Məlum olduğu kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Fərman imzalayıb.
Nəticədə Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib. Fərmanla İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilib.
İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının yeni əsasnamələri təsdiq edilənədək onlar öz fəaliyyətlərini mövcud əsasnamələri əsasında davam etdirəcəklər.
Prezidentin sərəncamı ilə Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin olunub. Bu münasibətlə onu qəbul edən Prezident kifayət qədər ciddi fikirlər səsləndirib: “Mən sizi İqtisadiyyat naziri vəzifəsinə təyin edirəm. Bu, çox məsuliyyətli vəzifədir. Əlbəttə, Azərbaycan iqtisadiyyatının bundan sonra qeyri-neft sektoru hesabına inkişafı bizim əsas prioritetimizdir. Bizim iqtisadiyyatımız dayanıqlı olmalıdır. İndiki iqtisadi artım templəri məni qane etmir. Düzdür, kənd təsərrüfatı 7 faizdən çox, qeyri-neft sənayesi 15 faizdən çox artıb. Bu, çox müsbət hallardır. Ancaq biz elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün bundan sonra da çox ciddi islahatlar aparılmalıdır”.
Üş mühüm qurumun bir əldə birləşdirilməsi bizə hansı yenilikləri vəd edə bilər?
“İdarəetmənin optimallaşmasına səbəb olan bu qərardan biz yalnız müsbət nəticələr gözləyə bilərik”
“Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, aparılan islahatların möhkəm bünövrəsi var və bu təsadüfən meydana gəlməyib: “Cənab Prezident sonuncu dəfə keçirilən ölkə başçısı seçkilərindən sonra Milli Məclisdəki andiçmə mərasimində geniş bir nitqlə çıxış etdi. Həmin nitqində ölkə başçısı keçən dönəmin təhlilini verdi və gələcək prioritetlərdən söz açdı. Ölkə başçısı məhz həmin çıxışda bizi gözləyən inqilabi islahatların anonsunu verdi. Cənab Prezident xalqla birbaşa təmasda olanda və müxtəlif formatlarda olan çıxışlarında verdiyi sözlərin ardıcıl icrası həyata keçirilib. Bu bir daha göstərir ki, ölkə başçısı planlı və düşünülmüş şəkildə öz siyasətini yürüdür. Bunun da nəticəsi bizim gözümüzün önündədir. Təbii ki, qarşıda ölkənin daha da güclü inkişaf etdirilməsi durur. Bunun üçün mütləq islahatlar lazımdır. Biz bunu bütün sahələrdə görürük. Çox sevindirici haldır ki, islahatlar mərhələli şəkildə aparılır. Bir neçə nazirliyin və qurumun vahid əldə cəmləşməsi də zərurətdən irəli gəlib. Bu, idarəetmənin güclənməsinə, vahid mərkəzdən yönləndirilməsinə səbəb olacaq. Biz görürük ki, həyata keçirilən islahatlara həm də cəmiyyətin böyük dəstəyi var. İdarəetmənin optimallaşmasına səbəb olan bu qərardan biz yalnız müsbət nəticələr gözləyə bilərik. Biz əvvəl də belə addımların atıldığına şahidlik etmişik. Bir-birini təkrarlayan qurumların ləğvi və ya vahid əldə birləşməsi yalnız müsbət nəticələrə səbəb olub. Sonuncu addımlar da bizim sosial inkişafımız və rifahımızın yüksəlməsi üçündür. Əminəm ki, struktur islahatları ilə kadr islahatlarının paralel aparılması daha çox yenilik, çevikliyə və müsbət dəyişikliyə gətirib çıxaracaq. Biz “Resurs” Analitik İnformasiya Mərkəzi olaraq bu islahatların müəyyən sosial qruplarda doğurduğu reaksiyaları analiz etmişik. Maraqlı nəticələr ortaya çıxıb. Atılan addımlar əhali arasında yüksək inama səbəb olub”.
Məhəmmədəli QƏRİBLİ