yaşlıları, xüsusən də yaşı 80-ə yaxın olanları yavaş-yavş hörmətlə sakit həyata yola salmaqla, gənc kadrları irəli çəkməklə bərabər, orta yaş təmsilçiləri olan kadrların da xüsusi çəkisini qorumaq çox vacibdir, dünya praktikasında da bu amilə xüsusi diqqət verilir. Prezidentin son kadr islahatlarında orta yaş dövrü kadrları ilə bağlı müəyyən mütərəqqi niyyətlər də özünü göstərir. Prezident əla dedi ki, kiçik və orta sahibkarlar bütün inkişaf etmiş ölkələrdə iqtisadi uğurların əsas təminatçısıdır. Bu məntiqə söykənərək onu da deyək ki, orta yaş dövrü kadrlar istənilən hakimiyyət komandasının uğurlarının əsas şərtlərindən biridir”.
Baş redaktor hesab edir ki, son kadr və struktur dəyişiklikləri həqiqətən yeni mərhələnin əlamətlərini göstərir: “Həm də hələlik icra hakimiyyəti sistemində yeniliklər başlayıb. Oxşar kurs parlament sistemində də aparılandan sonra yeni dövrün mənzərəsi tam şəkil alacaq və hamı, həqiqətən, yeni dövrün başladığına tərəddüdsüz inanacaq. İctimai rəy kadrlar məsələsində dəyişmələrin parlamentə qədər davam etdirilməsini istəyir. Subyektiv fikir ola bilər, ancaq şəxsi müşahidələrimə görə, ictimaiyyət parlamentin tək yaşlılar korpusunda yox, hətta gənclər korpusunda da müəyyən korreksiyalar aparılmasını gözləyir.
MSK-da vəzifə yeniliyini dəyişikliklərin icra sistemindən parlamentə keçid pilləsi kimi də başa düşmək olar”.
Qabil Hüseynli: “Artıq yeni dönəmə start verilib”
Politoloq Qabil Hüseynli də qəzetimizə bildirdi ki, aparılan struktur və kadr islahatlarını yeni dönəmin başlanğıcı kimi xarakterizə edir: “Gec də olsa, geniş kadr və struktur islahatlarına start verildi. İslahatlar aparılırdı, ancaq bu miqyası əhatə etmirdi. Prezidentin özü də çıxışında deyir ki, bundan sonra bütün diqqət ölkədə qeyri-neft sektoru və ağır sənayenin inkişafına yönələcək. Hər bir ölkənin ayaq üstə dayanması üçün mütləq ağır sənayenin inkişafına nail olunmalıdır. Sovet dövründən qalma böyük sənaye müəssisələri vardı. Həmin zaman biz SSRİ-nin neft akademiyası adlanırdıq. Təxminən 60-a qədər neft maşınqayırması üzrə zavod vardı. Həmin zavodlar demək olar ki, çalışmır. Biz neft ölkəsiyik, burada neft maşınqayırması inkişaf etməlidir. Köhnə zavodları işə salmalıyıq. Bununla yanaşı, kadr islahatlarını da ciddi və şəffaf aparmaq lazımdır. Prezidentin öz siyasi iardəsidir ki, estafet gənclərə verilsin. İş başına gətirilənlərin yalnız yaşı nəzərə alınmamalıdır. Eyni zamanda, onların əqidəsi, Vətənə bağlılığına önəm verilməlidir. Biz islahatların real nəticəsini kənd təsərrüfatı və qeyri-neft sektorunda hiss edirik. Hesab edirəm ki. paralel şəkildə aparılan struktur və kadr islahatları idarəetməni təkmilləşdirəcək və ciddi irəliləyişlərə aparacaq. Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksək olmalıdır. Biz elə mərhələyə çatmalıyıq ki, özümüzə lazım olan bütün malları ölkədə istehsal edək. Buna bizim potensialımız var. Hesab edirəm ki, aparılan islahatlar buna gətirib çıxaracaq. Sözsüz ki, proseslər ona doğru getməkdədir. Artıq yeni dönəmə start verilib”.
Məhəmmədəli QƏRİBLİ